Mutasiyaya uğramış qrip ştamı dünyanı narahat edir
Dünyanın müxtəlif regionlarında artan respirator xəstəliklər fonunda H3N2 qrip virusunun sürətlə yayılması qlobal səviyyədə ciddi narahatlıq yaradıb. Mövsümi qrip virusları hər il milyonlarla insana təsir etsə də, bu il ortaya çıxan H3N2-nin mutasiyaya uğramış subvariantı epidemioloqların diqqətini daha çox çəkir. Onları narahat edən əsas məsələ virusun yaratdığı simptomların şiddəti deyil, yoluxuculuq qabiliyyətinin kəskin artmasıdır.
Avstraliyada toplanmış nümunələrin analizi virusun bir neçə mutasiyaya uğradığını göstərib. Mutasiyalar virusun insan orqanizmində tanınmasını çətinləşdirərək xəstəliyin daha davamlı və ağır keçməsinə şərait yaradır. Mütəxəssislər bu dəyişikliklərin virusun yayılma sürətini artırdığını, immun sisteminin onu tanıma qabiliyyətini zəiflədə biləcəyini və nəticədə infeksiyanın daha geniş əhali qruplarına yayılmasına şərait yaratdığını bildirirlər.
Mövsümi qrip virusları adətən gözlənilən zamanlarda və müəyyən intensivlikdə yayılır. Lakin bu il Cənub yarımkürəsində qeydə alınan hadisələr göstərir ki, H3N2-nin yeni forması klassik mövsümi modeldən kənara çıxaraq daha erkən və daha sürətli yayılmağa başlayıb. Avstraliyada xəstəlik halları kəskin artdıqdan sonra virus qısa müddətdə digər ölkələrdə də rast gəlinməyə başlayıb. Xüsusilə Yaponiya, Böyük Britaniya və bəzi Avropa dövlətləri virusun yayılma dövrünün əvvəlki illərlə müqayisədə daha tez başladığını təsdiqləyiblər. Tədqiqatçılar bu dalğanın adi qripdən fərqli olaraq daha aqressiv yayılma xarakteri nümayiş etdirdiyini vurğulayıblar. Buna baxmayaraq, virusun ölümcüllük səviyyəsinin artdığına dair elmi sübut hələ ki, yoxdur.
Həkimlər bildirirlər ki, 5 yaşdan kiçik uşaqlar, 50 yaşdan yuxarı insanlar, eləcə də xroniki xəstəlikləri olan pasiyentlər virusun ağır formasını keçirmə riski ilə üzləşə bilərlər. Bu qrupa daxil olan şəxslərdə immun sistemi zəif olduğuna görə, infeksiya daha intensiv simptomlarla müşayiət edilir. Məhz bu səbəbdən mütəxəssislər bu əhali qruplarının xüsusi nəzarət altında saxlanmasını, onların peyvənd olunmasını tövsiyə edirlər. Uşaqlar və yaşlılar üçün qrip virusu yalnız bir infeksiya deyil, həm də potensial həyati təhlükə yaradan bir xəstəlikdir. Peyvəndin qoruyucu təsirinin müəyyən qədər zəiflədiyi bildirilsə də, vaksinlənmiş şəxslərdə xəstəliyin daha yüngül keçdiyi araşdırmalarla təsdiqlənir. Əslində, vaksin immun sistemini virusun tam qarşısını almaqdan ötrü deyil, onun yaratdığı ağırlaşmalardan qorunmaq üçün hazırlayır.
Virusun simptomları əvvəlki illərdə rast gəlinən respirator infeksiyalarla böyük oxşarlıq təşkil edir. Xəstələr adətən yüksək qızdırma, burun axması, boğaz ağrısı, asqırma, öskürək, güclü halsızlıq və baş ağrıları kimi əlamətlərdən şikayət edirlər. Simptomların koronavirusa bənzəməsi insanlarda fərqləndirmə çətinliyi yarada bilər. Bu səbəbdən mütəxəssislərin fikrincə, hər iki virusla bağlı profilaktik tədbirlərin eyni olduğunu, yəni maska taxmaq, sosial məsafəni qorumaq, əl gigiyenasına riayət etmək və xəstəlik simptomları müşahidə olunduqda evdə qalmaq hələ də ən effektiv qorunma üsuludur. Xəstəliyin yüngül keçdiyi hallarda ev şəraitində istirahət və maye qəbulu kifayət edir. Lakin yüksək risk qruplarında olanların gecikmədən həkimə müraciət etməsi vacib sayılır.
