Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də qlobal kontekstdə əhəmiyyət kəsb edir
Azərbaycan tarixi və mədəni əlaqələri, coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə Yaxın Şərq regionu ilə sıx əlaqələrə malikdir. Son illərdə isə enerji sahəsindəki böyük potensialı, siyasi sabitliyi və regional inkişafı dəstəkləyən təşəbbüsləri ilə Yaxın Şərq ölkələri ilə əməkdaşlığını genişləndirməkdədir. Bu əməkdaşlıq iqtisadi, ticarət, enerji, nəqliyyat və mədəniyyət sahələrində müxtəlif layihələri əhatə edir.
Azərbaycanın Yaxın Şərqdəki ən mühüm tərəfdaşlarından biri Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). İki ölkə arasında əlaqələr daha çox enerji, infrastruktur, ticarət və mədəniyyət sahələrində inkişaf etməkdədir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlara əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyət kəsb edir.
Azərbaycan BƏƏ üçün Cənubi Qafqazda etibarlı iqtisadi tərəfdaş, BƏƏ isə Azərbaycan üçün Yaxın Şərq və Körfəz regionuna açılan mühüm bazar rolunu oynayır.
Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə dekabrın 17-də bu ölkəyə səfəri iki dövlət arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.
Səfər zamanı Azərbaycan Prezidenti hər il keçirilən "Gələcəyin Oyunları" turnirini izləyib. İdmançıların həm fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş etdirdiyi qlobal platformanın təşkilatçısı "Phygital International" fiziki və rəqəmsal oyunların birgə keçirilməsini təşviq edir. Yarış iki mərhələdə keçirilir: idmançılar ilkin mərhələdə fiziki idman növləri, ikinci mərhələdə isə rəqəmsal oyun bacarıqları üzrə sınaqdan keçirilir. Dekabrın 18-dən 23-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunacaq builki turnirə müxtəlif ölkələrdən idmanın 11 növü üzrə iştirakçıların qatılması nəzərdə tutulub.
Səfər çərçivəsində İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşü keçirilib. Bu səfərin məqsədi yalnız idman tədbirində iştirakla məhdudlaşmır, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda sabitliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb, 2025-ci ilin sentyabrında isə "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" imzalanıb. Bu sənədlər Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə xidmət edir. Xüsusilə siyasət, iqtisadiyyat, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edir, qarşılıqlı faydalı layihələrin daha səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün mükəmməl hüquqi və institusional zəmin yaradır. Birgə Bəyannamə iki ölkə arasında etimadın artırılmasına, qarşılıqlı dialoqun intensivləşdirilməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə imkan verir.
Azərbaycan və BƏƏ, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək yüksək qiymətləndirilir. Bu əməkdaşlıq tərəflərin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirməklə yanaşı, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Xatırladaq ki, bu il sentyabrın 16-da İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Şuşada qəbul etmişdir. Həmin görüşdə ikitərəfli əlaqələri dəyərləndirən dövlətimizin başçısı vurğulamışdır ki, münasibətlər qardaşlıq, dostluq üzərində qurulub. İmzalanmış çoxsaylı sənədlər bu əlaqələri yeni səviyyəyə qaldıracaq. İlham Əliyev imzalanan 14 sənədin içərisində birinin böyük əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: "Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir".
Bu görüş zamanı həmçinin vurğulanmışdır ki, siyasi əlaqələr çox uğurla inkişaf edir. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu tərəfləri çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Yeni imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir.
Bütün bunlar onu deməyə əsas verir ki, əlaqələr iki ölkənin liderləri arasında yüksəksəviyyəli şəxsi anlaşma və etimadla daha da möhkəmləndirilir. Prezidentlərin görüşü həm onların şəxsi dostluğunun möhkəmlənməsinə, həm də Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığın uzunmüddətli inkişafına mühüm töhfə verəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"