12 Avqust 2022 01:27
709
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatının davamlı inkişafı elmi əsaslara söykənməlidir

 

Qlobal problemlərin, o cümlədən iqlim dəyişikliklərinin kəskinləşdiyi, təbiətə antropogen təsirlərin intensivləşdiyi, ərzaq və şirin su qıtlığı təhlükəsinin Damokl qılıncı kimi dünyanın başı üzərindən asıldığı bir dövrdə Azərbaycanda qeyri-neft sektorunun prioritet sahəsi olan və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Ölkədə kənd təsərrüfatının və aqrar-sənaye kompleksinin modernləşdirilməsinin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu sahələrə xüsusi diqqət göstərilmişdir. Təsadüfi deyildir ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə bu istiqamətdə gördüyü işlərin, atdığı addımların hər biri mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixinə yazılmışdır.
Ulu Öndərin strateji xəttini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə etdiyi çıxışlarda, verdiyi fərman və sərəncamlarda müasir texnologiyaların tətbiqi ilə ənənəvi və qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması, müxtəlif bitki məhsulları, xüsusilə taxıl üzrə idxaldan asılılığın azaldılması, bunun üçün isə məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, hər bir regionun təbii xüsusiyyəti və torpaq-iqlim şəraiti nəzərə alınmaqla ixtisaslaşmanın aparılması, dünya standartlarına uyğun kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşdırılması, torpaq və su ehtiyatlarının səmərəli idarə olunması, kənd təsərrüfatının elektronlaşdırılması, yerlərdə loqistika problemlərinin həlli kimi məsələlər bütün kəskinliyi ilə qoyulmuş, ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunması milli hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.
Bu sahələrə Prezident cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında da geniş yer vermişdir. Dövlət başçısı çıxışında dünyada ərzaq qıtlığı və inflyasiya problemlərinin yaşandığı indiki dövrdə Azərbaycanın özünü ərzaqlıq buğda ilə ən azı 70-75 faiz təmin etməsini vəzifə olaraq qarşıya qoymuşdur. Bu vəzifənin icrası üçün isə müasir metodların tətbiqi ilə yüksək məhsuldar və keyfiyyətli, stres amillərinin təsirinə davamlı buğda sortları yaradılmalı, suvarma suyu, suvarma sistemləri, gübrələr və bu kimi digər məsələlərin həllinin axtarışı, torpaqlardan istifadənin səmərəliliyinin artırılması üzrə tədqiqatlar intensivləşdirilməlidir.
Prezident dəfələrlə bəyan etmişdir ki, "hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır". İnamla qeyd edə bilərik ki, həm ölkədə mövcud olan elmi-texniki və texnoloji potensial, həm normativ-hüquqi baza, həm bioloji, iqlim, su və torpaq resursları, həm də dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial və s. texnologiyalar, elmi cəhətdən əsaslandırılmış çoxsaylı dövlət proqramlarının uğurla həyata keçirilməsi bu strategiyanın reallaşdırılmasına, qeyd edilən yüksək hədəflərin əldə edilməsinə, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına tam təminat verir.
Bu baxımdan kənd təsərrüfatı məhsulları ilə təminat sahəsində problemlərə kompleks və məqsədyönlü yanaşma, istehsal sisteminin inkişafına, şirkətlərə və fermerlərə dövlətin real dəstəyinin təmin olunması istiqamətində atılan addımlar sırasında Prezidentin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanı növbəti mühüm addım kimi xüsusi qeyd edilməlidir. Fərmanda göstərilir ki, son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir.
Yeni beynəlxalq münasibətlər və qlobal problemlərin güclənməsi şəraitində dünyanın ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla Azərbaycanda mövcud resursları səfərbər etməyə imkan verən yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə məhsulun keyfiyyətinin artırılmasına nail olunması fərmanın əsas məqsədlərindəndir. Fərman milli kənd təsərrüfatı istehsalı sisteminin dinamik və proporsional inkişafı üçün yeni dəstək tədbirlərinin planlaşdırılması, təşkili və əlaqələndirilməsinin mühüm istiqamətlərini əhatə edir. 
