İllər bir-birini yola saldıqca evlərimizdəki,
iş yerlərimizdəki təqvimlər də dəyişir. İndi mobil telefonlarda belə bir funksiya
olduğundan, bəlkə də kimlərsə daha kağız təqvimə ehtiyac görmür.
Amma bu sətirlərin müəllifi üçün hər il kağız
təqvim almaq, yaxud dostların, yaxınların bağışladıqları hədiyyəlik təqvimləri məmnuniyyətlə
qəbul edib göz önündə saxlamaq xoş bir ömür ənənəsidir.
Ələlxüsus, divardan asılıb hər gün bir yarpağı
üzülən, kitabça şəklində olanlarını çox sevirəm... Bu cür təqvimlər, nədənsə, bir
az da uşaqlığımı xatırladır. Onları vərəqlədikcə xəyal düşüncələrimi alıb uzaqlara
aparır...
Təqvimi vərəqləyirəm...
Aylar, həftələr, günlər, onları işarələyən
rəqəmlər bir-bir gözlərim önündən keçir. Ömürlər, talelər, uğurlar, çətin sınaqlar
bu rəqəmlərdə birləşir. Elə bilirəm ki, dünyadakı bütün insanların ömür kitabını
oxuyuram. Həqiqətən, bu vərəqlərdə bir-birini əvəz edən rəqəmlərin arxasındakı insan
talelərinə, həyat mənzərələrinə nəzər salsaq, təqvimlərin dünyanın ən maraqlı kitabları
olduğunu görərik.
Təqvimdə bizim üçün adi olan elə günlər var
ki, başqasından ötrü ömrünün ən əlamətdar tarixidir. Bəzənsə, təqvimin hansısa vərəqi
tək bir fərdin deyil, bütöv xalqın həyatında yeni bir səhifə açır. Konkret bir gün
adi zaman faktından kənara çıxmaqla milyonlarla insan üçün tarixi dəyərə çevrilir.
Bəzən bu günlər heç təqvimdə xüsusi fərqləndirilməsə
də, onun mahiyyəti yaddaşlarda yaşayır, ictimai düşüncədə öz yerini tutur.
O xalq xoşbəxtdir ki, onun milli dövlətçilik
tarixində yeni-yeni dönəmlərə körpü salan belə günlərin sayı çoxdur. Deməli, o xalq
ayaqdadır, inkişafa doğru yoluna davam edir, yeni-yeni nailiyyətləri ilə tarix yaradır.
Təqvimin ayrı-ayrı günləri bu nailiyyətlərini simvollaşdıran yeni tarixlərə çevirir.
***
21 fevral günündən yazmaq istərdim...
2 il əvvələ qədər bu gün dünyadakı əksər
insanlar kimi, bizim üçün də Beynəlxalq Ana Dili Günü olaraq əlamətdar idi.
2017-ci ilin 21 fevralındən bəri isə bu gün milli dövlətçilik tariximizin parlaq
hadisələrindən biri ilə də yeni məzmun qazanıb.
21 fevral 2017-ci il...
Nəcib əməlləri ilə adını insanların qəlbində
sevgi, mərhəmət, xeyirxahlıq, ədalət simvoluna çevirmiş Mehriban xanım Əliyeva həmin
gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu...
Bu təyinat misalında Azərbaycan insanının
daha bir ümummilli arzusu reallaşdı...
Milli dövlətçilik tariximiz yeni bir başlanğıca
qədəm qoydu...
Mən hər dəfə Mehriban xanım Əliyeva haqqında
düşünəndə XV əsrdə yaşamış Sara Xatun yadıma düşür. Yazdığım "İki şah, iki sultan”
romanı - trilogiyasında ən baş obrazlardan
biri Sara Xatun obrazıdır. Sara Xatun ərazisi 3 milyon kvadrat-kilometr olan
Ağqoyunlular Azərbaycan dövlətinin yaradıcısı və hökmdarı Uzun Həsənin anasıdır.
Müdrik, ağıllı ana və Şərqin ilk böyük diplomat
qadınıdır. O, dövlət işlərinin idarə olunmasında
oğlu Uzun Həsənə həmişə yardımçı olub.
