Sentyabrın 10-da Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrilməsi, AIDA-nın 15 illik fəaliyyəti və ölkəmizin beynəlxalq inkişaf əməkdaşlığına töhfələri barədə danışıb.
Xarici işlər naziri Azərbaycanın beynəlxalq yardım siyasətinin gələcəkdə də tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı faydalılıq, təcrübə mübadiləsi və dayanıqlı nəticələr prinsipləri əsasında davam etdiriləcəyini diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren də Azərbaycanın beynəlxalq yardım siyasətinin gələcəkdə də tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı faydalılıq, təcrübə mübadiləsi və dayanıqlı nəticələr prinsipləri əsasında davam etdiriləcəyini diqqətə çatdırıblar.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev konfransın yekununda çıxış edərək, ötən 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığından bəhs edib.
Konfrans çərçivəsində, həmçinin AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri aparılıb.
Bundan əlavə, konfransda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələr sertifikatlarla təltif olunublar.