Böyüklüyünə və bəzi fiziki-coğrafi xüsusiyyətlərinə
görə Xəzər dəniz hesab olunur. Əslində isə o, dünya okeanı ilə bilavasitə əlaqəsi
olmayan ən böyük göldür. Avropa və Asiyanın sərhədində yerləşir. Rusiya Federasiyası,
Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran dövlətlərinin ərazisi ilə əhatə olunub.
Xəzər dünyada ən böyük qapalı su hövzəsidir.
Xəzərin sahəsi 371 min km2, sahil xəttinin
ümumi uzunluğu (perimetri) isə 6380 km-dir.
Ən enli yeri 466, ən ensiz yeri 204 km-dir. Suyun duzluluğu 13 faizdir, bu,
dünya okeanında olduğundan üç dəfə azdır. Xəzər dənizinin səviyyəsi dünya okeanından
xeyli aşağıdır və o, enib-qalxmalara meyillidir. Xəzərin şimal hissəsi azsuludur,
onun orta dərinliyi 5 metr, maksimal dərinliyi 25 metrdir. Orta hissənin dərinliyi
180 metrdir, bəzi yerlərdə (Dərbənd çökəkliyi) bu göstərici 790 metrə çatır. Dənizin
cənub hissəsi dərindir, burada maksimal dərinlik (Lənkəran çökəkliyi) 1025 metrdir.
Xəzərə əsasən şimaldan və qərbdən 130 iri
və xırda çay tökülür. Onların içərisində Volqa xüsusi seçilir. Ümumi illik axının
90 faizi üç çayın - Volqanın (80 %), Kürün (6 %) və Uralın (5 %) payına düşür.
Minillərə
dayanan tarix
Mütəxəssislərin fikrincə, Mezozoy erasının
başlanğıcında 30 min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini
quru təşkil etmiş, sonralar həmin quru hissələrini su basdığına görə dəniz əmələ
gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya,
o biri tərəfi isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni
70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun
tarixi dövr ərzində toplanaraq, suyun səthinə çıxması quru əmələgəlmə prosesinə
güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər
dənizi Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində
Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan
Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar.
Xəzər dənizi haqqında ən qədim məlumatlara
Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o, Cənub dənizi adlanır.
Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə. VI əsr) əsərlərində bu dəniz
Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində,
müasir Azərbaycanın ərazisində yaşamış kaspi xalqının adı ilə əlaqədardır. İkinci
ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca "canavarlar ölkəsi”
deməkdir) yaranmışdır. Ümumilikdə müxtəlif dövrlərdə, müxtəlif xalqlar arasında
Xəzər dənizinin 70-ə qədər adı işlədilib.
Bu hövzə özünün gözəlliyi, sirli aləmi ilə
hələ çox qədimdən məşhur səyahətçilərin, alimlərin, bəzi dövlət xadimlərinin diqqət
mərkəzində olmuşdur. Xəzərdəki neft haqqında tarixi fakt məlumdur: e.ə. 331-ci ildə
Makedoniyalı İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadırı Xəzər sahilində yaşayan
sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. E.ə.
IV əsrdə yaşamış Flavi Arrianın məlumatına görə, hətta Makedoniyalı İsgəndər Xəzərin
şimal və şərq okeanları ilə əlaqəsinin olub-olmaması haqda mübahisələrə son qoymaq
məqsədilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra
bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə
əmr vermişdir. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri salır. Bunu onun varislərindən
biri Selevk Nikator həyata keçirir. O, e.ə. 285-280-ci illərdə Hirkan hakimi Partokla
əmr edir ki, bütün sahilboyu səfər etsin. Burada əsas məqsədlərdən biri Xəzərin
xarakterini öyrənmək idi.
Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq
Xəzər adlanır. İlk xəritəsi 1616-1617-ci illərdə çəkilib. Xəzərin yeni və daha dəqiq
xəritəsi 1717-ci ildə tərtib olunub. 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsi
nəşr edilib. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini
hazırlayıb. 1874-cü ildə isə iki cildlik "Qısa hidrocoğrafi təsvir və Xəzər dənizində
üzməyə rəhbərlik” adlı bütöv atlas çap olunub.
XIX əsrin sonlarından isə Xəzərin geoloji
tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı
mütəxəssislərin mühüm xidmətləri sayəsində aşkar olunub.