Qəribə bir oxşarlıq!..
Hər iki xanım dövlət işlərinin idarə olunmasında
əvəzsiz xidmətlər göstərir. Əlbəttə, biri XV əsrdə, o biri isə XXI əsrdə...
Tarix
necə də təkrarlanır?
Biri "İki şah, iki sultan” əsərinin qəhrəmanı, o biri isə "Missiya” kitabının
qəhrəmanı...
Azərbaycanın möhtəşəm iki xanımı, xatunu...
***
2017-ci il ərzində Azərbaycanın həyatında
çox hadisələr baş verib. Çox uğurlar əldə olunub. Amma tarixi mahiyyəti etibarilə
bunların heç biri Prezident İlham Əliyevin məlum təyinat qərarı ilə müqayisə edilə
bilməz.
Bilirəm ki, aradan illər, qərinələr, bəlkə
də əsrlər keçəcək, gələcək tarixçi nəsilləri müasiri olduğumuz bu dövrün ictimai
ovqatını, siyasi mənzərəsini digər sənədli mənbələrlə yanaşı, həm də qəzet səhifələrindəki
bu yazılar vasitəsilə canlandırmağa çalışacaqlar.
Cəmi iki il əvvəlin hadisələrini öz gündəlik
həyatında yaşamış müasir oxucularımızdan çox, gələcək nəsillərə bələdçilik üçün
2017-ci ilin fevralına qısaca ekskurs etmək istərdim.
***
...Onda ölkə köklü islahatlar, böyük dəyişikliklər
dövrünə daxil olmuşdu. 2016-cı ilin sentyabrında ümumxalq referendumu keçirilmiş,
Azərbaycan Respublikasının Konstitusiyasına mühüm dəyişikliklər edilmişdi. Bu dəyişikliklərdən
biri də respublikamızda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, çevik
idarəetmə mexanizminin formalaşdırılması üçün Birinci vitse-prezident və vitse-prezident
vəzifələrinin təsis olunmasından ibarət idi.
Belə bir yeniliyi, heç də təsadüfi saymaq
olmazdı. Bu, dünyanın əksər sivil ölkələrində tətbiq olunan və zamanla özünü doğrultmuş
təcrübə idi. Dövlət idarəçiliyində daha səmərəli fəaliyyət üsullarının tətbiqi,
vətəndaşlar qarşısında dövlətin öhdəliklərinin keyfiyyətli icrası, effektiv icraçılıq
mexanizminin qurulması baxımından vitse-prezidentlik institutu başqa ölkələrdə uğurla
sınaqdan çıxıb.
Azərbaycanda da vitse-prezidentlik institutunun
təsisindən sonra insanların xüsusilə Birinci vitse-prezident vəzifəsinə təyin ediləcək
şəxsin kimliyinə böyük ümidləri vardı. Bu vəzifənin kimə həvalə ediləcəyi, demək
olar ki, hər kəsi maraqlandırırdı.
Birinci vitse-prezident öz şəxsiyyəti, fərdi
keyfiyyətləri, bacarıq və qabiliyyəti, ona göstərilən ictimai rəğbətlə elə bir insan
olmalı idi ki, xalqın etimad mənbəyinə çevrilə bilsin. Həyata keçirilən islahatların
öz məqsədlərinə çatması, xalqın dəstəyi ilə müşayiət olunması bu vəzifəyə təyin
olunacaq şəxsin uğurlarından çox asılı görünürdü.
Və Azərbaycan cəmiyyəti bu keyfiyyətləri
yalnız bir şəxsiyyətdə tapa bilirdi. Birinci vitse-prezident üçün vacib sayılan
xüsusiyyətlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO
və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyat və fəaliyyətində
bütünlüklə əks olunmuşdu. Onun ictimai obrazına tam uyğun gəlirdi. Buna görə də
insanlar bu vəzifədə məhz Mehriban xanımı görmək istəyirdi. Ən layiqli namizəd gözündə
məhz onu görürdü...
***
Bu, insan xarakterindən irəli gələn məqamdır...
