Ətir imici ifadə edən, qarşı tərəfə müsbət enerjinin ötürülməsində rol oynayan güclü vasitədir. Əvəzedilməz qoxuları ilə valehedicilik yaradan ətirlərin yaşamımıza daxil olması Mesopotamiyadan başlayıb. Hazırlanan ilk nümunə təxminən 4000 il əvvəl ərsəyə gətirilmiş buxur idi. Bu vasitə yandırıldıqda ətrafa qoxu saçılırdı.
Mesopotamiyalılar kimi, qədim misirlilər də dini mərasimlər zamanı efir yağları, qatranlar və ətirli məlhəmlər yandırırdılar. Bununla da qoxularla ölülərə mesaj və duaların çatdığına, ruhların təmizləndiyinə inanırdılar. Zaman keçdikcə qoxulardan yalnız müqəddəslik üçün deyil, gündəlik gigiyenik vasitə kimi də istifadə olunmağa başlandı. Bu anlayışın formalaşması xalqlar arasında ətirlərin, qatranların ticarətinin geniş vüsət almasına səbəb oldu. Ərəb filosofu əl-Kindinin ətirlər haqqında kitabında ətirli yağlar, məlhəmlər, aromatik suların hazırlanması üçün yüzdən çox resept yer alır. Kimyaçı-həkim İbn Sina isə bu gün ən çox istifadə edilən distilə yolu ilə çiçəklərdən yağların çıxarılması prosesini təqdim edib.
Parfüm sözü latın dilində “per” və “fumus” sözlərinin tərcüməsi olan tüstülü qarışım mənasını ifadə edir. Ətirlər XVII əsrdə xüsusilə Fransada böyük uğur qazandı. O dövrlərdə bədəndən gələn xoşagəlməz qoxuları gizlətmək üçün ətirlər iyə qarşı ən yaxşı çıxış yolu idi. İngiltərədə isə qoxulardan kraliça I Elizabetin dövründə geniş istifadə olunurdu. Onun hakimiyyətdə olduğu vaxtlarda ictimai yerlərə müxtəlif ətirlər səpilirdi. Buna səbəb onun pis qoxulara dözümünün olmaması idi.
Əsasən kişilərin istifadə etdiyi odekolon adlanan ətirli sular XVIII əsrin əvvəllərində Almaniyanın Köln şəhərində italyan bərbəri tərəfindən icad edilib. Odekolonun tərcüməsi də məhz fransızcadan “eu de Cologne” Köln şəhərinin suyu anlamını ifadə edir. Bu ətir “möcüzəvi dərman” kimi böyük marağa səbəb olmuşdu. Həmçinin Napoleon tərəfindən yüksək qiymətləndirilmiş, ilk odekolon mağazasının yerləşdiyi ünvanın nömrəsi ilə “4711” adlandırılaraq satılırdı.
Sənayedə olduğu kimi, ətriyyat da XIX əsrdə köklü dəyişikliklərə məruz qaldı. Zövqlərin dəyişməsi, ən əsası kimyanın inkişafı müasir parfümeriyanın əsasını qoydu. Əsrin əvvəllərində qoxular adətən tək çiçəkdən əldə olunaraq hazırlanırdı. Ətirlərin baha olması ona görədir ki, cəmi bir kilo efir yağı əldə etmək üçün minlərlə kilo çiçək lazım olur. Bu da bir çox ətirlərin nəyə görə qiymət bahalığını aydınlaşdırır. Daha sonra efir yağları spirtlə seyrəldilir, xüsusi mis və ya polad qablara tökülərək soyudulur, filtrdən keçirilmiş məhlul qablaşdırılaraq satış üçün hazır vəziyyətə gətirilir.
Hazırda parfümeriyada həm sintetik, həm də təbii maddələrdən istifadə olunur. Təbii komponentlərə çiçəklərin, yarpaqların, köklərin və sitrus meyvələrinin ekstraktları daxildir. Müşk, balina, qunduzdan alınan heyvan ekstraktlarından da istifadə olunur. Tarixdə müasir kimyəvi maddələr üsulunun tətbiq edilərək hazırlandığı ilk ətir isə “Chanel No5”dir.
İnsanlar bəzən ətirlərdən yalnız xoş qoxunun hiss edilməsi üçün deyil, həm də stresi azaltmaq, enerji vermək və ya sadəcə əhvali-ruhiyyələrini yüksəltmək ümidi ilə istifadə edirlər. Qoxunun digər bir sirri isə keçmişi canlı şəkildə geri qaytarmaq qabiliyyətinə malik olmasıdır. Reseptorların beyinə ötürülməsi hər hansı bir hissin və ya çoxdan baş vermiş hadisənin xatırlanmasına səbəb ola bilər.
Aydan XƏLİLOVA,
“Azərbaycan”