28 Fevral 2026 08:00
187
SİYASƏT
A- A+
"Neytrallıq" pərdəsi altında riyakarlıq 

"Neytrallıq" pərdəsi altında riyakarlıq 


Separatçılığın vəkili rolunda çıxış edənlərin məqsədi sülhə mane olmaqdır


Beynəlxalq aləmdə özünü dialoq və tərəfsizlik rəmzi kimi tanıdan İsveçrənin son addımları bu ölkənin onilliklər ərzində formalaşmış neytrallıq statusu ilə ziddiyyət təşkil edir. Xüsusilə 2023-cü ildən sonra Qarabağ məsələsi ətrafında İsveçrə siyasi platformalarında artan canlanma bölgədəki sülh prosesinə xidmət etmək əvəzinə mövcud postmünaqişə reallıqlarını şübhə altına almaq təsiri bağışlayır. 

Bu cür yanaşma həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqazın sabitlik perspektivləri üçün ciddi narahatlıq mənbəyidir. İsveçrə parlamentində qondarma "Swiss Peace Initiative for Nagorno Karabakh" adı altında irəli sürülən layihələrin təhlili göstərir ki, bu təşəbbüslər sülh gündəliyinin mahiyyətindən uzaqdır. 2020-ci ilin üçtərəfli Bəyanatı və 2023-cü il antiterror tədbirləri nəticəsində yaranmış yeni hüquqi-siyasi mənzərəni görməzdən gələn bu addımlar, əslində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün zəruri olan təməl bazaya zərbə vurur.

İsveçrənin İkinci Dünya müharibəsi dövründəki rolu "neytrallıq" anlayışının mənəvi və iqtisadi sərhədləri barədə hələ də davam edən böyük bir mübahisə mövzusudur. İsveçrə Milli Bankı (SNB) müharibə illərində nasist Almaniyasının ən böyük qızıl alıcısı idi. Almaniya işğal etdiyi ölkələrin (Belçika, Hollandiya və s.) mərkəzi banklarından talan etdiyi qızılı İsveçrə frankına dəyişirdi. Almaniya üçün İsveçrə frankı strateji əhəmiyyət kəsb edirdi, çünki bu valyuta ilə neytral ölkələrdən müharibə sənayesi üçün xammal almaq mümkün idi. 

Daha acınacaqlı fakt odur ki, bu qızılların bir hissəsi konsentrasiya düşərgələrindəki qurbanların şəxsi əşyalarından əridilərək külçə halına salınmışdı. Neytrallıq statusuna baxmayaraq, İsveçrə sənayesi Almaniya üçün işləyirdi. Almaniya və İtaliya arasındakı yük daşımaları İsveçrə vasitəsilə həyata keçirilirdi. İsveçrənin saat və dəqiq mexanika sənayesi Almaniya üçün bomba fitilləri, optik cihazlar və digər hərbi komponentlər istehsal edirdi.