Hər birimiz ümumilikdə ölkənin, xalqın mənafelərini əsas götürdüyümüz qədər xarakter
etibarilə müəyyən qədər də fərdiyyətçiyik. Nə qədər çalışsaq belə, bu insani duyğudan
qaça bilmərik.
Ona görə də istənilən vətəndaş hansısa vəzifəyə
konkret şəxsin təyin olunmasını arzulayanda ilk növbədə, öz faydalarını düşünür.
Əlbəttə, bu cür təyinatların ictimai faydaları öz yerində, bunlar sonrakı mərhələlərdə
ümumun rəyi əsasında formalaşır, sıravi vətəndaşı ən birinci maraqlandıran isə fərd
olaraq özünün məlum yenilikdən əldə edəcəyi üstünlükdür.
Məsələn, onu birinci maraqlandırır ki, görəsən,
bu təyinatın onun yaşadığı şəhərin, kəndin yollarının abadlaşmasına nə təsiri olacaq?
Özünə asanlıqla iş tapa biləcəkmi? Övladının oxumaq arzusu yerinə yetəcəkmi? Hansısa
dövlət idarəsinin qapılarında bundan sonra onun dərdini daha həssaslıqla dinləyəcəklərmi?
Dara düşəndə dövlət adına dərhal köməyinə yetişənlər olacaqmı? Xəstəsinə, köməksizinə
həyan olan tapılacaqmı?
Azərbaycan Prezidentinin vətəndaşların həyatının
yaxşılaşdırılması üçün imzaladığı sənədlərin, irəli sürdüyü vəzifələrin vaxtında
və keyfiyyətlə yerinə yetirilməsindən ötrü icraçı məmurlar bundan sonra daha məsuliyyətlə
çalışacaqlarmı? Başları üzərində daha ciddi nəzarət, hesabatlılıq, vətəndaşlar üçün
faydalı bir nəticə ortaya qoymaq tələbi hiss edəcəklərmi?
Bu mənada Azərbaycan cəmiyyətinin Mehriban
xanım Əliyeva şəxsiyyətinə münasibəti birmənalı idi. O, bu mərhələyə qədər əsasən
ictimai məzmun kəsb edən fəaliyyətinin, nəcib əməllərinin başdan-başa Azərbaycan
insanına xidmət etməkdən ibarət olduğunu, onun həyatının yaxşılaşdırılmasına, rifahına
xidmət etdiyini təsdiqləmişdi.
Rəhbərlik etdiyi Heydər Əliyev Fondu insanlar
üçün ümid ünvanına, pənah qapısına çevrilmişdi. İnsanlar burada onlara necə həssas,
qayğıkeş münasibət göstərildiyini görürdülər, tamam yeni bir münasibətə şahid olurdular.
Görürdülər ki, Mehriban xanımın irəli sürdüyü və icrasına şəxsən nəzarət etdiyi
layihələr necə uğurlu alınır, yüksək effekt verir, dəyərlər yaradır.
Görürdülər ki, Mehriban xanım necə böyük
təşkilatçılıq qabiliyyətinə malikdir. Çoxlarına mümkünsüz görünən işləri peşəkar
komanda işinin gücü, zəki menecer təfəkkürü ilə qısa müddətdə mümkünə çevirməyi
bacarır.
Ona görə də vətəndaşlar Mehriban xanıma daha
geniş səlahiyyətlərin verilməsini arzulyırdılar.
Bu mənada, Prezident belə bir təyinatla,
əslində, xalqın sosial sifarişini yerinə yetirdi. Hər zaman olduğu kimi bu dəfə
də xalqın arzularına sayğı göstərdi.
***
Mehriban xanım Əliyeva bu ağır dövlətçilik
məsuliyyəti yükünü üzərinə götürməklə vətəndaşların ondan yeni gözləntilərini doğrultmaq
əzmini, niyyətini, xalq üçün gördüyü işlərin əhatəsini daha da genişləndirmək istəyini
ifadə etdi.
