Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda təkcə iştirakçılıqla deyil, qlobal proseslərə yön verən təşəbbüskarlıqları ilə diqqət çəkir. Bunun ən bariz nümunəsi kimi, Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsindən dərhal sonra bu platformada aparıcı aktorlardan birinə çevrilməsini göstərmək olar. Ölkəmiz təşkilatın tərkibinə daxil olduğu qısa zaman kəsiyində strateji mərkəzlərin yaradılması və mühüm iqtisadi dialoqların mərkəzinə çevrilməsi ilə D-8-in tarixində yeni bir inkişaf dinamikası yaradıb. Bu aktiv fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil xarici siyasət kursunun məntiqi nəticəsidir.
Sohail MAHMUD: "WUF13-ün təşkili Azərbaycan üçün COP29-dan sonra daha bir uğur sayılır"
Mayın 17-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün ölkəmizə gələn D-8-in baş katibi Sohail Mahmudun bəyanatları Azərbaycanın qlobal təşkilatçılıq imicini bir daha təsdiqlədi.
WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqundakı çıxışında baş katib Azərbaycanın COP29-dan sonra növbəti böyük uğura imza atdığını vurğuladı: "BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilinə, davamlı şəhərlərin qurulmasındakı səylərinə görə Azərbaycanı təbrik edirəm. WUF13-ün təşkili Azərbaycan üçün COP29-dan sonra daha bir uğur sayılır".
Baş katib Sohail Mahmud həmçinin mayın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə ölkəmizin D-8 daxilindəki fəaliyyətini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın qlobal böhranlar fonunda mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, energetika, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyəti yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb.
Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri nəzərdən keçirilib, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib.
Azərbaycanın D-8 daxilindəki rolunun əsas göstəricisi ölkəmizin təşəbbüsü ilə yaradılan və təşkilatın gələcək fəaliyyətini istiqamətləndirəcək yeni institusional mərkəzlərdir. Ümumiyyətlə, ölkəmizin bu platformada fəal iştirakı aparılan düzgün və prinsipial siyasətin təzahürüdür.
Qoşulmama Hərəkatından D-8-ə
D-8 təşkilatı yarandığı 1997-ci ildən bəri ilk dəfə məhz Azərbaycanın üzvlüyü ilə öz coğrafiyasını genişləndirib. Belə ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8-in üzvü seçilib. Sözügedən təşkilata üzv qəbul edilməsi ölkəmizə göstərilən hörmət və etimadın nəticəsidir. 1,3 milyarda yaxın əhalini və 5 trilyon dollar ÜDM-i təmsil edən bu qurum Azərbaycanın qoşulması ilə daha çevik və nəticəyönümlü struktura çevrilməkdədir. "Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik", - deyə bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev ölkəmizin D-8-in işinə verdiyi əməli töhfələrdən söz açmışdı.
Sülhü, tolerantlığı, multikultural dəyərləri daim təbliğ edən Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlarda qısa zamanda aparıcı rola sahib olması təsadüfi deyil.
Dünyanın bir çox beynəlxalq qurumunda üzv dövlət kimi uğurla təmsil olunan ölkəmiz bəşəri qərarların qəbuluna və icrasına birbaşa töhfələr verir. Buna dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının (QH) da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması nümunədir.
2019-cu ildə Bakıda QH-nin Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi üzərinə götürmüşdür. Yenə də ölkəmizə böyük hörmət və yüksək etimadın nəticəsi olaraq 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilin axırınadək uzadılmışdı. Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib. Xüsusən dövlətimizin rəhbərinin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunub. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilmişdi.
Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə 100-dən çox ölkənin maraqlarını müdafiə edən və qurumu beynəlxalq münasibətlərin mühüm aktoru kimi yenidən formalaşdıran Azərbaycan eyni idarəçilik modelini D-8-ə də tətbiq edir. Yaxın Şərqdə sabitliyin təmin olunması, regional təhlükəsizlik və nəqliyyat-logistika dəhlizlərinin inkişafı sahəsində ölkəmizin nümayiş etdirdiyi qətiyyət bu missiyanın tərkib hissəsidir.
Azərbaycanın D-8 təşkilatındakı fəaliyyəti təkcə iqtisadi əlaqələrin genişlənməsi deyil, həm də islam həmrəyliyinin praktiki müstəviyə keçməsidir. Tarixi Şərq-Qərb körpüsü rolunu müasir innovasiyalar və siyasi iradə ilə birləşdirən Bakı D-8-in təməl prinsiplərinin qorunmasında və üzv dövlətlər arasında rifahın artırılmasında əsas hərəkətverici qüvvəyə çevrilib. Bu əməkdaşlıq formatı regional sülhün və qlobal iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edən yeni bir nümunədir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"