20 May 2026 08:35
98
CƏMİYYƏT
A- A+
Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur


Bakı bu günlərdə dünyanın diqqət mərkəzindədir. Paytaxtımız mayın 17-dən etibarən qlobal şəhərsalma gündəmini müəyyənləşdirən ən nüfuzlu beynəlxalq platformalardan biri - Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasına evsahibliyi edir. BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum mayın 22-dək davam edəcək. 

"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan tədbir miqyası və iştirakçı sayı ilə WUF tarixində xüsusi yer tutub. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.

Forumun əsas məkanlarından biri olan Bakı Olimpiya Stadionunun ətrafına yaxınlaşdıqca burada nəhəng tədbir üçün yaradılan atmosfer dərhal hiss olunur. Əraziyə daxil olan andan etibarən yüksək təşkilatçılıq, sistemli idarəetmə və təhlükəsizlik tədbirləri diqqəti cəlb edir. Minlərlə iştirakçının hərəkət etdiyi bir məkanda koordinasiyanın bu qədər dəqiq qurulması forumun təşkilati səviyyəsinin nə qədər peşəkar şəkildə planlaşdırıldığını göstərir. Könüllülər, informasiya masaları, elektron istiqamətləndirici sistemlər və rəqəmsal məlumat lövhələri iştirakçıların tədbir zonasında rahat hərəkətinə imkan yaradır.

Forum məkanına daxil olduqdan sonra isə WUF13-ün əzəməti daha aydın görünür. Müxtəlif dillərdə danışan insanlar, fərqli ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, şəhər planlaşdırıcıları, memarlar, ekoloqlar və investorlar eyni platformada qlobal urbanizasiya problemlərini müzakirə edirlər. Burada şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, "yaşıl enerji", inklüziv şəhər mühiti, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məsələləri əsas müzakirə mövzularındandır.

Ümumilikdə 53 hektarlıq ərazini əhatə edən forum zonasında plenar iclas zalları, innovasiya sahələri, media mərkəzləri, açıq hava platformaları və geniş sərgi məkanları yaradılıb. Açılış və bağlanış mərasimlərinin keçirildiyi əsas zal eyni anda 6 min nəfəri qəbul etmək imkanına malikdir. Ərazidə qurulan ümumi vizual konsepsiya isə Azərbaycanın milli-mədəni irsini müasir memarlıq yanaşmaları ilə birləşdirir. İstirahət guşələrində İçərişəhər memarlığından ilhamlanan elementlər, milli ornamentlər və Azərbaycan xalçaçılığına məxsus naxışlar istifadə olunub. Bu yanaşma həm ölkənin qədim mədəniyyətini təqdim edir, həm də müasir tədbir estetikası ilə milli ruhun vəhdətini yaradır.

Forumun ən maraqlı məkanlarından biri açıq hava formatında təşkil olunan WUF13 bulvarıdır. Burada iştirakçılar sərbəst şəkildə gəzə, istirahət edə, müxtəlif ölkələrin təqdimatlarını izləyə və Bakı atmosferini hiss edə bilirlər. Bulvar həm də forumun əsas sərgi zonası hesab edilən "Urban Expo"ya keçid rolunu oynayır. Məhz burada dünyanın müxtəlif ölkələri öz şəhərsalma təcrübələrini, innovativ həllərini və gələcək şəhər modellərini nümayiş etdirirlər.

"Urban Expo" sərgisi forumun ən canlı və dinamik hissələrindən biridir. Burada 121 pavilyon fəaliyyət göstərir ki, onların da 41-i milli pavilyonlardır. Dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl şirkətlər, universitetlər və tədqiqat mərkəzləri urbanizasiya və dayanıqlı inkişaf sahəsindəki fəaliyyətlərini təqdim edirlər. Pavilyonlar, sadəcə, sərgi məkanı deyil, həm də fikir mübadiləsi, əməkdaşlıq və gələcək layihələrin müzakirə platforması rolunu oynayır.

