Qədim yapon təbabəti ümumilikdə Çin təbabətinin təsiri altında olsa da, qaynağını mifologiya və yerli dinlərdən olan şintoizmdən alıb. “Tanrıların yolu” mənasına gələn şintoizmdə təbiətdəki hər şeyin ruhunun olduğuna inam var. Bu əsaslar üzərində qurulan Şiatsu və Reiki kimi populyar üsullar yapon təbabətinin təməlini təşkil edir.
Qədim Yaponiyada tibb daha çox sehrə bənzəyirdi, folkloru, əfsanələri, mifləri və mərasimləri mənimsəmiş formada idi. Antik Yaponiyanın tarixinə aid ən qədim yazılı mənbələrdən olan “Nihon seki” kitabında (VII əsr) iki tanrının - Suku-na-hikona-no mikoto və Oho-ana-muchi-no mikotonun qüvvələrini necə birləşdirdikləri və insanlar üçün müxtəlif xəstəliklərin müalicə üsullarını təyin etdikləri göstərilir. Həm də bu tanrıların müxtəlif fəlakətlərdən qoruyan ayinlər və sehr yaratmağı bacardıqları qeyd olunur.
Qədim yaponlar əksər xəstəliklərin əsas səbəbini pis ruhların və ya cinlərin hərəkətində axtarırdılar. Buna görə də müalicələrinin ən çox yayılmış üsulu cinləri qovmaq üçün müxtəlif ayinlər həyata keçirmək idi. Xəstəliklərdən qurtulmaq üçün tanrıların, o cümlədən heyvanların fiqurlarından fəal şəkildə istifadə ediblər.
Bununla yanaşı, yaponlarda çox qədimlərdən bitkilərlə müalicə üsulları da geniş yayılmışdı. Qədim yapon yazılı mənbəsi olan “Kojiki”də müalicəvi xüsusiyyətlərə malik 40-dan çox dərman bitkisi, heyvan orqanları və minerallar təsvir edilib. Hörümçək toru qanaxmanı dayandırmaq üçün istifadə olunar, horseradiş vasabi bitkisi antiseptik, yandırılmış mollusks (yumşaqbədənlilər) qabıqlarının külləri yanıqlar, bir sıra bitkilərin tozcuqları irinli yaralar, bəzi bitkilərin suyu yaralar və aşınmalar üçün, mineral bulaq sularından qızdırma zamanı istifadə olunub.
Sehrli mərasimlər və Buddist təbabəti
“Nihon seki” kitabına görə, V əsrdə Yaponiyaya həm Çinin Şərqi Jin əyalətindən, həm də Koreyanın Silla və Goguryeo şəhərlərindən həkimlər gəlib. VI əsrdə isə Baekje və Silladan, eyni zamanda bir neçə Çin vilayətindən şəfaçılar Yaponiyaya gəliblər. İlk olaraq 594-cü ildə buddist Şitenno-ji məbədində adi insanların müalicəsi üçün xəstəxana tipli bir yer də yaradılıb.
Çin və Koreyadan sonra yapon tarixinin Asuka dövründə ((538-710) buddist tibbi Yaponiyada geniş yayılıb. O vaxtdan sonra tibb şərti olaraq üç komponentə bölünüb: sehrli mərasimlər və dərman müalicəsi olan xalq üsulları, çinli həkimlərin üsulları və Buddist təbabəti.
Yaponiyanın Nara dövründə (710-794) tələbələr Çin tibb qanunlarını ətraflı öyrənməyə başlayıblar. Bundan sonrakı Heyan dövründə xəstəliklər və onların müalicələri haqqında ilk yapon yazıları ortaya çıxıb. Bu barədə ən birinci Ueyk Hiroyonun “Tibbi Kanonun Böyük Əsası”, ardından İzumo Hirosada və Abe Manao tərəfindən “Daido dövrünün terapevtik metodlarının təsnifatı” kitabları və daha sonra 100 kitab yazılıb. Həmin vaxtdan tibb tədqiqat, müalicə metodları və xəstəliyin qarşısının alınmasını əhatə edən bir elm olaraq qəbul edilməyə başlanıb.
XIX əsrin ikinci yarısından etibarən Yaponiyada təməllərə söykənərək tibbin akademik elmi metodlarının öyrənilməsi üçün qərar qəbul olunub. 1868-1914-cü illər arasında təxminən 1200 yapon tələbəsi ən yaxşı professorlardan Avropa təbabətinin qabaqcıl metodlarını öyrənmək üçün Almaniyanın müxtəlif şəhərlərinə göndərilib.
Təbabətin inkişafına töhfə
Bir çox yapon tədqiqatçı və həkimləri tibbin inkişafına töhfə veriblər. Yapon mikrobiologiyasının qurucularından olan Kitasato Sibasaburo 1890-cı ildə tetanusa səbəb olan bir bakteriyanı (Clostridium tetani) təcrid edib və E.Berinqlə birlikdə tetanus və difteriya toksinlərinin antigen xüsusiyyətlərini ortaya qoyub.
Seisu Hanaoka (1760-1835) ümumi anesteziyanı icad edən ilk həkimlərdən sayılır. Hanaoka tərəfindən təklif edilən metod unikaldır, çünki yalnız bitki mənşəli tibbi biliklərə əsaslanaraq hazırlanıb. Onun “Tsusensan” adı verdiyi dərman müxtəlif otların ekstraktlarının qarışığına əsaslanıb. Bu dərmanı qəbul edən şəxs yuxuya gedər və ağrılara reaksiya göstərməzdi.
1804-cü ilin (və ya 1805) oktyabr ayında Hanaoka anesteziyadan istifadə edərək ilk əməliyyatını edib. Həkimin xəstəsi döş xərçəngi olan 60 yaşlı Aya Kan idi. Əməliyyat müvəffəqiyyətlə keçib, lakin şiş çox gec çıxarıldığı üçün xəstə daha sonra metastazdan vəfat edib.