Ermənistanda beynəlxalq ekoloji normalara məhəl qoyulmadan aparılan dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqaz regionunda biomüxtəliflik, ətraf mühit, su ehtiyatları və ekosistemlər üçün ciddi ekoloji risklər daşıyır. Öz başlanğıcını Ermənistandan götürən və Azərbaycan ərazisinə axan transsərhəd çayların bir neçəsinin yuxarı axınında, mənbəyə yaxın nöqtələrdə dağ-mədən sənayesi fəaliyyətinin davam etdirilməsi bu çayların aşağı axınında aparılan müşahidə və monitorinqlərin nəticələrinə əsasən, zərərli maddələrin səviyyəsinin normadan yüksək olması aşkarlanıb.
Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, Metsamor Atom-Elektrik Stansiyasının 1980-ci ildən istismarda olan ikinci enerji bloku avadanlıqların köhnəlməsi və istismar müddətinin bir neçə dəfə uzadılması səbəbindən potensial ekoloji riskə çevrilib. İlkin layihə istismar müddəti başa çatdıqdan sonra blokun fəaliyyəti əvvəlcə 2026-cı ilədək uzadılıb, daha sonra isə avadanlıqların modernləşdirilməsi ilə istismar müddətinin 2036-cı ilədək uzadılması proqramı həyata keçirilməyə başlanıb. "Beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə etirazla qarşılanan Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində yaranan ağır metallarla çirklənmiş mədən tullantıları da Bərgüşad (Vorotan) çayına axıdılır və Araz çayını çirkləndirir. Qızıl hasilatı sənayesi milli sərhədləri aşan ekoloji çirklənməyə səbəb olub. Belə ki, mədənin fəaliyyəti nəticəsində böyük həcmdə tullantı süxurlar və tullantı yığınları əmələ gəlir ki, bu da torpağın çirklənməsinə və dağlıq ərazilərdə eroziya prosesinin sürətlənməsinə gətirib çıxarır. Amuldağ qızıl yatağının bu şəkildə istismarı Qafqaz dağları ilə əhatə olunan region və burada yaşayan əhali üçün ciddi təhlükə yaradır", - deyə o əlavə etdi.
Deputat bildirdi ki, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə yaradır. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay və Bazarçay Araz çayına, oradan isə Xəzər dənizinə tökülür. Beləliklə, bu fəaliyyət təkcə Azərbaycanın deyil, həmçinin İranın və digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.
P.Vəliyeva xatırlatdı ki, işğal dövründə Azərbaycana məxsus 7 filiz, 39 qeyri-filiz yatağında Ermənistan tərəfindən qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatlarından qanunsuz istifadə edilib. Qlobal şirkət olan "Vallex group" Ağdərədə Qızılbulaq qızıl-mis-kolçedan yatağını törəmə şirkəti olan "Base metals" vasitəsilə faktiki olaraq tükənənədək istismar edib. Daha sonra Ağdərədə Dəmirli mis-porfir yatağı istismar edilib. Zəngilanda "Goldstar" şirkəti Vejnəli yatağından tonlarla qızıl çıxarıb. Çardaqlıda (Ağdərə) kömür çıxarılıb və İrəvanda elektrik stansiyanın işləməsi üçün göndərilib. 2009-2017-ci illərdə qanunsuz metal istismarından "Vallex group" və "Base metals" 177,5 milyon dollar mənfəət əldə edib. Onlar bununla işğalçılığı maliyyələşdiriblər. Bir sözlə, Ermənistan Azərbaycana məxsus torpaqlarda 30 ilə yaxın müddətdə ekosid, urbasid, kultursid törədib, qanunsuz iqtisadi fəaliyyət həyata keçirib, təbii resurs qaçaqmalçılığı ilə məşğul olub.
Deputat qeyd etdi ki, Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivə Proqramı ölkələrin biomüxtəlifliyə dair hədəflərə nail olunmasındakı irəliləyişləri və Ətraf mühit - İqtisadi hesabatlılıq sisteminin tətbiqini əsas vəzifə kimi müəyyən edən mühüm beynəlxalq sənəddir: "Biomüxtəlifliyin qorunması konkret addımlarla müşayiət olunmalıdır. Bu baxımdan COP17 iştirakçıları transsərhəd çayların mühafizəsi, dağ-mədən sənayesi fəaliyyətlərinin düzgün idarə olunması, şəffaf monitorinq mexanizmlərinin yaradılması və monitorinqlərin aparılması, məlumatlara çıxışın əlçatan olması istiqamətində Ermənistanı konkret, ölçüləbilən qərarların qəbuluna sövq etməlidir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"