Sərginin ən böyük və diqqətçəkən pavilyonlarından biri isə Azərbaycan pavilyonudur. Təxminən 1500 kvadratmetr sahəni əhatə edən bu məkan ölkənin müasir şəhərsalma siyasətini, memarlıq baxışını və dayanıqlı inkişaf modelini nümayiş etdirir. Pavilyonun dizaynında Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasından ilhamlanılıb. Dünyaşöhrətli memar Zaha Hadidin müəllifi olduğu həmin memarlıq üslubunun axıcı və futuristik xətləri pavilyonun ümumi quruluşunda da hiss olunur.

Azərbaycan pavilyonuna daxil olduqda ilk diqqətçəkən məqam milli ruhun müasir təqdimatla vəhdət təşkil etməsidir. Bir tərəfdə xalçaçılar canlı şəkildə xalça toxuyur, digər tərəfdə musiqiçilər tar və kamança ifa edir, rəssamlar isə Bakının mənzərələrini kətana köçürürlər. Pavilyonun mərkəzində yerləşdirilən böyük Azərbaycan maketi isə ölkənin təbii gözəlliklərini, şəhərlərini və memarlıq nümunələrini bir arada nümayiş etdirir.

Qalereya hissəsində Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma layihələri təqdim olunur. Burada qədim irsimizi əks etdirən İçərişəhərdən tutmuş müasir urbanizasiya nümunələrinə qədər geniş ekspozisiya yer alıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma layihələri iştirakçıların böyük marağına səbəb olur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" layihələri və ekoloji yanaşmalar Azərbaycanın gələcək inkişaf strategiyasını nümayiş etdirən əsas istiqamətlərdən biridir.

Pavilyonda yaradılan virtual reallıq zonaları ziyarətçilərə Azərbaycanın müxtəlif bölgələrini interaktiv şəkildə tanımaq imkanı verir. Turizm guşələrində ölkənin tarixi məkanları, təbiəti və mədəniyyət nümunələri təqdim olunur. Milli mətbəx bölməsində isə xarici qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilir. Bu məkan forum iştirakçılarında xüsusi maraq və rəğbət yaradır.

"Urban Expo" sərgisində diqqət çəkən pavilyonlardan biri də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə məxsusdur. "İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan" mövzusunda qurulan bu pavilyon sosial inklüzivliyin və yaradıcı yanaşmanın uğurlu nümunəsini nümayiş etdirir. Burada mərkəzin benefisiarları tərəfindən hazırlanan müxtəlif əl işləri sərgilənir. Dulusçuluq, vitraj sənəti, bədii oyma və təsviri incəsənət nümunələri həm estetik baxımdan maraq doğurur, həm də inklüziv cəmiyyət modelinin önəmini nümayiş etdirir.

Ekspozisiyada Azərbaycanın tarixi memarlıq abidələrinin təsvir olunduğu sənət əsərləri də xüsusi yer tutur. Ziyarətçilərə mərkəzin fəaliyyəti, həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər və həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat verilir. Pavilyonda quraşdırılmış monitorlarda müxtəlif videoçarxlar nümayiş olunur, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılır.

Ən çox maraq doğuran hissələrdən biri isə vitraj sənəti üzrə təşkil olunan master-klaslar idi. Xarici qonaqlar və forum iştirakçıları bu prosesə qoşularaq öz bacarıqlarını sınayır, sənət nümunələrinin hazırlanmasında iştirak edirdilər. Bu cür interaktiv təqdimatlar forumun yalnız nəzəri müzakirələrlə məhdudlaşmadığını, həm də mədəni və sosial inteqrasiyanı təşviq etdiyini göstərir.

