Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisi yaxınlaşdıqca, partiyalar arasındakı siyasi mübarizə fərqli müstəviyə keçir. Tərəflər qarşılıqlı ittihamlar irəli sürür, bir-birinin ünvanına açıq şəkildə təhdid və təhqirlər səsləndirirlər. Gərginliyin mərkəzində illərdir Ermənistanı fəlakətə sürükləyən köhnə rejimin qalıqları və onların başında duran sabiq prezident Robert Koçaryan dayanır. Siyasi arenada heç bir real proqramı, gələcək baxışı olmayan revanşist müxalifət öz ritorikasını təhqirlər və cəmiyyəti parçalamaq üzərində qurur.
Revanşist dairələrin əsas namizədi hesab olunan Robert Koçaryan Baş nazir Nikol Paşinyanın əvvəllər müxalifəti Rusiyanın qulluğunda durduğu üçün "hambal" adlandırmasını xatırladaraq deyib ki, indi əsl "hambal" Paşinyandır. O iddia edib ki, "hambal" sözü hakim partiyada əsas sözlərdən biri kimi qəbul edilir: "Biz deyirik ki, erməniyik, burada doğulmuşuq, burada yaşayırıq. İndi ay hambal, sənin bununla nə problemin var?" Koçaryan iddia edib ki, Paşinyanın "pultu" başqa qüvvələrin əlindədir. Hətta sabiq prezident 2021-ci ildə Paşinyana səs verənləri də qınamaqdan çəkinməyib.
Nikol Paşinyanın Koçaryana sərt reaksiyası özünü çox gözlətməyib. Baş nazir onun partiyasında "hambal" sözünün işləndiyini, lakin bu sözün sırf Koçaryan barəsində istifadə edilən ifadə olduğunu bildirib. O qeyd edib ki, Ermənistanda ayrı-ayrılıqda Robert və Koçaryan ad-soyadı var, lakin bu ad-soyad birləşəndə dönüb "hambal" olur: "Başa düşdünmü, ay hambal?" Hökumət başçısının sözlərinə görə, Koçaryan törətdiyi cinayətlərə görə mütləq həbs olunmalıdır. Baş nazir rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının seçkilərdə qələbə qazanacağından əmin olduğunu vurğulayıb. Paşinyan iddia edib ki, Samvel Karapetyan, Qaqik Sarukyan, Serj Sarkisyan və Robert Koçaryan iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Ermənistandan qaçmaq haqda düşünəcəklər. Baş nazir müxalifətin sülh prosesi ilə bağlı ən iyrənc yalanlar uydurduqlarını söyləyib və Koçaryanla Qaqik Sarukyan və Samvel Karapetyan arasındakı işbirliyini "üçbaşlı müharibə koalisiyası" adlandırıb.
Üçlü koalisiyanın əsas idarəedici qüvvəsi olan və ermənilərin taleyi ilə oynamaqdan çəkinməyən Robert Koçaryan milli kimlik kimi həssas mövzulardan manipulyasiya vasitəsi kimi istifadə edir. Özünün hakimiyyətdə olduğu qanlı dövrləri, Xocalı soyqırımındakı cinayətkar rolunu və 2008-ci il martın 1-də İrəvanda dinc nümayişçiləri gülləbaran etdirdiyini unudan Koçaryan indi topluma "mənəviyyat" dərsi keçməyə çalışır. Onun kilsə arxasında gizlənməsi və 2021-ci ildə Paşinyana səs vermiş milyonlarla insanı az qala xəyanətdə ittiham etməsi, əslində, Ermənistan cəmiyyətinə və xalqın iradəsinə qarşı nifrətinin açıq təzahürüdür.
Nifrət və revanşizm üzərində təşkilatlanan Ermənistan müxalifətinin daxildə heç bir sosial bazası yoxdur. Çünki onlar Ermənistan cəmiyyətinin maraqlarını deyil, xaricdəki ağalarının və sadəcə, öz ambisiyalarını düşünən erməni lobbisinin maraqlarını təmsil edirlər. Xarici güclərdən aldıqları maliyyə və siyasi dəstəklə ölkədə sabitliyi pozmağa, regionda yenidən qan tökülməsinə şərait yaratmağa çalışan bu qüvvələr Cənubi Qafqazda sülh və sabitlik prosesi üçün ən ciddi təhdid mənbəyidir. Onların yeganə hədəfi Ermənistanı daim müharibə və xaos bataqlığında saxlamaqdır ki, bulanıq suda yenidən öz çirkin siyasi məqsədlərini reallaşdıra bilsinlər. Məhz bu səbəbdən erməni cəmiyyətində koçaryanlara, sarkisyanlara etimad demək olar ki, yoxdur. Revanşist qüvvələr anlamaq istəmirlər ki, Ermənistanda insanlar keçmişin korrupsioner rəhbərlərindən birdəfəlik imtina ediblər və onların yenidən hakimiyyətə gəlməsini ölkə üçün böyük təhdid sayırlar.
N.Paşinyanın seçkilərdən sonra müxalifət rəhbərlərinin ölkədən qaçacağını vurğulaması cinayətkar şəbəkənin sonunun yaxınlaşdığının anonsudur. Baş nazirin bu qruplaşmanı "üçbaşlı müharibə koalisiyası" adlandırması tamamilə reallığı əks etdirir. Çünki həmin şəxslər illərboyu ölkəni uçuruma sürükləyən və xalqı yoxsulluğa məhkum edən hərbi xuntanın nümayəndələridir. Ona görə də müxalifətin sülh prosesi ilə bağlı uydurduğu yalanlar, xalqı qorxu və vahimə içində saxlamaq taktikası işə yaramır. Ermənistan cəmiyyətinin böyük qismi dərk edir ki, Robert Koçaryan və onun oliqarx tərəfdaşlarının hakimiyyətə qayıdışı ölkənin tamamilə məhvi və yeni fəlakət deməkdir. Paşinyanın seçkilərdə qələbə qazanacağına əminliyi də bundan qaynaqlanır.
Hazırda Ermənistanda baş verənlər göstərir ki, iyunun 7-də erməni xalqı, sadəcə, qutulara bülleten atmayacaq, eyni zamanda ölkənin gələcək taleyini müəyyənləşdirəcək. Bir tərəfdə regionda çətinliklə də olsa qurulmağa çalışılan sülh prosesi, digər tərəfdə isə xalqı yenidən qan və fəlakət bataqlığına sürükləmək istəyən, xaricdən idarə olunan "üçbaşlı müharibə koalisiyası" dayanıb. Lakin koçaryanların anlamadığı reallıq odur ki, tarixin təkərini geriyə fırlatmaq mümkün deyil. Regionda yaranmış yeni geosiyasi reallıqlar geriyə dönməz xarakter alıb. Koçaryan kimilərin və digər revanşist qüvvələrin İrəvan meydanlarında pafoslu çıxışlarından, seçki şoularından asılı olmayaraq, Ermənistanın daxili siyasi çəkişmələri Azərbaycanın diktə etdiyi böyük reallığı dəyişdirə bilməz. Azərbaycan öz gücü, qətiyyəti, hərbi-siyasi zəfəri ilə regionun gələcək xəritəsini cızıb. Ermənistandakı siyasi oyunbazlar bu reallıqla barışmaq məcburiyyətindədirlər. Çünki regionun gələcəyini köhnə rejimin tör-töküntülərinin xəyalları yox, Bakının qətiyyətli iradəsi müəyyən edir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"