"Dəniz hər il bir ovuc içi qalxmış və bir
neçə yaxşı şəhərləri basmışdır”. Bu cümlə 1320-ci ildə Xəzərin qərb sahilində tapılmış
Marino-Sanuto xəritəsində yazılmışdı. Deməli, Xəzər çox geniş bir tarixə malikdir.
Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir.
Xəzərin
zəngin sərvəti
Xəzərin altı da, üstü də qızıldı. Bu dənizin
fauna və florasının özünəməxsus zənginliyi var. O, digər dəniz və göllərdən seçilir.
Xəzərin sahil zonasında üç qoruq yaradılıb: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan,
Türkmənistanda Xəzər.
Xəzərdə 920-ə yaxın heyvan növünə rast gəlinir.
Burada nərə cinsli balıqların bir neçə nadir növü var. Dünyadakı nərə balıqlarının
təqribən 85 %-i Xəzər dənizində yaşayır.
Xəzər dənizində 10 milyona qədər quş qışlayır.
Kambaladan başqa bunların hamısı Azov və Qara dənizdən gəlib, Xəzər dənizində inkişaf
və böyümək üçün əlverişli şərait tapıb. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində
302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlar
adlanır. Xəzər dənizi xüsusən qu quşlarının iri qışlama yeri kimi məşhurdur. Hər
il 12 milyonadək quş miqrasiya zamanı bölgədən keçir və daha 5 milyon quş qışlamaq
üçün burada qalır.
Xəzər dənizində 121 məməli növündən yalnız
biri yaşayır. Bu, Xəzər suitisidir ki, ona başqa heç bir dənizdə rast gəlinmir.
O, dünyada ən kiçik suitidir, uzunluğu 160 sm, çəkisi 100 kiloqramdır. Xəzər suitisinin
populyasiyasının ölçüləri XX əsrin əvvəlindəki 1,5 milyon fərddən 80-ci illərin
sonuna 360-400 min fərdədək azalıb. 1993-cü ildə Xəzər suitisi "Qırmızı kitab”a
daxil edilib.
Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının
170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir.
Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur. Xəzər dənizində, eyni zamanda böyük karbohidrogen
yataqları var. Onun Azərbaycan sektorundan böyük miqdarda neft və qaz hasil olunur.
Xəzər dənizinin əsas sərvəti dibindəki neft və qazdır. İlk dəfə məhz burada dənizdə
neft hasilatı əldə edilib...…
Gözlənilən
təhlükə
Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca
gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü
zonalar yaranıb. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə üstələyir. Ekspertlər xəbərdarlıq edirlər ki, Xəzər dənizi
neft sənayesinin güclü inkişafı ilə əlaqədar olaraq daha da çirklənəcək.
Proqnoz hesablamalara görə, iqlim istiləşməsi
Xəzər hövzəsinin rütubətliyini artıracaq, bu isə öz növbəsində yaxın illərdə onun
səviyyəsinin 26.0-25.0 intervalında tərəddüdünə səbəb olacaq. Hesablamalar göstərir
ki, Xəzərin səviyyəsinin 150 sm əlavə qalxması sahil ərazilərinin 87.7 min ha sahəsinin
su altında qalması ilə nəticələnəcək və 2030-cu ildə bu rəqəm 136.2 min ha olmaqla
ölkənin ümumi sahəsinin 1.6%-ni təşkil edəcək. 2003-cü ildə Xəzərin səviyyəsinin
dünya okeanı səviyyəsindən 26.75 metr aşağı olduğu bildirilir.
Araşdırmalara əsasən, 250 il Xəzərdə enmə
olur, sonra isə suyun səviyyəsi qalxır. 4 min il ərzində Xəzərlə bağlı 8 belə dövr
müəyyən olunub. Təxminən 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsinin enməsi proqnozlaşdırılır.
Rusiya Hidrometeorologiya Mərkəzinin və Xəzər
dənizi Araşdırmaları Mərkəzinin mütəxəssisləri belə iddia ediblər ki, 2019-cu ilin
dekabr ayına qədər Xəzər dənizində suyun səviyyəsi daha 15 santimetr azalacaq. Əgər
bu proqnoz təsdiqini tapsa, Xəzər dənizi il ərzində 60 kub kilometr su itirə bilər.
Bu da balıq populyasiyalarının azalmasını qaçılmaz edir.
Xəyalə MURADLI,
"Azərbaycan”