Əslində, görkəmli ictimai xadim olaraq Mehriban
xanımın özünün belə bir yüksək təyinata sırf fərdi mənada ehtiyacı yox idi. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı kimi o, bu yeni vəzifəsinə qədər də kifayət qədər
yüksək statuslar daşıyırdı. Həyata keçirdiyi genişmiqyaslı layihələrlə cəmiyyət
həyatında yaxından iştirak edirdi. Nəcib əməlləri ilə bütün dünyada tanınırdı. Sıravi
insanlardan tutmuş, dünya liderlərinə qədər hər kəs onun şəxsiyyətinə böyük hörmətlə
yanaşırdı.
Ona görə də Birinci Vitse-prezident vəzifəsi
Mehriban xanım Əliyeva üçün əlavə iş həcmi və böyük məsuliyyət deməkdir...
Amma bu, təyinat zamanın tələbi idi...
Bu seçim uzun illərdən bəri ölkəmizin, eləcə
də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Mehriban Əliyevaya
ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən irəli gələn təyinat olmaqla
yanaşı, eyni zamanda, belə həlledici mərhələdə islahatlar prosesinə böyük dəstək
ola biləcək bacarıqlı təşkilatçı, yüksək səriştəli menecer kimi onun peşəkar imkanlarından
dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gəlirdi.
Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti
vəzifəsinə təyinat hər cəhətdən xalqın ürəyindən xəbər verən siyasi bir yenilik
kimi tarixə yazıldı.
***
Təhlükəsizlik Şurasının 21 fevral 2017-ci
ildə keçirilən iclası zamanı Mehriban xanımı Birinci vitse-prezident kimi şura üzvlərinə
və ümumilikdə cəmiyyətə təqdim edərkən Prezident İlham Əliyev onun ən müxtəlif sahələr
üzrə uğurlu fəaliyyətindən söz açaraq demişdi:
"Bu çoxşaxəli fəaliyyət, eyni zamanda ümumi fəaliyyət mənim bu qərarı qəbul etməyimdə
əsas rol oynayıb. Həmçinin qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli,
təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfi
deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım
amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında
yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli
töhfəsini verəcək”.
***
Cənab Prezident zənnində heç zaman yanılmır...
Bu təyinat respublikamızda aparılan islahatların
məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığa qapı açdı. Bu reallığın xarakterini
və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, ölkənin
Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri,
Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə
cəmiyyətimizə, ümumən bəşəriyyətə verdiyi töhfələr əks etdirir.
İstənilən yüksək vəzifəli şəxsin təyinatdan
sonrakı ilk addımı onun prioritetlərinin, amallarının aynasıdır. Əlbəttə, ilk sözü
burada bir qədər şərti səciyyə daşıyır. Çünki ilklər sırasında cəmi bir addımın
da adını çəkmək mümkündür, fəaliyyətin birinci mərhələsində görülən yüzlərlə işi
də sıralamaq olar.
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci
vitse-prezidenti kimi atdığı ilk addımlara gəlincə isə o, yeni vəzifəsinin icrasına
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, eləcə də 2016-cı ilin
Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin yüksək texnologiyalı protezlərlə
təmin edilməsindən başlandı.
Bununla da göstərdi ki, o, cəmiyyət üçün
ən ağır görünən problemlərin üstünə gedəcək. Sosial məsələlər hər zamankı kimi bundan
sonra da onun üçün əsas olacaq. Onun rəhbərliyi ilə yerinə yetirilən layihələrin
təsirini vətəndaşlar öz gündəlik həyat və məişətlərində birbaşa şəkildə duyub hiss
edəcəklər.
***
Artıq təqvimdə 2019-cu ilin 21 fevralıdır...
Aradan 2 il müddət ötüb. Tarix kimi yanaşanda
o qədər də böyük müddət sayılmaz. Amma bu 2 il Azərbaycan həyatında böyük bir tarix
kimi yaşanıb, əslində... Qısa müddətdə ölkə və cəmiyyət həyatında o qədər böyük
dəyişikliklər baş verib ki, əgər bunlar reallıq kimi ortada olmasaydı, onların hər
biri üçün, bəlkə də onilliklərin lazım gəldiyini düşünərdik.
Bu iki ildə çox şeylər dəyişib... Azərbaycan həyatında müsbətə doğru çox hadisələr
baş verib və bu dəyişikliklər günü bu gün də davam etməkdədir.
