Havana isə ittihamları rədd edir
Dövlət katibi Marko Rubio Kubanın ABŞ üçün "milli təhlükəsizlik təhdidi" yaratdığını və onunla sülh müqaviləsi bağlamaq ehtimalının "aşağı" olduğunu bildirib. Onun bu sözləri Vaşinqtonun 1996-cı ildə ABŞ vətəndaşlarının ölümünə səbəb olan iki təyyarənin vurulması ilə əlaqədar keçmiş Kuba Prezidenti Raul Kastronu ittiham etməsindən bir gün sonra səslənib.
Rubio Vaşinqtonun "diplomatik həll yoluna" üstünlük verdiyini bildirib, lakin Prezident Donald Trampın ölkəsini hər hansı bir təhdiddən qorumaq hüququ və məsuliyyəti olduğunu vurğulayıb.
Öz növbəsində Kubanın xarici işlər naziri Bruno Rodriges Rubionu "yalan danışmaqda" günahlandırıb və adanın heç vaxt ABŞ üçün təhlükə yaratmadığını bildirib.
Cümə günü jurnalistlərə açıqlamasında Rubio bildirib ki, Kuba ilə münasibətlərdə diplomatiya üstünlük verilən həll yolu olaraq qalır, lakin o bunu əlavə edib: "Düzünü desəm, hazırda kimdən şöhbət getdiyini nəzərə alsaq, bunun ehtimalı azdır".
O, həmçinin Kubanı "bütün regionda terrorizmin aparıcı sponsorlarından biri" olmaqda ittiham edib. Rodriges isə bu ittihamı "X" paylaşımında cəfəngiyyat adlandırıb.
Kubanın xarici işlər naziri Rubionu "hərbi təcavüzə təhrik" cəhdinə görə tənqid edib və ABŞ hökumətini ölkəsinə qarşı "amansız və sistematik" hücumlarda günahlandırıb.
Kuba ABŞ-nin neft blokadası ilə daha da şiddətlənən yanacaq böhranından əziyyət çəkir və Tramp administrasiyasının razılaşma əldə etməsi tələbinə görə təzyiq altındadır. Son bir neçə aydır ki, vətəndaşlar uzunmüddətli elektrik kəsintiləri və qida çatışmazlığı yaşayırlar.
Tramp dəfələrlə Kubaya təzyiq göstərməyə çalışıb və onun kommunist rejimini devirmək barədə açıq şəkildə müzakirə aparıb.
ABŞ dövlət katibi həmçinin Kuba maliyyə konqlomeratı GAESA-nın rəhbərinin bacısı Adis Lastres Moreranın həbs olunduğunu elan edib. Rubio "X"də yazıb: "Morera daşınmaz əmlak idarə edir və eyni zamanda Havanadakı kommunist rejiminə kömək edə-edə Floridada yaşayırdı - mən onun daimi yaşayış statusunu ləğv edənə qədər… Məmnuniyyətlə elan edirəm ki, o, artıq həbs olunub və hazırda ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətindədir".
O qeyd edib ki, GAESA Kuba ordusu tərəfindən idarə olunan maliyyə konqlomeratıdır. Onun icraçı prezidenti Ania Guilhermina Lastres Morera briqada generalı rütbəsinə malikdir və Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvüdür.
Hələ 2020-ci ildə ABŞ Maliyyə Nazirliyi Kubanın keçmiş lideri Raul Kastronun kürəkəni və GAESA-nın rəhbəri olan general Luis Alberto Rodriges Lopes-Kallejaya sanksiyalar tətbiq edib.
Konsorsiuma təxminən 50 hotel, şəbəkə mağazası və tikinti şirkəti daxildir. GAESA həmçinin Havananın qərbində yerləşən iri Mariel limanına nəzarət edir.
Daha əvvəl Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada Tramp Kubanın "uğursuz bir ölkə" olduğunu və administrasiyasının onlara "humanitar əsasda" kömək etməyə çalışdığını söyləyib. O, kubaəsilli amerikalıların "öz ölkələrinə qayıtmaq" və Kubanın uğur qazanmasına kömək etmək istədiklərini qeyd edib və deyib: "Digər prezidentlər 50 və ya 60 ildir ki, bu məsələni araşdırıblar və bununla bağlı nəsə etmək istəyiblər, görünür, bunu edən mən olacağam, ona görə də bunu məmnunluqla edəcəyəm".
Rizvan CƏFƏROV,
"Azərbaycan"