“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ölkəmizdə üç yeni turizm-rekreasiya zonasının yaradılması nəzərdə tutulur. Turizm və rekreasiya imkanlarının genişləndirilməsi fonunda insanların istirahətə münasibəti də diqqət çəkir. Bu gün insanlar asudə vaxtlarını yalnız evdə dincəlməklə deyil, yeni məkanlar görmək, fərqli təcrübələr qazanmaq və sosiallaşmaqla keçirməyə meyillidilər. Bəs şəhər həyatının tempi və gündəlik stres bu seçimlərə necə təsir edir?
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri professor Rəfail Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, gündəlik həyatın tempi və stres həftə ərzində insanlarda fiziki və psixoloji yorğunluq yaradır. Nəticədə həftəsonu sadəcə iş olmayan günlər deyil, həm də yorğunluğun aradan qaldırılması, emosional bərpa və gündəlik işlərdən uzaqlaşmaq üçün mühüm zaman kimi qəbul edilir.
R.Həsənov qeyd edib ki, stres insanların istirahət seçimlərinə fərqli təsir göstərir: “Yüksək stres bütün insanlarda eyni nəticəni yaratmır. Bəzi insanlar tək qalaraq sakitləşməyə, digərləri isə əksinə, dostlarla görüşməyə, əyləncəyə və sosial fəaliyyətlərə üstünlük verirlər. Deməli, stresin həftəsonu davranışına təsiri fərdin yaşından, həyat tərzindən, sosial çevrəsindən və şəxsi üstünlüklərindən də asılıdır”.
İstirahət yeni təcrübələr qazanmaq vasitəsinə çevrilir
Müsahibimizin fikrincə, insanların istirahətə münasibəti dəyişib: “Əvvəllər istirahət daha çox işdən və gündəlik fiziki yorğunluqdan sonra evdə qalmaq, yatmaq və sakit vaxt keçirmək kimi qəbul olunurdusa, bu gün istirahət anlayışı daha geniş məna daşıyır. İnsanlar istirahəti artıq yalnız yorğunluğu aradan qaldırmaq deyil, həm də yeni təcrübələr qazanmaq, emosional zövq almaq, sosiallaşmaq, yeni yerlər görmək və özünü inkişaf etdirmək imkanı kimi qəbul edirlər.
Monoton şəhər həyatı insanlarda gündəlik mühitdən uzaqlaşmaq ehtiyacı yaradır. Yeni məkanlara getmək gündəlik işlərdən ayrılmaq və fərqli emosiyalar yaşamaq imkanı verir. Bir çox insan üçün “nə aldım?” sualından daha çox “nə yaşadım?” sualı əhəmiyyətli olur”.
Asudə vaxt sosiallaşma imkanlarını genişləndirir
Professor bildirib ki, əvvəllər insanın sosial çevrəsi əsasən ailə, qohumlar, qonşular və iş yoldaşları ilə məhdudlaşırdı. Müasir cəmiyyətdə isə insanlar daha geniş və müxtəlif sosial çevrələrə daxil ola bilirlər. Onlar öz maraqlarına, dünyagörüşünə və həyat tərzinə uyğun yeni insanlarla əlaqə qurmağa daha çox imkan əldə edirlər.
“Böyük şəhərlərdə insanların əhatə dairəsi geniş olsa da, bu, heç də həmişə yaxın və mənalı sosial münasibətlərin olması demək deyil. Gündəlik iş və həyat ritmi bəzən insanları sosial baxımdan təcrid edir. Buna görə asudə vaxt yeni insanlarla ünsiyyət və sosial əlaqələrin qurulması üçün mühüm imkan yaradır”, - deyə müsahibimiz bildirib.
Sosial şəbəkələr seçimlərə təsir edir
Sosioloq sosial şəbəkələrin, xüsusilə gənclərin müxtəlif tədbirlərə marağının formalaşmasına təsir etdiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə tədbirlərdən paylaşılan foto və videolar, dostların, tanınmış şəxslərin və digər istifadəçilərin təcrübələri gənclərin seçimlərinə təsir edə bilər. Beləliklə, müasir şəhər həyatında asudə vaxt yalnız işdən kənar saatların doldurulması deyil. O, fiziki və psixoloji bərpa ilə yanaşı, yeni təcrübələr qazanmaq, sosial əlaqələr qurmaq və özünüifadə üçün də mühüm imkan yaradır.
“İstirahət həm fiziki və psixoloji bərpa, həm sosiallaşma, həm də insanın özünüifadəsi üçün bir vasitəyə çevrilir”, - deyə professor fikrini yekunlaşdırıb.