Azərbaycan xalqı əsrlər boyu öz dövlətçilik ənənələrini qoruyub saxlamış, milli kimliyini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini yaşatmaq uğrunda mübarizə aparmışdır. Bu baxımdan, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası xalqımızın çoxəsrlik arzularının yenidən gerçəkləşməsi idi. Ancaq müstəqilliyin əldə olunması qədər onun qorunması, möhkəmləndirilməsi də böyük siyasi iradə, uzaqgörənlik və tarixi məsuliyyət tələb edirdi.
Dövlət idarəçiliyində sabitliyin bərqərar edilməsi, milli dövlətçilik institutlarının formalaşdırılması, hüquqi və demokratik cəmiyyət quruculuğunun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin gələcək tərəqqisi üçün möhkəm zəmin yaratmalı idi. Belə bir vaxtda yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə 1995-ci ilin mayında Konstitusiya Komissiyası formalaşdırıldı. Xalqımızın müstəqillik iradəsinin, milli dövlətçilik ənənələrinin, suverenliyinin və hüquqi dövlət quruculuğu əzminin təcəssümü olacaq Azərbaycan Respublikasının Konstitusiyası haqqında Ümummilli Lider Heydər Əliyev demişdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".
1995-ci ilin oktyabrında layihə ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Seçicilərin 86 faizi referendumda iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Həmin il noyabrın 27-də dövlətin Əsas Qanunu qüvvəyə mindi. 1996-cı il fevralın 6-da isə Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edildi. Beləliklə, 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Referendum yolu ilə Konstitusiyaya ilk əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında, son əlavə və dəyişikliklər isə 2016-cı ilin sentyabrında edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsi, hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin inkişafı və konstitusion münasibətlərin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli oldu.
Xalqın iradəsi ilə qəbul edilmiş Konstitusiya dövlət müstəqilliyimizin hüquqi əsaslarını möhkəmləndirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başlıca istiqamətlərini müəyyən etdi. Konstitusiyamızda xalqımızın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini formalaşdırmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsinə nail olmaq kimi ali niyyətləri öz əksini tapdı. Bu məqsədlər Konstitusiyanın yalnız öz dövrünün deyil, həm də gələcək nəsillərin qarşısında dayanan strateji vəzifələrin hüquqi ifadəsi olduğunu göstərir.
Konstitusiyamızın birinci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu müddəa xalq suverenliyinin mahiyyətini ifadə etməklə yanaşı, demokratik idarəetmənin prinsipini təsbit edir. Dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi isə hakimiyyət sistemində tarazlığın, qarşılıqlı fəaliyyətin və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.
Konstitusiyada insan hüquqlarının toxunulmazlığı, qanun qarşısında bərabərlik, şəxsi toxunulmazlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat, fikir və söz azadlığı, vicdan azadlığı kimi fundamental hüquqlar təsbit edilib. Çünki güclü dövlət ilk növbədə hüquqları qorunan, azad düşünən, sosial rifahı təmin olunan və gələcəyə inamla baxan vətəndaşların yaşadığı dövlətdir. Konstitusiyanın mahiyyəti də dövlətlə vətəndaş arasında hüquq və məsuliyyətə əsaslanan münasibətlərin formalaşdırılmasında, cəmiyyətdə ədalət və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsində ifadə olunur.
Azərbaycanın müasir dövlətçilik tarixində ən mühüm hadisələrdən biri də ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. Uzun illər ərzində torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında qalması xalqımızın milli yaddaşında silinməz iz qoymuşdu. O səbəbdən Azərbaycanın əzəli əraziləri olan Qarabağ və Şərqi Zəngəzurun yağıların əsarətindən azad edilməsi dövlətimizin qarşısında tarixi vəzifə kimi dayanırdı.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının milli birliyini, ordumuzun qəhrəmanlığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər respublikamızın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi.
İşğaldan azad edilmiş ərazilərimizdə bu gün aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikilməsi və "Böyük qayıdış" proqramının həyata keçirilməsi dövlətimizin gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Doğma yurdlarına qayıdan insanların həyatının yenidən qurulması, tarixi torpaqlarımızın dirçəldilməsi milli iradənin, dövlət gücünün və xalq-dövlət birliyinin təntənəsidir.
Konstitusiyanın qəbulundan ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin iqtisadi potensialı güclənib, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. Bu nailiyyətlərin hüquqi əsasını təşkil edən Konstitusiya ölkəmizin davamlı inkişafının başlıca dayaqlarından biridir.
Müasir dövrdə qloballaşmanın genişləndiyi, beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi bir şəraitdə hər bir dövlət üçün milli maraqların qorunması, hüquqi sabitliyin təmin edilməsi və cəmiyyətin birliyinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Konstitusiyası bu baxımdan dövlətimizin strateji inkişaf istiqamətlərini müəyyən edən, milli həmrəyliyi və ictimai sabitliyi möhkəmləndirən fundamental hüquqi sənəd kimi çıxış edir. Bu baxımdan, 12 Noyabr - Konstitusiya Günü həm də dövlətə bağlılığımızın, milli həmrəyliyimizin və hüquqi dəyərlərə sədaqətimizin ifadəsidir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"