1990-cı illərdə beynəlxalq təzyiqlər nəticəsində İsveçrə hökuməti müstəqil ekspertlər qrupu (Bergier Komissiyası) tərəfindən araşdırma başlatdı. Hesabatda İsveçrənin neytrallıq bəhanəsi ilə nasist rejiminə kömək etdiyi və bununla da müharibənin ömrünü uzatdığı qeyd olundu. 1998-ci ildə İsveçrə bankları Holokost qurbanlarının varislərinə və sağ qalanlara 1.25 milyard dollar təzminat ödəməyə razı oldular. İsveçrənin bu addımları çox vaxt "sağ qalma strategiyası" kimi müdafiə olunsa da, sənədlər göstərir ki, bankların bir çoxu bu əməliyyatlardan, sadəcə, iqtisadi mənfəət güdürdülər. İsveçrənin müharibə dövründəki iqtisadi siyasəti tez-tez "mühasirəyə alınmış qala" iqtisadiyyatı kimi təqdim olunsa da, reallıqda bu, nasist Almaniyası ilə dərin və strateji bir əlaqə idi. Bergier hesabatı sübut etdi ki, İsveçrənin neytrallığı passiv bir müşahidə deyil, aktiv bir maliyyə xidməti idi. İsveçrə Almaniyaya milyardlarla frank dəyərində "klirinq krediti" ayırmışdı. Bu, praktiki olaraq o demək idi ki, Almaniya İsveçrədən mal alırdı, lakin pulunu dərhal ödəmir, "borca yazdırırdı". Bu, müharibə aparan bir dövlət üçün ən böyük iqtisadi dəstək formalarından biridir. Berlin üçün İsveçrə yeganə pəncərə idi ki, orada talan edilmiş qızılı dünya bazarında qəbul edilən franklara çevirə bilsin. Hesabatın ən sarsıdıcı hissələrindən biri İsveçrənin bu fəaliyyətinin müharibənin müddətinə təsiri ilə bağlıdır. Əgər İsveçrə bankları qızıl əməliyyatlarını dayandırsaydı, Almaniyanın strateji xammal almaq imkanı 1943-1944-cü illərdə kəskin şəkildə məhdudlaşacaqdı. İsveçrənin dəmir yollarının alman hərbi tranziti üçün açıq olması Şimali İtaliya cəbhəsində nasist müqavimətinin daha uzun sürməsinə birbaşa töhfə vermişdi. Komissiya aşkar etdi ki, İsveçrə bankları təkcə Almaniya ilə deyil, həm də fərdi nasist rəsmiləri ilə də əməkdaşlıq ediblər. Müharibədən sonra banklar ölmüş yəhudilərin hesablarını "varisləri tapılmır" bəhanəsi ilə onilliklər boyu dondurub saxlamış və bu vəsaitlərdən öz daxili dövriyyələrində istifadə etmişlər. Bergier Komissiyasının işi İsveçrə cəmiyyətində böyük şok yaratdı. Uzun illər özünü "humanitar yardım mərkəzi" (Qırmızı Xaç və s.) kimi görən ölkə, öz keçmişinin qaranlıq maliyyə üzü ilə qarşılaşmalı oldu. 

İsveçrənin təbii resursları, demək olar ki, yox səviyyəsində idi. Ölkənin elektrik enerjisi və isidilməsi tamamilə Almaniyadan gələn kömürdən asılı idi. Almaniyaya yüksəkdəqiqlikli saat mexanizmləri, optik cihazlar, zenit topları və alüminium göndərilirdi. Əvəzində Almaniya İsveçrəyə sənayesini ayaqda saxlamaq üçün hər ay yüz minlərlə ton kömür və polad satırdı. İsveçrənin maşınqayırma nəhəngləri nasist Almaniyasının hərbi arsenalını birbaşa gücləndirirdi. Bu toplar müharibənin ən effektiv zenit silahlarından sayılırdı və Almaniya tərəfindən geniş istifadə olunurdu. Almaniyanın öz sənayesi kütləvi istehsala yönəldiyi halda, İsveçrə daha mürəkkəb, mikroskopik dəqiqlik tələb edən komponentləri təmin edirdi. 

İsveçrənin ən böyük rıçaqı və eyni zamanda təhlükəsi onun coğrafi mövqeyi idi. Almaniya ilə İtaliya arasındakı ən qısa təchizat yolu İsveçrə Alp dağlarından keçirdi. İsveçrə bu tunelləri açıq saxlamaqla Almaniyanın cənub cəbhəsini (İtaliya) təchiz etməsinə şərait yaradırdı. Bunun müqabilində isə müstəqilliyini "sığortalayırdı". Müharibənin ortalarında İsveçrənin ümumi ixracatının təxminən 60 faizdən çoxu birbaşa Berlin-Roma oxu ölkələrinə yönəlmişdi. İsveçrə üçün bu əməkdaşlıq həm işğaldan qaçmaq üçün bir vasitə, həm də böyük qazanc mənbəyi idi. Lakin bu "neytrallıq" müttəfiq dövlətlər tərəfindən kəskin tənqid olunurdu və müharibədən sonra İsveçrənin beynəlxalq nüfuzuna ciddi zərbə vurdu. Göründüyü kimi, İsveçrənin "neytrallığı" maskası tarixin sınaq anlarında iqtisadi maraqların və siyasi konyunkturanın rənginə boyanır. Dünən nasist qızılları ilə iqtisadiyyatını bərkidən, qurbanların fəryadına qapılarını bağlayan Bern bu gün Cənubi Qafqazda real sülhə mane olmaqla, əslində, öz qaranlıq keçmişinə işıq tutur. Lakin unudulmamalıdır ki, tarixin yaddaşı bank seyflərindən daha dərindir və ədalət gec-tez bütün "neytral" pərdələri yırtıb atır. Bakı artıq köhnə dünyanın bu cür "ikili oyunlarını" qəbul etmir və regionda yeni reallığı məhz öz gücü ilə diktə edir. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!