Dəyişməyənlərsə, Prezidentin qarşıya qoyduğu
milli hədəflərdir. Bu hədəflərə münasibətdə göstərdiyi prinsipiallıqdır. Azərbaycanın
uğur yoludur. Xalqla hakimiyyətin vəhdətidir. İnsanlarımızın cənab İlham Əliyev,
Mehriban xanım Əliyeva şəxsiyyətinə dərin rəğbətidir...
Ölkənin və xalqın maraqlarının daim üstün
tutulması, xeyirxahlıq, mərhəmət, insanlara sevgi onlar üçün bir həyat normasıdır...
Birinci vitse-prezident kimi Mehriban xanım
Əliyevanın fəaliyyətini də bu norma müəyyənləşdirir. O, Azərbaycana xidmət edərək
üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Əsl vətəndaşlıq nümunəsi ortaya
qoyur.
Mehriban xanım Əliyeva bütün cəhətləri ilə
xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir,
gördüyü işlərlə xalqın istəklərini yerinə yetirən, insanların arzularından gəlmiş
uğurlu, parlaq simadır.
Güman ki, dünya ədəbiyyatı XXI əsr tarixinin
belə parlaq qadın şəxsiyyətlərinin obrazını yaratmaqdan ötrü nə vaxtsa onların ömürlüyünə
müraciət edəcək. Onların ümumilikdə bəşəriyyətə həsr edilmiş həyat və fəaliyyətinin
xarakterik cizgilərini üzə çıxarmağa çalışacaq.
Mehriban xanım çağdaş dünyamızda, Qərb və
Şərq düşüncəsinin dialoqunda təkcə özünü deyil, həm də Azərbaycan dövlətini, Azərbaycan
qadınlarını, türk və islam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından
iştirak edən qabaqcıl dünya qadınlarını, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət,
elm xadimlərini, anaları, birinci xanımları təmsil edən ümumiləşmiş obraz kimi hər
zaman maraq doğuracaq.
***
O, ölkənin birinci xanımı, milli dövlətçilik tariximizdə birinci xanım institutunun
yaradıcısıdır. Dövlət rəhbərinə ən yaxın vətəndaşdır, Prezidentin ən çox güvəndiyi
insandır, xalqla ölkə başçısı arasında mənəvi körpüdür.
Dövlət rəhbərlərinin həyat yoldaşlarının
birinci xanım adlandırılması ənənəsi sivil cəmiyyətlərdə çoxdan var. Amma əksər
ölkələrdə onların çoxu kölgədə qalmağı üstün tutur. Ölkənin problemlərindən, idarəçilik
sisteminin ağır məsuliyyətindən kənar duraraq sakit, rahat həyatı üstün tutur. Bəziləri
isə əsasən, xarici səfərlər zamanı gözə dəyir, cəmiyyət arasında nadir hallarda
görünürlər.
İctimai-siyasi həyatda fəal iştirak, sosial
problemlərin yükünə çiyin vermək, ömür-gün yoldaşına bu sahədə də dəstək olmağa
çalışmaq Mehriban xanımın öz seçimidir. Başqa cür yəqin ki, ola bilməzdi. Çünki
onun ömrünü, taleyini, özünün də bir zamanlar müsahibələrində söylədiyi kimi, dərk
edilmiş məsuliyyət hissi idarə edir.
Ona görə də Mehriban xanım həyat və insanlar,
ölkənin taleyüklü problemləri ilə bağlı kiminsə məsuliyyət daşımasının gərək olduğu
hər yerdədir.
Bu qeydləri qələmə alarkən, onun müxtəlif
illərə aid fotolarını nəzərdən keçirirəm. Bu fotolar fərqli zamanlarda, ayrı-ayrı
məkanlarda çəkilib. Amma hamısında insanlar var, hadisələr var, ya təməli qoyulan,
ya icrası davam etdirilən, ya da artıq başa çatmış işin nəticələri var.
Mehriban xanım həmişə insanlar arasındadır,
hadisələrin mərkəzindədir...
