Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri vətəndaşların sosial rifahının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin və sosial təminatının davamlı şəkildə yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə siyasətin ardıcıl və nəticəyönlü xarakter daşıdığını bir daha təsdiqləyir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, geridə qoyduğumuz ildə sayca 5-ci sosial islahat paketi uğurla icra olunub: “Bu sosial islahat paketi 3 milyon vətəndaşın rifahına təsir etməklə sosial sahədə növbəti irəliləyişlər yaradıb. Əlavə olaraq illik 1,4 milyard manat vəsaitin ayrıldığı bu islahat paketi nəticəsində ötən il minimum əməkhaqqı artırılaraq 345 manatdan 400 manata çatdırılıb. 2025-ci ildə minimum pensiya da artırılaraq 280 manatdan 320 manata çatdırılıb, bütün pensiyalar indeksləşdirilərək artırılıb, sosial müavinət və təqaüdlərdə artımlar edilib. Bir çox qurumlarda çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların, dövlət qulluqçusu olmayan işçilərin maaşları və s. artırılıb. Ümumilikdə son illərdə icra olunan 5 sosial islahat paketi 4 milyon vətəndaşımızı əhatə edib, bu islahatlar üçün ayrılan illik əlavə vəsait 8 milyard manata yaxın olub”.
Həmçinin vurğulanıb ki, pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək: “Proqnoz göstəricilərə görə, bu il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir. Dövlət Sosial Müdafiə Fondu bu il əhaliyə ötən illə müqayisədə 800 milyon manat çox vəsait ödəyəcək. 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur. Bu il, həmçinin 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması gözlənilir. Sosialyönlü xərclərin bu ilin dövlət büdcəsində xüsusi çəkisinin 41,1 faiz olması nəzərdə tutulub ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə artımı deməkdir”.
Məlumata görə, aktiv məşğulluq proqramlarının, xüsusilə “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun artırılması, şəhid ailələrinə və müharibə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək tədbirlərinin, DOST xidmətləri infrastrukturunun ölkəboyu genişləndirilməsi işlərinin, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi, eləcə də, digər həssas qruplardan olan şəxslərə yönələn dəstək tədbirləri 2026-cı ildə də təmin ediləcək. Beləliklə, dövlətimizin başçısının da qeyd etdiyi kimi, sosial sahədə inkişaf iqtisadi inkişafla paralel şəkildə aparılmaqla, qarşıdakı dövrdə də dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq.