Azərbaycan Avropanın enerji təhlükəsizliyində və logistik bağlantısında həlledici mövqeyə malikdir
Azərbaycanın balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da möhkəmləndirir. Rəsmi Bakının mühüm tərəfdaşlarından olan Avropa İttifaqı ilə əlaqələrimiz son dönəmlərdə enerji və ticarət çərçivəsini aşaraq regional təhlükəsizlik və strateji etimad müstəvisinə keçib. Ölkəmiz Şərqlə Qərbi birləşdirən önəmli logistik mərkəz və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi Brüsselin həlledici tərəfdaşı statusuna yüksəlib.
Aİ və Azərbaycan arasında ikitərəfli münasibətlərin yeni və çoxtərəfli mərhələyə qədəm qoyması, gələcək əməkdaşlığın hüquqi-siyasi yol xəritəsinin müəyyən edilməsi məqsədilə növbəti yüksəksəviyyəli görüş Bakıda baş tutub. Mayın 20-də Azərbaycan və Avropa İttifaqı arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclasa Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər. Tərəflər Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri də daxil olmaqla yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar.
Son aylarda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərləri rəsmi Bakının Brüsselin xarici siyasət gündəmində nə dərəcədə prioritet yer tutduğunun bariz sübutudur. Avropanın yüksəkrütbəli rəsmilərinin Prezident İlham Əliyevlə birbaşa və intensiv dialoqu göstərir ki, Aİ Cənubi Qafqaz regionunda dayanıqlı sabitliyin və iqtisadi inkişafın məhz Azərbaycanla qurulan konstruktiv münasibətlərdən asılı olduğunu qəbul edir.
Görüş iştirakçıları yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar, müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunan yeni saziş üzrə müzakirələr tərəflər arasında gələcəyin yol xəritəsini müəyyənləşdirən strateji əhəmiyyətli prosesdir.
Bununla yanaşı, tərəflər görüş çərçivəsində bağlantı, enerji təhlükəsizliyi və Orta dəhliz də daxil olmaqla, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Aİ nümayəndələri Azərbaycanın regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi rolunu qeyd edib, iqtisadi cəhətdən səmərəli və davamlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
Azərbaycan zəngin karbohidrogen ehtiyatları və reallaşdırdığı irimiqyaslı layihələr sayəsində Avropa İttifaqının enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu oynayır. "Cənub qaz dəhlizi" vasitəsilə Xəzər qazının birbaşa Avropa bazarlarına çatdırılması qitənin resurs mənbələrini şaxələndirib. 2022-ci ildə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıya səfəri çərçivəsində Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu memorandum 2027-ci ilə qədər Azərbaycandan Aİ-yə qaz ixracını iki dəfə artırmağı və bərpaolunan enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Hazırda Azərbaycan Avropa İttifaqının 10 üzvünə qaz ixrac edir. Son olaraq Almaniya və Avstriya da bu siyahıya qoşulub. Avropa İttifaqı Xəzər dənizi ilə Avropanı birləşdirəcək "yaşıl enerji" dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsinə də böyük maraq göstərir.
Şərqlə Qərbi birləşdirən Orta dəhlizin tam gücü ilə işləməsi də rəsmi Brüssel üçün strateji zərurətdir. Çünki bu marşrut qlobal gərginliklər fonunda Asiyadan Avropaya yüklərin alternativ, təhlükəsiz və daha qısa zaman kəsiyində çatdırılması üçün əvəzedilməz nəqliyyat arteriyasına çevrilir. Orta dəhlizin mərkəzi ünvanı olan Azərbaycanla tərəfdaşlıq Brüsselə regional bağlantı layihələrində üstünlük qazandırır.
Görüş zamanı tərəflər Azərbaycanla Ermənistan arasında sülh prosesi barəsində də danışıblar. Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması yönündə dialoqun, praktiki əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda Azərbaycan və Ermənistan arasında təmasların intensivləşməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.
Tərəflər formatın genişləndirilərək Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər. Bu, münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir. Xüsusilə indiki mürəkkəb geosiyasi şəraitdə tərəflərin təhlükəsizlik məsələlərini ayrıca və institusional formatda müzakirə etməsi ikitərəfli əlaqələrin dərinliyini göstərir. Azərbaycan bütün aktorlarla strateji əməkdaşlığı genişləndirərək çoxvektorlu xarici siyasət modelini daha da gücləndirir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"