Və bu, adama qətiyyən təəccüblü gəlmir. Mehriban
Əliyevanın birinci xanım missiyasına yanaşması zərurət, yaxud görüntü kimi nəzərə
çarpmır. Sanki elə belə də olmalıymış. Çünki bütün bunlar onun təbiətindən, xarakterindən
doğur. Onun üçün həyatının mənası Vətənə, xalqa və insanlara xidmətdədir. Sərhəd
tanımayan humanizmdədir, xeyirxahlıqdadır, insanpərvərlikdədir...
Mehriban xanım kifayət qədər çətin və məsuliyyətli
olan ictimai-siyasi statuslarını sadə insanların problemlərinin həllindən ötrü bir
fürsət kimi dəyərləndirir. Birinci vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra
onun "Rossiya 1” telekanalının "Vesti nedeli” proqramına müsahibəsini xatırlayırsınızmı?
Həmin müsahibəsində Mehriban xanım deyirdi: "Mən Prezidentin etimadını, ən başlıcası
isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.
O, qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən
gələ biləcəyinə inanır. Çünki Azərbaycan insanı da ona inanır...
Və Mehriban xanımda belə bir əminliyi yaradan
o inamın ruhudur...
Sadə insanların
ona olan sevgisidir...
***
Tanrı bir
dövlət adamı üçün mühüm olan ən mühüm keyfiyyətləri bu zərif, nəcib xanımdan əsirgəməyib.
Dövlət adamı
humanist olmalıdır. Mehriban xanımın necə böyük qəlbə, yüksək humanizm hissinə sahibliyini
illərdən bəridir ki, görə-görə gəlirik. Hələ Milli Məclisin deputatı olarkən irəli
sürdüyü amnistiya təşəbbüsləri əsasında minlərlə insan ömrün ən dəyərli nemətinə
- azadlığa qovuşub.
O, minlərlə
şəxsə öz yanlışlarından nəticə çıxarıb həyatlarını yenidən qurmaq şansı verib. Mehriban
xanım o şəxsiyyətlərdəndir ki, istənilən kəsin əgər belə şans verilərsə, yaxşı biri
olmaq gücünə inanır. Nəcib əməlləri ilə, yaratdığı nümunələrlə insanların qəlbindəki
işığı üzə çıxarmağa çalışır. Onun dünyaya, həyata baxışının mərkəzində insan dayanır.
Gördüyü bütün işlər insan üçündür. Atdığı hər bir addım insanın rifahına yönəlib.
Onun üçün
insanlıq da elə başqa insanlara münasibətdir, onların hisslərinə şərik çıxmaqdır,
sevgi, mərhəmət göstərməkdir. İnsan üçün ən dəhşətlisi isə biganəlik və laqeydlikdir:
"Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı
qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə, bu, həmişə
doğru yoldur”.
Bir dövlət
adamı üçün ən mühüm cəhətlərdən biri də enerjili olmaqdır. Rəhbərliyi ilə həyata
keçirilən çoxşaxəli layihələr, bu layihələrin hər birinə nəzarət, gün ərzində təşkil
olunan görüşlər, müzakirələr, tədbirlər, ayrı-ayrı yerlərə baş çəkib işlərin icrası
vəziyyətini şəxsən diqqətdə saxlamaq, hər gün çoxsaylı problemlərin həllinə kömək
ümidi ilə üz tutan yüzlərlə vətəndaşın müraciətlərinə baxılması, üstəlik, xarici
səfərlər və bir Azərbaycan xanımı kimi ailədəki isti mühitin qorunması, övladlara,
sevimli nəvələrə vaxt ayırmaq Mehriban xanımın tükənməz enerjisindən xəbər verir.
Bu enerjinin
mənbəyi isə sevgidir...
O, gördüyü
bütün işlərə qəlbinin sevgisini qatır. Başqaları üçün nəsə xeyirli bir iş görməyin
yaratdığı məmnuniyyət duyğusundan güc alır. Ona görə Mehriban xanım bu qədər uğurludur,
güclüdür, enerjilidir.