Sözsüz ki, bu mühüm sənədin icrası nəticəsində ərzaqlıq buğda üzrə ölkənin idxaldan asılılığının müəyyən dərəcədə azaldılması mümkün olacaqdır. Bununla yanaşı, dövlət başçısı tərəfindən dəqiq müəyyənləşdirilmiş yüksək məqsədlər baxımından ölkədə biologiya və aqrar elmlər qarşısında ən qısa zamanda həlli vacib olan bir sıra problemlər qalmaqda davam edir. Ölkə üçün həyati əhəmiyyət daşıyan bu problemlərin uzunmüddətli, davamlı və dayanıqlı həllinə nail olmaq üçün isə ilk növbədə Azərbaycanda kənd təsərrüfatının və aqrar elmin mövcud vəziyyətinin real qiymətləndirilməsi istiqamətində lazımi təhlillər aparılmalı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi daha geniş və əhatəli şəkildə öyrənilməlidir. Daha sonra nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturu, orta və uzunmüddətli prioritetləri və inkişaf perspektivləri, onların reallaşdırılması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələri müəyyənləşdirilməli, idarəetmə və koordinasiya sisteminin konturları yenidən işlənilməlidir.
Son illər Azərbaycanda aqrar sahə ilə bağlı elmi-tədqiqat sisteminin modernləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, tədqiqat müəssisələrinin maddi-texniki və elmi potensialının yüksəldilməsi, kadr resursları və informasiyanın dünya standartları səviyyəsinə qaldırılması hələ də günümüzün tələbləri baxımından problem olaraq qalır. Bu məsələ xüsusilə elmi potensial baxımından ciddi şəkildə özünü göstərir. Məlumdur ki, ölkədə mövcud olan bir sıra tədqiqat və təhsil müəssisələri geniş modernləşdirmə prosesinə cəlb edilmiş, bina və qurğuları yenidən qurularaq müasir avadanlıq və cihazlarla təmin olnmuşdur. Lakin kadr potensialının zəifliyi onlardan istifadənin səmərəliliyini çox aşağı səviyyədə saxlayır.
Bu gün Azərbaycanın ərazisinin 
4,5 milyon hektarını təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahələri insanın səriştəsiz fəaliyyəti, meliorasiya qurğularının mənəvi və fiziki cəhətdən köhnəlməsi nəticəsində müxtəlif dərəcədə erroziyaya, şorlaşmaya və şorakətləşməyə uğramışdır. Hələ də suvarma sularından və ümumən, şirin su mənbələrindən səmərəsiz istifadə olunur, ölkə ərazisində əsasən xaricdən gətirilən bir sıra hallarda mənşəyi şübhəli olan bitki sortlarının və F1 hibridlərinin toxum və digər əkin materialları becərilir. Kifayət qədər ciddi xarakter daşıyan bu və digər aktual problemlərin əsaslı həllinə olan böyük ehtiyac isə proseslərdə elmin iştirakını, o cümlədən kənd təsərrüfatının və aqrar elmin idarəçilik sisteminə yenidən baxılaraq onun optimallaşdırılmasını, ən müasir yanaşmalar və metodikalarla fundamental və innovativ-tətbiqi elmi araşdırmaların dərinləşdirilməsini, dəyişən mühitə davamlı, yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik stres amillərinin təsirinə davamlı bitki sortları və heyvan cinslərinin, mütərəqqi torpaqyaxşılaşdırma, suvarma, becərmə və inteqrir bitki mühafizəsi texnologiyalarının transferi, öyrənilməsi, yaradılması və tətbiqini, bioloji, iqlim, torpaq, su və s. resurslardan səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanması və daim təkmilləşdirilməsini, ümumən, aqrar sahənin elmi təminatının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində modernləşdirilməsini, elmi-təşkilati, elmi-texniki, metodoloji, hüquqi və s. addımların atılmasını tələb edir.
