12 Noyabr 2026 09:05
185
SİYASƏT
A- A+
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası


"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. 2028-ci ildə bu platformanın növbəti sammitinə Bakının evsahibliyi etməsi isə ölkəmizin çoxtərəfli diplomatiyada artan rolunu və müxtəlif geosiyasi məkanlar arasında fəal dialoq qurmaq imkanlarını ön plana çıxarır.

AZƏRTAC Dublin sammitinin gündəliyinə, Azərbaycanın Avropa ilə tərəfdaşlığına və 2028-ci ildə Bakıda keçiriləcək Zirvə görüşünün əhəmiyyətinə qısa nəzər salır.

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək "Avropa Siyasi Birliyi"nin (ASB) 9-cu sammiti Avropa qitəsinin dövlət və hökumət başçılarını ümumi siyasi və strateji məsələlərin müzakirəsi üçün bir araya gətirəcək. "Avropa - güclü, təhlükəsiz və əlaqəli" mövzusuna həsr olunan budəfəki sammitin gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, eləcə də demokratik Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alır. Builki sammitdə 50-yə yaxın dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Bu, Avropa ölkələrinin üzləşdiyi çağırışların geniş coğrafi müstəvidə müzakirəsi və ortaq maraqlar üzrə siyasi dialoqun davam etdirilməsi baxımından mühüm platforma deməkdir.

Azərbaycan üçün isə Dublin sammitinin əhəmiyyəti təkcə tədbirin gündəliyi ilə məhdudlaşmır. Ölkəmiz "Avropa Siyasi Birliyi"nin əvvəlki görüşlərində də fəal iştirak edib, platforma çərçivəsində regional təhlükəsizlik, enerji və bağlantılar məsələlərinə dair mövqeyini irəli sürüb. 2028-ci ildə sammitin Azərbaycanda keçirilməsi barədə qərar isə bu əməkdaşlığa yeni perspektiv əlavə edir.


"Avropa Siyasi Birliyi" nədir və Azərbaycan bu platformada niyə iştirak edir?


2022-ci ilin oktyabrında Praqada təsis edilən "Avropa Siyasi Birliyi" Avropa İttifaqına üzv olan və olmayan ölkələri ümumi siyasi və strateji məsələlər ətrafında birləşdirən qeyri-rəsmi hökumətlərarası dialoq platformasıdır. Onun əsas məqsədi siyasi məsləhətləşmələri genişləndirmək, ortaq çağırışlara münasibətdə əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyinə, sabitliyinə və rifahına töhfə verməkdir.

ASB-nin mahiyyətini müəyyən edən başlıca xüsusiyyət onun qeyri-rəsmi və məşvərətçi xarakter daşımasıdır. Platforma dövlət və hökumət başçılarına ortaq maraq doğuran məsələləri formal institusional prosedurların yaratdığı çərçivələrdən kənarda müzakirə etmək imkanı verir. Bu formatın səmərəliliyi yeni qərar qəbuletmə strukturu yaratmaqdan daha çox, mövcud beynəlxalq mexanizmlər arasında siyasi dialoqu və qarşılıqlı anlaşmanı gücləndirmək imkanları ilə bağlıdır.

Azərbaycanın ASB-yə münasi-bətində də bu məqam xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Avropa məkanında açıq siyasi dialoqu və qarşılıqlı məsləhətləşmələri dəstəkləyir. Eyni zamanda platformanın yeni beynəlxalq təşkilata çevrilməsinə və əlavə institusional strukturlar yaradılmasına ehtiyac olmadığı mövqeyindən çıxış edir. Bu yanaşma ASB-nin ilkin məqsədləri ilə bağlı mühüm prinsipial məsələ ilə üst-üstə düşür. Platformanın üstünlüyü onun çevikliyində, geniş təmsilçilik imkanlarında və müxtəlif siyasi mövqelərə malik ölkələri eyni müzakirə məkanında bir araya gətirməsindədir. Avropada artıq müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların mövcudluğu şəraitində yeni institusional mexanizmlər yaratmaq əvəzinə, mövcud formatların potensialından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır.

Praqada keçirilən ilk sammitdən başlayaraq platformanın gündəliyi enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, miqrasiya, nəqliyyat, innovasiya və müdafiə məsələlərini əhatə edib. Dublin sammitinin gündəliyində də həmin istiqamətlərin bir-biri ilə qarşılıqlı əlaqəsi aydın görünür. Deməli, ASB-nin əsas funksiyası Avropanın üzləşdiyi mürəkkəb çağırışlara dair siyasi məsləhətləşmələri davam etdirmək və dövlətlər arasında dialoq üçün əlavə imkanlar yaratmaqdır. Azərbaycanın bu platformada iştirakı da məhz belə bir yanaşmanın tərkib hissəsidir. Ölkəmiz üçün ASB həm milli maraqların Avropa liderləri səviyyəsində təqdim olunması, həm də regional və qlobal məsələlər üzrə tərəfdaşlarla birbaşa təmasların inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.


