Prezident İlham Əliyevin mayın 18-də dünyanın aparıcı informasiya nəhənglərindən olan "Euronews" televiziyasına verdiyi müsahibə rəsmi Bakının akademik savadla siyasi qətiyyətin ifadə olunduğu, dövlət maraqlarının qorunmasında hüquqi sipər rolunu oynayan dinamik və intellektual bir lider üslubunda növbəti xarici siyasət uğuru olmaqla yanaşı, həm də müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin artan strateji çəkisini nümayiş etdirən fundamental bir audiovizual materialdır. Dövlət başçısı özünəməxsus dərin siyasi zəka, sarsılmaz məntiq və hüquqi-analitik dəqiqliklə zəngin olan cavabları vasitəsilə bəşəriyyətin qarşılaşdığı qlobal çağırışlara Azərbaycanın universal həll modellərini təqdim edib. İlk növbədə onu qeyd edək ki, hər bir tezisində milli maraqlarımızın müdafiəsi müstəvisində beynəlxalq hüququn aliliyini rəhbər tutmaqla yeni reallıqların və qlobal gündəliyin uğurlu strateji təhlili Azərbaycanın hücum diplomatiyasının və xarici siyasət strategiyasının növbəti təntənəsi sayıla bilər.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında deyib ki, müsahibədə ilk olaraq 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı Ümumdünya Şəhərsalma Forumuna Azərbaycanın evsahibliyi etməsi faktını ön plana çıxaran Prezident haqlı olaraq bu irimiqyaslı tədbiri Azərbaycan xalqına və dövlətinə bəşəri miqyasda göstərilən hörmətin bariz nümunəsi kimi xarakterizə etdi: "Heç şübhəsiz ki, COP29-dan dərhal sonra belə bir nəhəng foruma - BMT-nin ikinci böyük platformasına evsahibliyi etmək rəsmi Bakının beynəlxalq miqyaslı güc potensialını və təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Hüquqi baxımdan bu reallıq bəzi imperialist və şovinist Qərb mərkəzlərinin Azərbaycana qarşı yürütməyə çalışdığı təcrid siyasətinin və qərəzli kampaniyaların beynəlxalq hüquq müstəvisində tamamilə iflasa uğradığını əyani formada sübut edir. Tədbirin məzmununa gəldikdə isə, təbii ki, Azərbaycan Prezidentinin həm bu nəhəng platformada, həm də WUF-un özündə danışmağa sözü var və təsadüfi deyil ki, cənab İlham Əliyev forum vasitəsilə dünyaya unikal bir dövlətçilik təcrübəsi təqdim etdi: "İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, "yaşıl enerji" zonaları, sadəcə, regional uğur deyil. Bu bərpa modeli mütərəqqi urbanizasiya hüququ baxımından müharibə və dağıntılardan əziyyət çəkmiş digər dövlətlər üçün artıq beynəlxalq səviyyədə universal inkişaf etalonu kimi qəbul olunur. Ən azı ona görə ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma dünyaya təqdim edilən unikal hüquqi və postkonflikt innovasiya modelidir. Bu model mahiyyət etibarilə beynəlxalq humanitar hüququn və dövlət quruculuğu elminin yeni bir manifesti, ölkəmizin rəhbərinin vurğuladığı "tarixi və memarlıq irsinin qorunması ilə müasirləşmənin uzlaşdırılması" formulu isə müasir urbanizasiya hüququnun və fəlsəfəsinin ən mütərəqqi tezislərindən biridir".
Deputat qeyd edib ki, müxbirin Azərbaycanın postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələrə dair sualına cənab Prezidentin verdiyi cavab, sözün əsl mənasında, faktoloji sarsılmazlıq nümunəsi kimi göründü. Prezident İlham Əliyev cəmi 5 il ərzində 85 min insanın doğma torpaqlarına qaytarılmasını, 307 meqavatlıq hidroenerji gücünün yaradılmasını, böyük faiz nisbəti qısa müddət ərzində tikintisi başa çatmış yüzlərlə körpü və tunelləri konkret rəqəmlərlə diqqətə çatdırmaqla, heç bir ritorik mübaliğəyə yol vermədən burada dövlətin gücünü, iqtisadi suverenliyinə və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarının hüquqi dayanıqlılığına nail olan real güc obrazı ortaya qoymuş oldu. Ölkə rəhbəri çox haqlı olaraq açıq şəkildə bəyan etdi ki, 30 illik dağıntılardan sonra Azərbaycanın sıfırdan yaratdığı bu infrastruktur bənzər problemlərlə üzləşmiş digər ölkələr üçün beynəlxalq səviyyədə universal inkişaf modeli rolunu oynayır. Daha konkret desək, Prezident İlham Əliyev WUF13 platformasında Azərbaycanın yalnız ənənəvi enerji resurslarının tədarükçüsü kimi deyil, bəşəriyyətin gələcək şəhərsalma innovasiyalarını və modern inkişaf fəlsəfəsini formalaşdıran qlobal strateji aktor kimi mövqeləndiyini bəyan etmiş oldu ki, bu da postkonflikt reabilitasiyası tarixində analoqu olmayan bir təcrübədir. "Heç şübhəsiz ki, Qərbin media nəhəngi Avropanın