Ölkəmizin qlobal tədbirlərə uğurlu evsahibliyi beynəlxalq miqyasda təqdir olunur
Prezident İlham Əliyevin şəxsi nüfuzu, qlobal liderlik səriştəsi, diplomatik bacarığı, yürütdüyü balanslaşdırılmış siyasət sayəsində respublikamız mötəbər qurumlarda uğurla təmsil olunur, aktiv şəkildə beynəlxalq çağırışlara qoşulur və dünyanı narahat edən problemlərin həllinə mühüm töhfələr verir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, təhlükəsizlik və sülh vəd edən əməli işlər isə ölkəmizin həm də nüfuzlu beynəlxalq mərkəz rolunu oynamasına gətirib çıxarıb.
Bu gün beynəlxalq tədbirlərin baş tutduğu, qlobal problemlərin dialoq yolu ilə həll edildiyi platforma kimi tanınan Azərbaycan həm də evsahibliyi etdiyi toplantıları yüksək təşkilatçılıq səviyyəsində keçirməsi ilə dünyada rəğbət qazanıb. Özü də təkcə paytaxt Bakıda deyil, ölkəmizin Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər bir bölgəsində yüksəksəviyyəli qlobal miqyaslı tədbirlər, konfranslar keçirilir ki, bu da respublikamızın hərtərəfli inkişafından xəbər verir.
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsi, eyni zamanda Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" elan olunması da Azərbaycanın qlobal nüfuzuna əyani nümunələrdir.
Böyük etimadın təzahürü
Ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən yekdil qərar verilməsinin özü ölkəmizə göstərilən böyük etimadın və hörmətin təzahürü idi.
COP29-a evsahibliyi edən Azərbaycan dünyanı birləşdirən ölkə olaraq beynəlxalq səviyyədə adından söz etdirdi. Həmin vaxt 196 ölkədən gəlmiş 70 mindən çox iştirakçı, o cümlədən 80-dən artıq prezident, vitse-prezident və baş nazir dünyanın ekoloji fəlakətdən xilası üçün Bakıya toplaşaraq iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması üçün real həll yolları aradılar, konkret təkliflər irəli sürdülər və bu sayədə müsbət nəticələr əldə edildi. Həmçinin ölkəmizə gələn əcnəbi qonaqların hər birinin Azərbaycanın COP29-a yüksək səviyyədə təşkilatçılıq etdiyini məmnunluqla vurğulaması ölkəmizin bu qlobal tədbirə layiqli evsahibliyindən xəbər verirdi.
Ümumiyyətlə, iştirakçı sayına görə nəhəng tədbir olan COP29-a qədər də Azərbaycan neçə-neçə dünyamiqyaslı tədbirə layiqincə evsahibliyi edib. Hələ illər əvvəldən belə kütləvi tədbirləri keçirməklə bağlı yetərincə təcrübə sahibi olan Azərbaycan hər zaman ortaya örnək götürüləcək nümunə qoyub. İstər siyasi, iqtisadi, mədəni, idman və sair olsun, fərqi yoxdur, ölkəmizdə keçirilən tədbirlər ideal formada həyata keçirilməsi ilə diqqət çəkib. Təşkilatçılığın yüksək səviyyədə olmasından tutmuş, nümunəvi evsahibliyinə, qonaqpərvərliyə, insanlarının mehribanlığına görə qonaqlarında unudulmaz təəssüratlar yaradıb. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Eurovision", eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu çərçivədə ölkəmizdə həyata keçirilən SPECA-nın Zirvə görüşü, Beynəlxalq Astronavtika Konqresi kimi mühüm tədbirlər yaddaşlarda silinməz izlər buraxıb.
Xüsusi vurğulanmalıdır ki, adıçəkilən beynəlxalq miqyaslı tədbirlərin təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Birinci xanım Mehriban Əliyevanın Təşkilat Komitəsinə rəhbərliyi sayəsində həmin tədbirlər yüksək səviyyədə keçirilib.
İdman ölkəsi
Cari il 15 dekabr tarixində Prezident İlham Əliyev 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilmişdir: "Azərbaycanın 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman tədbirinə evsahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcəkdir".
Yuxarıda vurğuladığımız kimi, Bakı 2026-cı il "Dünya İdman Paytaxtı" elan olunub. Bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə "Dünya İdman Paytaxtları" xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
"Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.
"İdman Paytaxtı" layihəsi ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə "İdman Paytaxtı" və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.
Bütün bu uğurlar, respublikamızda beynəlxalq yarışların həyata keçirilməsi ilə bağlı verilən qərarlar həm də ölkəmizdə idmana göstərilən qayğının, bu sahənin inkişafı üçün yaradılan hərtərəfli şəraitin, qurulan müasir infrastrukturun, keyfiyyətli idman obyektlərinin nəticələri kimi də qiymətləndirilməlidir.
Azərbaycan, paytaxt Bakı qarşıdakı illərdə də dünyanın diqqət mərkəzinə çevriləcək, ölkəmizdə idman bayramı yaşanacaq. Və tam əminliklə demək olar ki, indiyə qədər Azərbaycanda keçirilən müxtəlif səpkili qlobal tədbirlər olduğu kimi, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı da yüksək səviyyədə keçiriləcək və sərgilənən mükəmməl evsahibliyi, qonaqpərvərliklə nümunə ortaya qoyulacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"