***
Yüksək intellekt,
geniş dünyagörüşü dövlət adamının zinətidir. Bunu insana bəxş edənsə kitablardır,
insanın körpəlikdən əhatə olunduğu mühitdir.
O, ən dəyərli
əşyaların kitablardan ibarət olduğu evdə göz açıb. Atası - akademik Arif Paşayevin,
anası - görkəmli şərqşünas alim - professor Aida xanım İmanquliyevanın, babaları
- böyük ədibimiz Mir Cəlal Paşayevin, jurnalistikada çoxlarının ustadı olmuş unudulmaz
- Nəsir İmanquliyevin zəngin kitabxanalarının əhatəsində böyüyüb...
Bu ocaqların
işığına tez-tez toplaşan dövrün tanınmış ziyalılarının söhbətləri mühitində boy
atıb. Akademik Zərifə xanım Əliyeva kimi bir Azərbaycan qadınına gəlin olub. Ümummilli
lider Heydər Əliyevin ocağında belə bir siyasət nəhəngindən dövlətçilik dərsi alıb,
ondan görüb-götürüb, cəmiyyət həyatına, ictimai-siyasi proseslərə baxışları ondan
əxz edilmiş təcrübə əsasında formalaşıb.
İnsan hətta
orta məktəb təhsili almasaydı belə, bu cür mühitdə yetişmək bir neçə universitetin
məzunu olmağa bərabər idi... Mehriban xanımın dərin intellekti, elitar zövqü, xalqımızın
soykökünə bağlılığı, ölkədə və dünyada baş verənləri düzgün təhliletmə qabiliyyəti,
təmkini, kitaba, elmə, mədəniyyətə sevgisi bu mühitdən gəlir.
***
Dünyada insanlığın
da, dövlətçiliyin də, ictimai inkişafın da təməlində dayanan bir ali keyfiyyət var:
ədalət...
Əgər cəmiyyətdə
ədalət meyarları qorunarsa, o cəmiyyəti inkişaf yolundan heç bir maneə saxlaya bilməz.
Adillik insana xas ən gözəl duyğudur. Mehriban xanımın şəxsiyyətində nəzərə çarpan
əsas xüsusiyyətlərdən biri də məhz onun adilliyidir. Məsələlərə ədalət prizmasından
yanaşmasıdır. Haqqı-nahaqqın ayağına verməməsidir. Hər kəs üçün bərabər imkanlar
mühitinin yaradılmasına çalışmasıdır.
Belə bir yanaşma,
şəxsən bir vətəndaş olaraq bu sətirlərin müəllifi üçün həyati əhəmiyyət kəsb edir.
O qədər də az olmayan həyat təcrübəmin anlatdığı bir həqiqət var ki, heç bir cəmiyyət
yalnız varlılardan, yaxud kasıblardan ibarət ola bilməz. Çünki insanların işləmək
əzmi, nailiyyətlərə can atmaq istəyi, biliyi, qabiliyyəti, potensialı fərqlidir.
Bu fərq onların həyatında fərqli də nəticələr yaradacaq. Əsas olan o əzmin formalaşması,
o biliyin, qabiliyyətin əldə olunması və hər insanın malik olduğu potensialın reallaşdırılmasından
ötrü imkanların hər kəsə bərabər şəkildə verilməsidir. Onda cəmiyyət də irəli gedəcək,
dünya da indikindən daha gözəl olacaq, insanlar da əsrlərdən bəri can atdıqları
xoşbəxtliyə qovuşacaqlar.
Mehriban xanım
belə bir cəmiyyətin olmasını istəyir...
Belə bir dünyanın
qurulmasını arzulayır...
Və bundan
ötrü bir dövlət adamının görə biləcəyi bütün işlərin zəhmətini çəkir...
Onun təhsil
məsələlərinə göstərdiyi xüsusi diqqətin, fəaliyyətinin mühüm bir qismini gənc nəslin
təlim-tərbiyəsi işinə ayırmasının səbəbi budur. Çünki hər kəsin bərabər imkanlara
sahib olduğu ədalətli cəmiyyətin formalaşdırılması işi uşaq bağçalarından, məktəblərdən,
balacalara aşılanan müasir bilik və bacarıqlardan başlanır.
