Prezident İlham Əliyevin respublikamızın uğurları ilə bağlı BMT tribunasından bəyan etdiyi həqiqətlər dünya üçün müsbət təcrübədir
BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən Prezident İlham Əliyevin səfər qrafiki olduqca zəngin olub. Dövlətimizin başçısının Nyu Yorkda ayrı-ayrı dövlətlərin liderləri, o cümlədən biznes dairələrinin təmsilçiləri ilə keçirdiyi görüşlər respublikamızın siyasi əlaqələri, iqtisadi maraqları baxımından mühüm əhəmiyyət kəsb edib. Sentyabrın 25-də isə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.
Azərbaycan 1992-ci ildə BMT-yə üzv olduqdan sonra bu təşkilatın tribunasından diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib. 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında, 1995-ci ildə isə təşkilatın 50 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak edən Ulu Öndər bu qurumun yüksək kürsüsündən mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında bir daha diqqəti Qarabağ probleminə yönəldərək demişdi: "Bu təcavüzün gedişində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, etnik təmizləmə aparmış və bir milyon azərbaycanlını öz doğma yerindən-yurdundan zorla qovub çıxarmışlar. Bununla əlaqədar BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin pozulmasını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Ancaq Təhlükəsizlik Şurasının qərarları 1993-cü ildən bu günə qədər hələ də kağız üzərində qalmaqdadır".
Respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad olunmasını öz fəaliyyətinin prioritet istiqaməti kimi müəyyən edən Prezident İlham Əliyev BMT sessiyalarında çıxışı zamanı diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəldib. İlham Əliyev BMT Baş Assambleyasının müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib - 2003-cü ildə Azərbaycanın Baş naziri, 2004, 2010 və 2017-ci illərdə isə Prezidenti kimi. Bununla yanaşı, Prezident İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda çıxış edib. Cənab İlham Əliyev bu mötəbər platformanın tribunasından etdiyi hər bir çıxışında Ermənistanın işğalçı siyasətini ifşa edib.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının məzmunu isə əvvəlkilərdən fərqli idi. Öncə onu qeyd edək ki, dövlətimizin başçısı tək BMT-nin deyil, bütün beynəlxalq təşkilatların tədbirlərində artıq müharibədə qalib gələn lider, öz dövlətinin ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan kimi iştirak edir. Yəqin ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən dövlət və hökumət başçıları arasında ədaləti savaşaraq təmin edən, bu gün isə yenə də öz dövlətinin şərtləri əsasında sülhü yaradan lider tapmaq mümkün deyil. Buna nail olan yalnız İlham Əliyevdir. Azərbaycan Prezidenti gərgin və ziddiyyətli beynəlxalq münasibətlər şəraitində öz dövlətinin maraqlarını təmin etməyin nümunəsini yaradıb. Ona görə dövlətimizin başçısına bütün beynəlxalq tədbirlərdə həm də qalib lider kimi böyük ehtiram göstərilir.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında qeyd etdi ki, uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb. Bu dəfə isə dövlətimizin başçısı dövlətimizi qələbəyə və sülhə aparan yoldan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışdı.
Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldı. Ermənistanın bu işğalı nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal çıxarılması ilə bağlı tələblər kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu münaqişənin həllindən uzaq oldu. Beynəlxalq hüquq Azərbaycanın yanında olsa da, Minsk qrupu öz fəaliyyəti ilə problemin dondurulmasına çalışdı.
2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, beynəlxalq hüquqa, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslandı. Prezident İlham Əliyevin BMT tribunasından bəyan etdiyi kimi, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
Prezident İlham Əliyev mötəbər tribunadan müharibənin başa çatmasından sonra Azərbaycanın təşəbbüsləri ilə başlanan sülh prosesinin gedişi ilə də bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsü ilə başlayan və 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən sülh sazişi layihəsinin mətni üzrə danışıqlar prosesi müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Xatırladaq ki, bu il avqustun 8-də Vaşinqtonda sülh sazişi layihəsinin mətninin paraflanması, Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun açılması barədə razılığın əldə olunması, sentyabrın 1-dən Minsk prosesinin və əlaqədar strukturların bağlanması göstərir ki, torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyev həm də regionda sülhü bərqərar edir.
Prezident İlham Əliyev çıxışında Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə başlanmış genişmiqyaslı yenidənqurma proqramından bəhs etdi. Yerlə yeksan edilmiş kənd və şəhərlərimizin yenidən qurulduğunu, Böyük qayıdış proqramı çərçivəsində artıq 50 mindən çox insanın azad edilmiş torpaqlarda yaşadığını, işlədiyini, təhsil aldığını dünya liderlərinin diqqətinə çatdırdı.
Eyni zamanda Ermənistanın işğalı dövründə yerləşdirdiyi minaların köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törətdiyi, 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçinin mina partlayışları nəticəsində həlak olduğu və ağır yaralandığı, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyinin xüsusi diqqət və tədbir görülməsini tələb etdiyi BMT tribunasından beynəlxalq ictimaiyyətə bəyan olundu.
Dövlətimizin başçısının Azərbaycanın digər uğurları ilə də bağlı söylədikləri hər bir soydaşımızda qürur doğurdu. Prezident İlham Əliyevin Azərbaycanın 14 dövlətə təbii qaz ixracı, ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsi, respublikamızda yoxsulluğun və işsizliyin tarixi minimum həddə - 5 faizə endirilməsi, xarici borcumuzun ÜDM-in cəmi 6,5 faizini təşkil etməsi, valyuta ehtiyatlarımızın xarici borcumuzdan təxminən 16 dəfə artıq olması, bərpaolunan enerjiyə keçid kimi nailiyyətlərimiz barədə dedikləri Azərbaycanın yüksəlişi və inkişafı ilə bağlı qlobal təəssüratları yenilədi.
Prezident İlham Əliyev dərinməzmunlu çıxışında Azərbaycanın öz haqqı uğrunda mübarizəsinin, dövlətimizin milli məqsədlərinə doğru getdiyi yolun mükəmməl təsvirini verdi. Hansı ki, bu mübarizə bir çox dövlətlərin haqsızlıqlara məruz qaldıqları bir şəraitdə müsbət təcrübədir, mükəmməl nümunədir, alternativi olmayan yol xəritəsidir. Bu təcrubəni isə Azərbaycan paylaşmağa hazırdır: "Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".
Azərbaycan müstəqillik tarixində enişlərdən, yoxuşlardan keçib. Xüsusən torpaqlarımızın azadlığı uğrunda gedən yolda haqsızlıqlar, ədalətsizliklər, ikili standartlar ilə üzləşib. Lakin sonunda ədalət zəfər çalıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur".
Prezident İlham Əliyevin dövlətimizin baxışlarının aydın olduğunu bildirdi. Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq Azərbaycanın vizyonudur. Ona görə Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmağa çağırdı.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"