Mütəxəssislərin sözlərinə görə, virus Avropada normadan xeyli sürətlə yayılır və yeni dalğanın yaxın zamanlarda digər regionlarda da geniş müşahidə ediləcəyi istisna olunmur. Bu narahatlıq yalnız mutasiyaların sayı ilə bağlı deyil, həm də qlobal miqyasda insanların qış mövsümündə qapalı məkanlarda daha çox vaxt keçirməsi ilə əlaqədardır. İctimai nəqliyyat, məktəblər, alış-veriş mərkəzləri və digər izdihamlı məkanlar virusun yayılması üçün əlverişli şərait yaradır. Mütəxəssislər bildirirlər ki, virusun ölkələr arasında sürətli yayılması artıq təkcə bir regionun problemi deyil, qlobal səhiyyə təhlükəsi kimi qiymətləndirilməlidir.
Tarixi pandemiyalarla müqayisə aparıldıqda virusun yayılma və mutasiya qabiliyyətinin ciddi nəticələrə səbəb ola biləcəyi unudulmamalıdır. 1968-ci il Honqkonq qripi məhz H3N2 virusu tərəfindən yaranmış və dünya üzrə milyonlarla insanın yoluxmasına səbəb olmuşdu. Bu virus həmin dövrdən bəri mövsümi qrip ştamlarının əsas genetik xətlərindən biri olaraq qalır. Hətta bu gün qarşılaşdığımız H3N2 mutasiyaları onun təkamülünün davam etdiyini göstərir. 1957-ci ildəki Asiya qripi isə H2N2 ştamı ilə əlaqəli idi və qısa müddətdə bütün dünyaya yayılaraq yüz minlərlə insanın həyatına son qoymuşdu. 1918-ci ilin məşhur İspan qripi isə gənc və sağlam insanların belə həyatına təhlükə yaradan yüksək ölüm nisbətinə malik idi və qlobal miqyasda insanlar arasında böyük itkilərə səbəb olmuşdu. Bu tarixi hadisələr virusların mutasiya qabiliyyətinin necə böyükmiqyaslı fəsadlara yol aça biləcəyini xatırladır.
Mütəxəssislər bildirirlər ki, pandemiyanın yaranması üçün əsas şərtlərdən biri yüksək yoluxuculuq indeksidir. Hər hansı respirator virus - istər qrip, istər koronavirus, istərsə də digər hava-damcı yolu ilə ötürülən infeksiyalar sürətlə yayıldıqda qlobal təhlükəyə çevrilə bilər. Quş qripi, H5N1 kimi ştamlar keçmiş illərdə Azərbaycanın da daxil olduğu bəzi regionlarda narahatlıq yaratmışdı. O zaman ölkəmizdə infeksiya lokallaşdırılmış və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyilə geniş yayılmasının qarşısı alınmışdı. Lakin virusoloqlar qeyd edirlər ki, gələcəkdə hansı virusun necə mutasiyaya uğrayacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. H3N2-nin bu yeni forması da belə bir narahatlığın nümunəsidir. Çünki ÜST-nin məlumatına görə, insanlıq qarşıda yeni qrip pandemiyası risklərindən biri ilə üz-üzədir və bu riskin başvermə ehtimalı virusların mutasiya sürəti ilə sıx bağlıdır.
Mütəxəssislərin fikrincə, panikaya ehtiyac yoxdur, lakin laqeydlik daha böyük problemlərə gətirib çıxara bilər. Hər bir fərdin məsuliyyətli davranışı bu dalğanın təsirlərini azaltmağa kömək edə bilər. Dünyanın müxtəlif ölkələrində artan yoluxma hallarından dərs çıxararaq, mövsümi qripə qarşı hazırlığımızı artırmaq və sadə gigiyenik qaydalara əməl etmək olduqca vacibdir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"