Azərbaycanın Avropa gündəliyində yeri: enerji, bağlantılar və etibarlı tərəfdaşlıq


Dublin sammitinin əsas müzakirə istiqamətlərindən birinin rəqabətqabiliyyətli Avropanın qurulması olması təsadüfi deyil. Müasir dövrdə iqtisadi rəqabət qabiliyyəti texnoloji innovasiyalarla yanaşı, enerji resurslarının etibarlı təchizatından, nəqliyyat infrastrukturunun səmərəliliyindən və təchizat zəncirlərinin dayanıqlılığından da asılıdır. Son illərdə Avropa ölkələrinin Azərbaycana marağının artması, həmçinin Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.

Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsidir. Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlərin məhz bu qaydada baş tutması dövlətimizin başçısının şəxsi nüfuzunu, ölkəmizin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələrdəndir.

Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərləri də münasibətlərin dinamikasını əks etdirir. 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kos Bakıda Prezident İlham Əliyevlə görüşüblər. 2026-cı ilin martında isə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Azərbaycana səfər edərək dövlətimizin başçısı ilə danışıqlar aparıblar. Bütün bunlar Azərbaycanın Avropa üçün necə mühüm əhəmiyyət daşıdığını göstərən məqamlardır.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti, ilk növbədə, enerji təhlükəsizliyi ilə bağlıdır. 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya təbii qaz tədarükü genişlənib. Təsadüfi deyil ki, bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir.

"Yaşıl enerji" sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə "yaşıl enerji" dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. 2026-cı ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclaslarında 27 tərəfdaş hökumətin, 60 beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin iştirakı Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq platforması kimi rolunu göstərib.

Nəqliyyat və logistika sahəsində Orta dəhliz, "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu infrastrukturunun inkişafı və Naxçıvan dəmir yolu bağlantısı üzrə əməkdaşlıq Avropa ilə Mərkəzi Asiya arasında daşımaların genişləndirilməsi baxımından əhəmiyyətlidir. Avropa İttifaqının "Global Gateway" təşəbbüsü çərçivəsində Azərbaycanda səfərbər edilmiş investisiyaların həcminin 130 milyon avronu ötməsi də iqtisadi tərəfdaşlığın konkret nəticələrindəndir.

Beləliklə, Avropanın Azərbaycana marağı ayrı-ayrı diplomatik görüşlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, "yaşıl keçid", nəqliyyat bağlantıları, investisiyalar və regional sabitlik bu marağın əsasını təşkil edir. Qarşı tərəfin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli görüşlər, Avropa rəsmilərinin Bakıya səfərləri və birgə layihələr Azərbaycanın Avropa üçün etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi rolunun genişləndiyini göstərir.


Orta dəhliz - Avropa ilə Asiyanı birləşdirən strateji marşrut


Dublin sammitinin gündəliyində bağlantıların yaxşılaşdırılmasının ayrıca yer tutması Azərbaycanın nəqliyyat-logistika potensialı baxımından da diqqətəlayiqdir. Qlobal ticarət marşrutlarının dəyişdiyi, təchizat zəncirlərinin dayanıqlılığının artan əhəmiyyət qazandığı bir şəraitdə alternativ nəqliyyat dəhlizlərinin inkişafı dövlətlərin iqtisadi və strateji prioritetlərindən birinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizindəki liman infrastrukturu, dəmir və avtomobil yolları ölkəmizə Avropa ilə Asiya arasında tranzit əlaqələrinin inkişafında mühüm imkanlar yaradır. Orta dəhliz isə bu imkanların reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Çindən və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyəyə və Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımaların şaxələndirilməsinə xidmət edir. Onun potensialının tam reallaşdırılması üçün infrastrukturun genişləndirilməsi ilə yanaşı, sərhəd-keçid prosedurlarının sadələşdirilmə-si, gömrük sistemlərinin rəqəmsallaşdırılması, tariflərin rəqabətqabiliyyətli olması və müxtəlif nəqliyyat sistemləri arasında uzlaşmanın artırılması da vacibdir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr ölkəmizin regional iqtisadi əlaqələrdə rolunu genişləndirir. Nəqliyyat bağlantılarının inkişafı, eyni zamanda Avropa ilə Mərkəzi Asiya arasında ticarətin, investisiyaların və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar yaradır. Enerji və nəqliyyat amillərinin bir araya gəlməsi Azərbaycanın Avropa ilə münasibətlərində uzunmüddətli strateji əməkdaşlıq üçün zəmin formalaşdırır. Dublin görüşünün gündəliyi də göstərir ki, Avropanın rəqabət qabiliyyətinin artırılması üçün enerji təhlükəsizliyi və bağlantıların inkişafı bir-birindən ayrı nəzərdən keçirilə bilməz.


