Erməni kilsəsi
postmünaqişə dövrünün reallıqlarına qarşı çıxır, revanşist mövqe ortaya qoyur
Azərbaycan-Ermənistan
sülh sazişi iki dövlət arasında uzunmüddətli münaqişəyə son qoymaq və
qarşılıqlı dövlətlərarası münasibətlərin hüquqi əsaslarını formalaşdırmaq məqsədi
daşıyan sənəd kimi nəzərdə tutulur. 2025-ci il avqustun 8-də tərəflər sazişin mətnini
paraflayaraq razılaşma əldə ediblər.
Azərbaycan
Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş
görüşünə dair Birgə Bəyannamə, ABŞ Prezidenti tərəfindən 907-ci düzəlişin
dayandırılması, Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizinin açılmasına dair
razılaşma postmünaqişə dövründə regional sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi
baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Lakin sülh prosesinin
institusional və davamlı xarakter alması yalnız rəsmi sənədlərlə deyil, eyni
zamanda siyasi və ictimai ritorikanın da bu reallıqlara uyğunlaşmasını tələb
edir. Lakin sülh gündəliyinin irəlilədiyi bir mərhələdə erməni kilsəsi reallıqlara
qarşı çıxır, revanşist mövqe nümayiş etdirir. Bu mənada Erməni Apostol Kilsəsinin
rəhbərliyi tərəfindən səsləndirilən antisülh fikirləri xəstə erməni təfəkkürünün
göstəricisi kimi qiymətləndirmək olar. Erməni Apostol Kilsəsinin rəhbəri, bütün
ermənilərin katolikosu II Qareginin yanvarın 6-da səsləndirdiyi fikirlər
onilliklərdir formalaşdırılan işğalçı narrativin davamıdır.
II
Qareginin çıxışında "Arsax" ifadəsinin işlədilməsi ayrıca diqqət cəlb
edir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi ilə
bağlı qondarma ifadənin işlədilməsi bir daha göstərir ki, kilsə yeni
reallıqlara və sülhə qarşı çıxır. Bu kontekstdə Ermənistanın daxili siyasi həyatında
baş verən son proseslər də Erməni Apostol Kilsəsinin mövqeyinin nə dərəcədə destruktiv
xarakter daşıdığını aydın şəkildə üzə çıxarır. Baş nazir Nikol Paşinyanın son
çıxışları faktiki olaraq onu göstərir ki, rəsmi İrəvan sülhün mifik çağırışlar
və ritorika ilə deyil, konkret siyasi qərarlar, hüquqi öhdəliklər və real
davranış modeli ilə mümkün olduğunu qəbul edir. Paşinyanın "sülh yalnız
dualarla yaradılmır" fikri də birbaşa kilsənin revanşist ideoloji xəttin
iflasını etiraf etmək deməkdir. Bu yanaşma kilsənin özünü "milli
maraqların qoruyucusu" kimi təqdim etməsinin, əslində, siyasi manipulyasiya
vasitəsi olduğunu göstərir.
Xüsusilə
diqqətçəkən məqam Paşinyanın Erməni Apostol Kilsəsinin müəyyən dairələr tərəfindən
Ermənistana qarşı siyasi alətə çevrilməsi ilə bağlı səsləndirdiyi açıq
ittihamlardır. Bu fikirlər göstərir ki, erməni kilsəsi ictimai rəyin
radikallaşdırılmasına xidmət edən ideoloji mərkəz rolunu oynayır. Sülh
prosesinin aktiv mərhələsində kilsə rəhbərliyinin, o cümlədən II Qareginin
ritorikası Ermənistan cəmiyyətini reallıqlarla barışmağa yox, keçmişin mifoloji
və işğalçı təsəvvürlərinə geri qaytarmağa hesablanıb. Bu isə nə dini missiya ilə,
nə də regionda sabitliyin təmin olunması təşəbbüsləri ilə uzlaşır. Əksinə, bu
mövqe Ermənistanın beynəlxalq öhdəliklərinə, eləcə də öz siyasi rəhbərliyinin
müəyyən etdiyi kursa açıq müqavimət formasıdır.
Paşinyanın
din və dövlət münasibətlərinin sərt şəkildə ayrılması ilə bağlı verdiyi
mesajlar, əslində, Ermənistan daxilində dərin ideoloji transformasiyanın
getdiyini göstərir. "Real Ermənistan" konsepsiyası çərçivəsində kilsənin
ictimai rolunun azaldılması xətti erməni siyasi şüurunda dönüş yaratmağa yönəlib.
Məhz buna görə də Erməni Apostol Kilsəsi sülhə qarşı aqressiv mövqe ortaya
qoyur. Bu isə Ermənistanın gələcəyi üçün ciddi risklər yaradır. Kilsə bu
davranışı ilə sülhün qarşısında maneə rolunu oynadığını və regionu yeni gərginliklərə
sürükləmə niyyətini bir daha nümayiş etdirir.
Ancaq görünən
odur ki, Azərbaycan qətiyyətli siyasəti ilə erməni kilsəsinin revanşizm niyyətini
gözündə qoyacaq.
Təhminə VERDİYEVA,
"Azərbaycan"