Mandatları aqrar sahənin problemlərinə istiqamətlənmiş tədqiqat müəssisələri dövlətin və özəl sektorun sifarişləri əsasında dövrün yüksək tələblərinə cavab verən elmi mövzular, proqramlar üzrə iş aparmalıdır, real nəticələrin əldə edilməsi üçün isə bu mövzular adekvat maliyyə resursları, maddi-texniki və texnoloji baza ilə təmin edilməli, kadr hazırlığı gələcək ehtiyaclar da nəzərə alınmaqla gücləndirilməli, yüksəkixtisaslı, müasir biliklərə və dünyagörüşünə yiyələnmiş gənc alimlərin karyera inkişafı stimullaşdırılmalıdır. Bu mənada elm, təhsil və istehsalatın effektiv inteqrasiyasına nail olunması, ali və orta ixtisas təhsili müəssisələrinin, elm mərkəzlərinin modernləşdirilməsi, ali və doktorantura təhsilinin səviyyəsinin mütəxəssislərə olan ehtiyacların strateji baxımdan dəqiq müəyyənləşdirilməsi ilə dövrün tələblərinə uyğun yüksəldilməsi vacibdir. Bu gün həm dərin nəzəri, həm də tədris-elm-təcrübə, tədqiqat-tətbiq-yayım zəncirlərinin bütün halqalarına uyğun biliklərə, tədqiqatçı bacarıqlarına, konkret ixtisaslar üzrə texniki vərdişlərə yaxşı yiyələnmiş kadrlara böyük ehtiyac vardır. Bu kadrların həmçinin layihə idarəetməsi, kompüter texnologiyaları, xarici dillər üzrə də lazımi səviyyədə bilik və bacarıqları olmalıdır.
Müvafiq sahələr üzrə güclü kadr, texniki və texnoloji potensialın yaradılması və bununla da 4-cü sənaye inqilabının nailiyyətlərini ehtiva edən ən müasir avadanlıq və toxuma kulturası metodikalarının istifadəsi ilə gen redaktəsi, molekulyar seleksiya, molekulyar biotexnologiya, genom və postgenom, nano, bio və rəqəmsal texnologiyaların tətbiqi üzrə tədqiqatların aparılması və nəticələrinin tətbiqi üçün nə mümkünsə edilməlidir. 
Kənd təsərrüfatı istehsalı ilə bağlı elə biznes modeli işlənib hazırlanmalıdır ki, onun metodiki vasitələri texnologiyaların və sortların sahibi olan elmi-tədqiqat institutlarını, toxumçuluq şirkətlərini, məhsul istehsalçılarını və istehlakçıları vahid zəncirdə əhatə etməklə elm və biznes arasında əməkdaşlığın təsərrüfatlara təsirlərini təsvir etməyə və qiymətləndirməyə, boşluqları aşkar edərək aradan qaldırmağa imkan yaratsın.
Bütün bunları həyata keçirmək üçün dünyanın əksər inkişaf etmiş ölkələrində mövcud olan "elm holdinqləri" modelləri təcrübəsindən yararlanmaq mümkündür. Kənd təsərrüfatının gələcəyi iri kənd təsərrüfatı müəssisələrinin və şaquli inteqrasiya olunmuş aqrar-sənaye təşkilatlarının formalaşmasını və inteqrasiyalı fəaliyyətini tələb edir. Bu prosesə həm müvafiq ali təhsil ocaqları, həm elmi müəssisələr, həm də iri kənd təsərrüfatı şirkətləri cəlb edilməli, onların funksional baxımdan yaxınlaşaraq birgə fəaliyyət göstərməsi stimullaşdırılmalı, qüvvələrin birləşdirilməsinə münbit şərait yaradılmalıdır.
Deyə bilərik ki, Prezident İlham Əliyevin Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı verdiyi fərman və sərəncamların səmərəli icrasına nail olunması üçün müvafiq elm və təhsil sahələrində düşünülmüş struktur, optimal idarəetmə və əlaqələndirmə islahatlarının aparılması və ya davam etdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, əlaqədar biologiya və aqrar elmlərin innovasiya potensialının gerçəkləşdirilməsi, prioritet tədqiqat istiqamətləri üzrə baza, proqram-məqsədli və müsabiqəli maliyyələşdirmənin optimal mexanizmlərinin tapılması və tətbiqi mühüm rol oynaya bilər. Bu baxımdan "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanı digər elm sahələrində olduğu kimi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd təsərrüfatı məhsulları idxalından asılılığın azaldılmasına istiqamətlənmiş elm sahələrinin də inkişafına real töhfələr verə biləcək irəliyə doğru atılmış inqilabi addımdır.

 

İradə HÜSEYNOVA, 
AMEA-nın vitse-prezidenti, akademik 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video