Cənubi Qafqazda sülh üçün yeni imkanlar


"Avropa Siyasi Birliyi"nin gündəliyində təhlükəsizlik məsələləri xüsusi yer tutur. Ukrayna-Rusiya müharibəsinin davam etməsi, hibrid və kibertəhdidlər, mühüm infrastrukturun qorunması və demokratik institutların dayanıqlılığı Avropa ölkələrinin ortaq müzakirə mövzularıdır.

Azərbaycan üçün təhlükəsizlik gündəliyinin mühüm istiqamətlərindən biri Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın təmin edilməsidir. Regionda sabitliyin möhkəmlənməsi yalnız siyasi münasibətlərə deyil, həm də ticarət əlaqələrinə, nəqliyyat marşrutlarının inkişafına və investisiya mühitinə təsir göstərir.

Prezident İlham Əliyevin 2026-cı ilin mayında ASB-nin İrəvan sammitində videobağlantı vasitəsilə etdiyi çıxış bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Azərbaycanın sammitlərdən birinin ölkəmizdə keçirilməsi təşəbbüsünün qəbul olunduğunu bildirməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş irəliləyişlərə və sülhün əhəmiyyətinə toxundu. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, davamlı sülhün möhkəmlənməsi əldə edilmiş razılaşmaların ardıcıl icrasını, qarşılıqlı etimadın gücləndirilməsini və praktiki əməkdaşlığın genişləndirilməsini tələb edir. Bu prosesin uğuru regionun beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrə inteqrasiyasına da müsbət təsir göstərə bilər. Cənubi Qafqazda sülhün möhkəmlənməsi Avropa ilə Asiya arasında bağlantıların inkişafı, regional ticarətin genişlənməsi və yeni iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli şərait yarada bilər.

Azərbaycan üçün regional sülh məsələsi yalnız siyasi münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Bu, həm də ölkəmizin nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq sahələrindəki strateji prioritetlərinin reallaşdırılması baxımından əhəmiyyətlidir.


Dublindən Bakıya: 2028-ci il sammitinin siyasi əhəmiyyəti


Azərbaycanın 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin Sammitinə evsahibliyi etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında mühüm mərhələdir. Prezident İlham Əliyev 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə görüşündə çıxışında Azərbaycanın namizədliyinin qəbul edildiyini və ölkəmizin 2028-ci ilin mayında ASB iştirakçılarını qəbul edəcəyini bildirdi. Dövlətimizin başçısının bu çıxışı "Avropa Siyasi Birliyi"nin fəaliyyətində ölkəmizin gələcək rolunu müəyyənləşdirən mühüm siyasi hadisədir. Sammitə evsahibliyi etmək Azərbaycana yalnız genişmiqyaslı beynəlxalq tədbirin təşkili imkanını deyil, həm də Avropa ölkələri ilə siyasi dialoqun inkişaf etdirilməsi üçün əlavə platforma təqdim edir. Bakı görüşü dövlət və hökumət başçılarını, eləcə də Avropa institutlarının rəhbərlərini bir araya gətirərək ümumi siyasi məsələlərin müzakirəsinə, ikitərəfli təmasların genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradacaq.

Dublin sammiti bu baxımdan Azərbaycan üçün xüsusi hazırlıq mərhələsidir. Ölkəmiz 2028-ci ildə ev sahibi kimi platformanın gündəliyini, müzakirə mexanizmlərini və iştirakçıların ortaq prioritetlərini yaxından izləmək imkanı əldə edir. Bu təcrübə gələcək toplantının təşkilati və siyasi baxımdan səmərəli keçirilməsinə töhfə verəcək. Bununla yanaşı, Bakının sammitə evsahibliyi etməsi Azərbaycanın Avropa ilə münasibətlərində enerji və nəqliyyat məsələləri ilə yanaşı, daha geniş siyasi dialoqun da əhəmiyyətini artırır. Bu format ölkəmizə fərqli mövqelərə malik dövlətlər arasında ünsiyyətin təşviqi, ortaq maraqların müəyyənləşdirilməsi və praktiki əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.