Enerji sektoru da WUF13 çərçivəsində geniş şəkildə təmsil olunur. "Azərenerji" və "Azərişıq" şirkətlərinin birgə təqdim etdiyi pavilyon müasir enerji infrastrukturu və rəqəmsal transformasiya layihələrinə həsr olunub. Burada Azərbaycanın enerji sisteminin inkişaf mərhələləri, innovativ texnologiyalar və gələcək enerji strategiyası nümayiş etdirilir.

Pavilyonda təqdim olunan "Azərbaycan enerji sisteminin arxitekturası" və "Şəbəkə memarlığı" kitabları iştirakçıların xüsusi marağına səbəb olub. Burada enerji təhlükəsizliyi, dayanıqlı enerji infrastrukturu və müasir idarəetmə mexanizmləri haqqında geniş məlumat verilir. Qapalı tipli "Xankəndi" və "Ağ Şəhər" yarımstansiyalarının maketləri, enerji şəbəkələrini əks etdirən interaktiv stendlər isə ziyarətçilərin diqqətini cəlb edən əsas hissələrdəndir.

Forumda Azərbaycanın ali təhsil müəssisələri də fəal iştirak edirlər. Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, UNEC, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti kimi ali məktəblərin pavilyonları tələbələrin innovativ layihələrini nümayiş etdirir. Universitetlərin təqdim etdiyi startap layihələri urbanizasiya, ekoloji həllər, süni intellekt, enerji səmərəliliyi və "ağıllı şəhər" texnologiyalarını əhatə edir. Gənclərin ideyalarının beynəlxalq auditoriyaya təqdim olunması həm Azərbaycanın təhsil potensialını nümayiş etdirir, həm də gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradır.

Pavilyonlarda nümayiş olunan layihələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Xüsusilə ekoloji dayanıqlılıq və "yaşıl enerji" ilə bağlı təqdimatlar diqqət mərkəzindədir. Tələbələr öz layihələrini interaktiv təqdimatlar və rəqəmsal həllərlə nümayiş etdirirlər. Forum gənclərin beynəlxalq təcrübə qazanması üçün də mühüm platforma rolunu oynayır. Ali təhsil müəssisələrinin sərgidə fəal iştirakı ölkədə innovativ düşüncənin inkişaf etdiyini göstərir. Burada əldə olunan yeni əlaqələrin gələcəkdə ortaq layihələrin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir. WUF13 çərçivəsində universitetlərin nümayiş etdirdiyi təşəbbüslər Azərbaycanın elm və təhsil sahəsində artan nüfuzunu bir daha nümayiş etdirir.

Forum iştirakçılarının ən çox maraq göstərdiyi guşələrdən biri də "Sea Breeze" layihəsinə həsr olunmuş ekspozisiyadır. Burada təqdim olunan geniş maketlər layihənin miqyasını və futuristik yanaşmasını aydın şəkildə göstərir. Kurort və yaşayış komplekslərini əhatə edən layihələr, süni ada, əyləncə zonaları və müasir memarlıq həlləri xarici qonaqların diqqətini cəlb edir. Pavilyonda nümayiş etdirilən interaktiv təqdimatlar vasitəsilə ziyarətçilər layihənin gələcək inkişaf mərhələləri ilə yaxından tanış olurlar. Xüsusilə sahilyanı ərazilərin innovativ üsullarla planlaşdırılması iştirakçılar tərəfindən maraqla qarşılanır. Layihədə ekoloji tarazlığın qorunmasına xüsusi önəm verilməsi də diqqətçəkən məqamlardan biridir. Burada "yaşıl enerji" həlləri, "ağıllı idarəetmə sistemləri" və dayanıqlı şəhərsalma prinsipləri ön plana çıxarılır. Xarici investorlar və urbanistika üzrə mütəxəssislər layihənin region üçün yeni inkişaf modeli ola biləcəyini qeyd edirlər.