***
Başqalarının
halından anlamaq, özünü digərlərinin yerinə qoya bilmək, onların problemlərini duyub
hiss etmək nəciblikdir. İstənilən insanda bu keyfiyyət Tanrının gözəl bir lütfü
sayıla bilər. Qayğı, mərhəmət, həssaslıq ondan başlanır. Dövlət xadimində isə bu
keyfiyyətlər insanların ona olan sevgisinin əsas qaynağıdır. Əgər belə bir keyfiyyət
yoxdursa, o sevgi də olmayacaq.
Prezident
İlham Əliyevin və Mehriban xanım Əliyevanın sadə insanlarla mütəmadi görüşlərini
əks etdirən reportajları izləyirəm, vətəndaşlarla söhbətlərin məzmununa diqqət yetirirəm,
bu görüşləri fotoların yaddaşında əbədiləşdirməkdən ötrü telefonların imkanlarından
yararlanıb onlarla özçəkim edən insanların - cavanın, yaşlının, uşağın, böyüyün,
kişinin, qadının sevinc dolu çöhrələrinə nəzər salıram...
Hamımız kimi
bu insanların da hərəsi bir eldən, bir evdən gəlib, hamımız kimi onların da hərəsinin
bir dərdi, qayğısı, dövlət qurumlarından müəyyən gözləntiləri, umacaqları var...
Amma bu şəkillərə
düşən sevgidir, rəğbətdir, birgəlik hissidir, bütün problemlərin belə bir birgəliyin
gücü ilə aradan qaldırıla biləcəyinə və zaman-zaman həqiqətən aradan qaldırıldığına
güclü inam hissidir...
Mehriban xanım
Prezidentimizin gördüyü işlərə davamlı dəstəyi ilə, həyata keçirilən siyasətə töhfələri
ilə bu inamı daha da qüvvətləndirir, xalq-dövlət münasibətlərinə pozitiv ruh gətirir.
Onun səmimiyyəti,
sadə insanlarla arada bürokratik sədlər qoymaması, stereotiplərdən uzaqlığı hər
zaman böyük rəğbət doğurur. Rəhbərin mütləq quru, vəzifə adamının sərt insan olması,
idarəçiliyin yalnız bu şəkildə mümkünlüyü barədə əsrlərdən bəri formalaşmış fikirlə
o, heç zaman razılaşmır və hesab edir ki, bunlar yanlışdır...
Müsahibələrindən
birində bu barədə düşüncələrini bölüşərkən demişdi: "Düşünürəm ki, rəhbərin mütləq
quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli - bəli,
prinsipial - bəli, iradəli - bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim
üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca
getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki
onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan
və elan edilənlər həqiqətən, baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər
şeyi görürlər, hər şeyi anlayırlar”.
Və bu məqamdan
Mehriban xanımın xarakterinin ən ümdə, aparıcı xüsusiyyəti başlanır. Bu, vətənpərvərlikdir,
vətənə, torpağa, millətə sonsuz məhəbbətdir.
Bu hiss parlaq
bir xətt kimi onun bütün fəaliyyətindən keçir və ulu öndər Heydər Əliyevin "Xalqın,
vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” düşüncəsi, Mehriban xanımın
da həyat və fəaliyyətində öz ifadəsini tapır.
Təqvimə baxıram...
Aylar, həftələr,
günlər, onları işarələyən rəqəmlər 21 fevral tarixinin ardınca da sıralanıb gedir. Düşünürəm ki, nə vaxtsa bu günlər də həyatımızda bir keçmişə çevriləcək. Dünya üçün də, Azərbaycan üçün bir tarix olacaq...
Və bir anlıq
mənə elə gəlir ki, gələcəyin bələdçisi olan o rəqəmlərin hər birinə 21 fevral kimi
tarixi günlərimizdən mütləq işıq düşəcək...
Cənab İlham
Əliyev, Mehriban xanım Əliyeva kimi şəxsiyyətlərimiz Azərbaycanın bundan sonrakı
hər gününü o rəqəmlərə yeni bir dövlətçilik nailiyyətimizlə yazacaqlar...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-publisist