Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “İqlim dəyişikliyi şəraitində əməyin mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, 4 saylı DOST Mərkəzində təşkil olunan tədbirdə əməyin mühafizəsi üzrə ekspertlər, əmək müfəttişləri, dövlət qurumlarının, işəgötürən təşkilatların və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada iqlim dəyişikliyinin əmək şəraitinə və işçilərin sağlamlığına təsirləri, yüksək temperatur və istilik stresi, ekstremal hava hadisələri və digər iqlim mənşəli risklərin iş yerlərində yaratdığı təhlükələr ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, iqlim dəyişikliyinin təsirlərini yalnız yüksək temperatur və bunun nəticəsində yaranan ağır xəsarət və ya ölüm halları ilə məhdudlaşdırmaq olmaz. Onun sözlərinə görə, beynəlxalq araşdırmalar iqlim dəyişikliklərinin müxtəlif xəstəliklərin yaranmasına və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcəyini göstərir.
Nərmin Mirzəyeva qeyd edib ki, bu baxımdan işəgötürənlər və əməyin mühafizəsi sahəsini tənzimləyən dövlət qurumları iqlim dəyişikliklərinin yaratdığı risklərə preventiv və proaktiv yanaşmalıdırlar. O vurğulayıb ki, mövcud qaydalara yenidən baxılması, fərdi və kollektiv mühafizə vasitələrinin müasir risklərə uyğunlaşdırılması, iş yerlərində havalandırma, yerləşmə və işin təşkili məsələlərinin təkmilləşdirilməsi vacibdir.
Rəis müavini, həmçinin işçilərin əmək şəraitinin, iş vəzifələrinin və öhdəliklərinin iqlim dəyişikliklərinin yaratdığı yeni risklər nəzərə alınmaqla təşkil edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Bildirilib ki, iqlim dəyişikliyinin təsirləri xüsusilə açıq havada görülən işlərdə, o cümlədən kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika sahələrində çalışan işçilər üçün əlavə risklər yaradır. Bu baxımdan iş yerlərində iqlim amillərinin nəzərə alınması, risklərin vaxtında qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı iqlimlə bağlı risklərin əməyin mühafizəsi sisteminə inteqrasiyası, riskəsaslı yanaşmaların təkmilləşdirilməsi, işəgötürənlərin bu istiqamətdə institusional potensialının gücləndirilməsi və işçilərin məlumatlılığının artırılması məsələlərinə də toxunulub.
Həmçinin iqlim dəyişikliklərinə davamlı və təhlükəsiz əmək mühitinin formalaşdırılmasında dövlət qurumları, işəgötürənlər və işçilər arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əməyin mühafizəsi sahəsində qabaqcıl təcrübələrin tətbiqi, profilaktik və qabaqlayıcı tədbirlərin genişləndirilməsi ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Dəyirmi masa iştirakçıların mövzu ilə bağlı müzakirələri, təklif və yanaşmalarının bölüşülməsi ilə davam edib.