"Sea Breeze"in yalnız turizm deyil, həm də yaşayış və biznes imkanlarını bir araya gətirən müasir şəhər konsepsiyası olduğu vurğulanır. Təqdim olunan vizual materiallar gələcəkdə ərazinin necə böyük və funksional məkana çevriləcəyini aydın nümayiş etdirir. Forum iştirakçıları layihənin memarlıq baxımından cəsarətli və innovativ yanaşmasını yüksək qiymətləndirirlər. Xəzər sahilində həyata keçirilən bu konsepsiyanın Bakının beynəlxalq imicinə əlavə töhfə verəcəyi bildirilir. Ekspozisiya ətrafında yaranan canlı müzakirələr layihəyə olan marağın kifayət qədər böyük olduğunu göstərir. Müxtəlif ölkələrdən gələn nümayəndələr layihənin texniki və memarlıq xüsusiyyətləri ilə bağlı suallar ünvanlayırlar. Təqdimat zamanı layihənin gələcəkdə iqtisadi və turizm potensialına yaradacağı təsirlər barədə də ətraflı məlumat verilir. Qeyd olunur ki, bu cür irimiqyaslı layihələr şəhərsalma sahəsində yeni yanaşmaların tətbiqinə imkan yaradır. "Sea Breeze" guşəsi forumun ən çox ziyarət olunan və diqqətçəkən məkanlarından biri kimi yadda qalır.

"Ağ Şəhər" layihəsinə həsr olunmuş pavilyon da forumun ən böyük sərgi məkanlarından biridir. Pavilyonun mərkəzində yerləşdirilən iri maket Ağ Şəhərin gələcək urbanistik modelini əks etdirir. Müxtəlif memarlıq üslublarında inşa olunan rayonlar, yaşıllaşdırma zonaları, yaşayış və kommersiya sahələri layihənin miqyasını nümayiş etdirir. Təqdim olunan məlumatlara əsasən, layihə çərçivəsində onlarca yaşayış və biznes zonası, geniş bulvar xətti, yüz minlərlə insan üçün yaşayış və iş imkanları yaradılır.

WUF13 yalnız şəhərsalma forumu deyil. Bu tədbir eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və müasir inkişaf modelinin nümayişidir. Burada yaradılan mühit, təqdim olunan layihələr və sərgilənən innovativ yanaşmalar Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində iddialı hədəflərə malik olduğunu göstərir.

Forum iştirakçıları ilə söhbətlər zamanı onların əksəriyyəti Bakının sürətli inkişafını, müasir memarlıq simasını və şəhərin təhlükəsiz mühitini xüsusi vurğuladı. Xarici qonaqların diqqətini çəkən əsas məqamlardan biri isə qədimliklə müasirliyin Bakıda harmonik şəkildə birləşməsidir. Bir tərəfdə əsrlərin yadigarı olan İçərişəhər, digər tərəfdə futuristik memarlıq nümunələri paytaxtın unikal simasını formalaşdırır.

WUF13 çərçivəsində keçirilən tədbirlər, təqdimatlar və beynəlxalq müzakirələr bir daha göstərir ki, gələcəyin şəhərləri artıq bu gün formalaşır. Həmin gələcəyin qurulmasında isə Azərbaycan öz təcrübəsi, layihələri və baxışları ilə qlobal urbanizasiya prosesində fəal iştirak edir. Dünya şəhərsalma gündəminin bu gün Bakıda müzakirə olunması isə ölkəmizin beynəlxalq arenada artan rolunun daha bir göstəricisidir.


Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal iqlim dəyişikliyi təbiətin ritmini pozur

08:50
20 May

Ermənistanda seçki rəqabəti: ritorika sərtləşir

08:45
20 May

Sərvətdən sənətə

08:40
20 May

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

08:35
20 May

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

08:30
20 May

Azərbaycan təcrübəsini bölüşməyə hazırdır

08:27
20 May

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

08:25
20 May

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

08:20
20 May

Prezident İlham Əliyev Azərbaycanın universal həll modellərini təqdim etdi

08:15
20 May

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

08:10
20 May

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

08:05
20 May

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!