enerji təhlükəsizliyi mövzusunu kənarda saxlaya bilməzdi və cənab İlham Əliyevin siyasi şantajdan uzaq, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq modeli bu müsahibənin də vacib elementlərindən birinə çevrildi. Məhz bu çərçivədə Avropanın enerji şaxələndirilməsində Azərbaycanın rolu barədə danışarkən dövlətimizin başçısı xarici siyasətimizin etibarlılıq və şəffaflıq prinsiplərini xüsusi qabardaraq "Cənub qaz dəhlizi" vasitəsilə 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə qaz ixrac edilməsi faktlarına toxunmaqla, ölkəmizin qlobal iqtisadiyyatdakı imperativ statusunu bir daha faktoloji əsaslarla bəyan etmiş oldu. Üstəlik, bir daha göründü ki, Azərbaycanın enerji diplomatiyası təzyiq vasitəsi deyil, cənab Prezidentin qeyd etdiyi kimi, "win-win" prinsipinə - "qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq" alətidir. Məntiq isə çox sadə və praqmatikdir. Cənab İlham Əliyevin təbirincə desək, "Bizim premium bazara, Avropanın isə etibarlı alternativ mənbəyə ehtiyacı var". Dövlətimizin başçısının növbəti ayın əvvəlində yeni yataqdan hasilatın başlayacağı müjdəsini verməsi isə Azərbaycanın qlobal enerji təchizatçısı kimi mövqelərinin hələ uzun onilliklər ərzində sarsılmaz qalacağının hüquqi-iqtisadi zəmanətini verməklə və Bakının ehtiyatlarının tükəndiyini iddia etməklə, investorlarda şübhələr oyatmaq istəyən qərəzli dairələrə hətta sarsıdıcı da yox, məhz ölümcül zərbə oldu", - deyə o əlavə edib.
B.Məhərrəmov bildirib ki, beynəlxalq proseslərlə, xüsusən Yaxın Şərqdə və İran körfəzində cərəyan edən gərginliklərlə bağlı jurnalistin sualına cənab İlham Əliyevin cavabı da, əslində, əvvəlki cümlədə səslənən tezisin uğurlu davamı sayıla bilər. Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında yaşanan geosiyasi böhranların qlobal bazarlara təsirindən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın bu cür kataklizmlərə qarşı nə dərəcədə dayanıqlı bir immunitet formalaşdırdığını analitik şəkildə əsaslandırdı. Azərbaycanın bu böhranlardan sığortalanmasının səbəbini dövlət başçısı "vaxtında edilmiş ev tapşırığı" və çoxtərəfli uğurlu diplomatiya ilə izah etdi. İstehsalçı, tranzit ölkə və istehlakçı arasında yaradılan hüquqi konsensus və qonşularla qurulan balanslaşdırılmış münasibətlər zənciri Azərbaycanı bir istiqamətdən asılı qalmayan çoxşaxəli münasibətlərə və seçim imkanına malik regional təhlükəsizlik vahidinə çevirib. Üstəlik, Prezidentin vurğuladığı kimi, böhrandan sonra formalaşacaq yeni dünya nizamında Azərbaycanın coğrafiyası və resursları daha böyük tələbata sahib olacaqdır. Yəni Azərbaycan bəzi populist mövqelərin tam əksinə, münaqişələr hesabına neft və digər enerji resurslarının qiymətlərinin artmasına uğur əmsalı kimi baxmır. Dövlət başçısı qeyd etdi ki, neft qiymətlərinin artması ilkin baxışda gəlirli görünsə də, qlobal fond və səhm bazarlarının çökməsi nəticəsində investisiya itkilərinə yol açır. Yəni daha etibarlı üsul şaxələndirilmiş nəqliyyat-kommunikasiya imkanlarına sahib olmaqdır ki, Prezident İlham Əliyev də bu reallığa və dinamikaya nail olub. Bu konsepsiyanın formulu isə çox sadə, lakin siyasi qətiyyətə əsaslanan reallıqlara söykənir - Azərbaycanın enerji strategiyası siyasi şərtlərdən uzaqdır, tamamilə iqtisadi məntiqə, qarşılıqlı faydalılığa əsaslanır ki, bu status da ölkəmizin beynəlxalq arenadakı diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin "Euronews" kanalına verdiyi müsahibə dövlətimizin beynəlxalq münasibətlərdə həm bir hüquq aktoru, həm də qlobal şəbəkələrin mərkəzi qovşağı olduğunu növbəti dəfə təsdiqlədi: "Cənab İlham Əliyevin qlobal miqyaslı güc imkanı və nüfuzu Azərbaycanın adını qlobal iqlim fəaliyyətinin ardınca, cəmi il yarım sonra modern şəhərsalma fəlsəfəsinin ehtiva olunduğu dünyanın ən mütərəqqi platformalarının zirvəsinə yazmağı bacardı. Daha dəqiq desək, dövlətimizin başçısı "Euronews" platformasında öz yüksək intellektual potensialı, sarsılmaz siyasi iradəsi və qlobal reallıqları düzgün qiymətləndirmək məharəti ilə regionda diktə və təzyiq dili ilə danışmağa adət etmiş qüvvələrə növbəti dəfə hüquq və məntiq dərsi verməklə Azərbaycan dövlətinin suveren inkişaf strategiyasının geridönməzliyini ali formada nümayiş etdirdi".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"