Mayın 22-də Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında açıq dialoq platforması keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tədbirin açılısında çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dayanıqlı və davamlı inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiya qoyuluşlarının təşviqi və biznesin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, gömrük orqanlarının mütəmadi olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə xidmət edən, sahibkarlarla qarşılıqlı müzakirələrə əsaslanan görüşlər keçirdiyini vurğulayan DGK sədri bildirib ki, bu tədbir də gömrük-biznes münasibətlərinin daha da inkişaf etdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm addım olacaq.
TÜİB sədri Hüseyin Böyükfırat tədbirin əhəmiyyətindən danışaraq bu platformanın gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, münasibətlərinin qarşılıqlı etimad, açıq və şəffaf dialoq prinsipləri əsasında qurulmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində TÜİB-in fəaliyyəti ilə bağlı videoçarx, həmçinin gömrük əməkdaşları tərəfindən “Etibarlı tərəfdaş konsepsiyası”na dair təqdimat nümayiş etdirilib.
Daha sonra görüş panel müzakirələrlə davam edib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb, eyni zamanda TÜİB-in yeni üzv şirkətlərlərinə plaketlər təqdim olunub.
Sonda Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvləri DGK-nın yeni inzibati binası ilə tanış olublar.