Milli kimlik haqqında sərt ritorika, tarixi iddialar və “əzabkeş xalq” hekayələri Ermənistanı davam edən böhranlara və xarici güclərdən asılılığa səbəb olan siyasi tələyə salıb. Buna görə də, Baş nazir Nikol Paşinyanın dəstəklədiyi Ermənistan Konstitusiyasında dəyişiklik məsələsi rəmzi bir addım deyil, dövlətin mövqeyini yenidən düşünmək cəhdidir.
AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli ekspert Melih Altınokun yanvarın 9-da "Sabah" qəzetində dərc olunmuş “Ermənistan qabığından çıxır” sərlövhəli məqaləsində deyilir.
Müəllif qeyd edir ki, Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanın xarici gücdən asılılığa əsaslanan uzun müddətdir mövcud olan siyasi modelini məhv etdi. Altınok əlavə edib: “Rusiyadan asılılıq Ermənistana “təhlükəsizlik qalxanı” yaratmağa kömək etməyib və inkişaf üçün stimul olmayıb”.
Ekspert hesab edir ki, hazırkı Ermənistan hökumətinin məqsədi tarixə yanaşmaları yenidən nəzərdən keçirmək deyil, onların dövlət idarəçiliyi sisteminə təsir etməsinin qarşısının alınması və qondarma “soyqırımı” anlayışına əsaslanan siyasətdən imtina etməsindən ibarətdir. “Baş nazir Nikol Paşinyanın ölkə Konstitusiyasının yenilənməsinin zəruriliyi barədə bəyanatının arxasında duran səbəb məhz budur. Belə bir addımın atılması regionda sülh və normallaşma lehinə siyasi seçim üçün çərçivə yaradacaq ki, bu da Ermənistan üçün Konstitusiya təhdidi kimi qəbul edilməyəcək”, - deyə müəllif izah edir. O vurğulayır ki, Konstitusiya referendumu Ermənistanın Əsas Qanununun preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına da imkan verəcək.
M. Altınok qeyd edir ki, erməni diasporundan fərqli olaraq, Ermənistan sakinləri üçün prioritetlər rifah, sabitlik və proqnozlaşdırıla bilən gələcəkdir. “Avropada və ya ABŞ-da yaşayan ermənilər üçün Ermənistandakı gündəlik həyatın problemləri heç bir əhəmiyyət kəsb etmir, Ermənistandakı hazırkı hökumət isə iqtisadi və siyasi normallaşmanın təməlini qoymağa çalışır”, - deyə o yazır. Müəllif vurğulayır: “Ermənistan kimi kiçik dövlətlər üçün təhlükə dəyişiklik deyil, durğunluq və islahatlardan imtinadır”.