Azərbaycan - müxtəlif siyasi məkanlar arasında dialoq körpüsü


Azərbaycanın beynəlxalq gündəliyi Avropa ilə münasibətlərdən daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, MDB məkanı və islam dünyası ilə əlaqələrin inkişafı ölkəmizin xarici siyasətinin digər mühüm istiqamətləridir. Son illərdə bu coğrafiyalarda əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda rəhbər mövqelərə gəlməsi və böyük tədbirlərə evsahibliyi etməsi ölkəmizin diplomatik fəaliyyətinin miqyasını genişləndirir.

Bu nümunələrdən daha biri bu yaxınlarda - 2026-cı il oktyabrın 15-də Bakının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına evsahibliyi etməsidir. Sammitdə üzv dövlətlərin dəstəyi ilə Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizin Asiya məkanında dialoq və etimad quruculuğuna verdiyi töhfənin göstəricisidir. Bu sədrliyin əhəmiyyəti yalnız siyasi təmsilçiliklə məhdudlaşmır. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və davamlı inkişaf kimi istiqamətlər Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

İslam dünyası ilə münasibətlərdə də qarşıdakı dövr mühüm hadisələrlə əlamətdar olacaq. Belə ki, 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının keçirilməsi və Azərbaycanın təşkilata sədrliyi ölkəmizə üzv dövlətlər arasında siyasi koordinasiyanın, iqtisadi və humanitar əməkdaşlığın inkişafına töhfə vermək imkanı yaradacaq. Bu, Azərbaycanın islam dünyasındakı mövqeyinin və beynəlxalq təşəbbüslərdə iştirakının daha da genişlənməsi baxımından əhəmiyyətlidir.

Mərkəzi Asiya regionu Azərbaycanın xarici siyasətində getdikcə daha mühüm yer tutur. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşündə Azərbaycanın platformaya tamhüquqlu iştirakçı statusunda qoşulması barədə qərar qəbul edilib. 2026-cı il oktyabrın 8-də Türkmənbaşıda keçirilən səkkizinci görüşdə isə ölkəmizin 2027-ci ildə platformaya ilk dəfə sədrlik edəcəyi açıqlanıb. Bu qərarlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Belə bir şəraitdə Azərbaycanın qarşısında daha geniş diplomatik perspektiv də açılır. 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin 12-ci Zirvə toplantısının Bakıda keçirilməsi barədə razılıq ölkəmizin Avropa siyasi dialoqunda artan iştirakının mühüm göstəricisidir. AQEM-ə sədrliyin davam etdirilməsi, İƏT-ə rəhbərlik və "Avropa Siyasi Birliyi"nin Sammitinə evsahibliyi eyni dövrə təsadüf etməklə Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə əlaqələrini vahid diplomatik məkanda uzlaşdırmaq imkanlarını genişləndirir. Bu kontekstdə rəsmi Bakının beynəlxalq dialoq və vasitəçilik üçün "yeni Vyana" və ya "yeni Cenevrə" kimi tanınması perspektivi də diqqətəlayiqdir.

Dublin sammitinin gündəliyi ilə Azərbaycanın beynəlxalq fəaliyyətinin kəsişdiyi məqam da məhz budur. Avropanın təhlükəsizlik, enerji təchizatı, iqtisadi rəqabətqabiliyyətliliyi və nəqliyyat bağlantıları ilə bağlı prioritetləri ölkəmizin xarici siyasətinin əsas istiqamətləri ilə bir sıra sahələrdə üst-üstə düşür. "Cənub qaz dəhlizi", Orta dəhliz, Xəzər üzərindən inkişaf etdirilən bağlantılar və Cənubi Qafqazda davamlı sülhün təmin olunması Avropa ilə əməkdaşlığın həm iqtisadi, həm də geosiyasi əsaslarını təşkil edir. Bakıda keçiriləcək "Avropa Siyasi Birliyi"nin Sammiti isə bu dialoqun daha geniş siyasi platformaya daşınmasına şərait yaradacaq.

Əslində, qarşıdakı illərdə Azərbaycanın diplomatik gündəliyini fərqləndirən əsas cəhət coğrafi istiqamətlərin çoxluğu deyil, onların vahid strateji xətt üzrə birləşdirilməsidir. Avropa ilə enerji və nəqliyyat tərəfdaşlığı, Asiya ilə etimad və bağlantıların gücləndirilməsi, islam dünyası ilə siyasi koordinasiya, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiya ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu müxtəlif istiqamətlərdən tamamlayır. Dublindən Bakıya uzanan bu siyasi xətt Azərbaycanın yalnız regional proseslərin iştirakçısı deyil, müxtəlif geosiyasi məkanlar arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verən tərəfdaş olmaq iddiasını ifadə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!