2023-cü ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı cəmi 23 saat davam etdi və o heyrətamiz 23 saatın içərisində dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərpa olundu.
Hərbi əməliyyatın görünən tərəfi silah, mövqe, texnika, döyüşdür. Ancaq bununla yanaşı, illərlə formalaşan dövlətçilik iradəsi, ordu quruculuğu, diplomatik mövqe, iqtisadi imkanlar, xalqın həmrəyliyi kimi amillər qələbənin əldə olunmasında çox mühüm əhəmiyyət daşıyır.
Ona görə də suverenliyimizi bizə bəxş edən o mübariz 23 saata aparan tarixi yolu bu gün yada salmağımız vacibdir.
1990-cı illərin əvvəlləri Azərbaycan tarixinə ən ağır illərindən biri kimi həkk olundu. Torpaqlar işğal edildi, şəhər və kəndlər dağıdıldı, yüz minlərlə insan yurdlarından didərgin düşdü. Neçə-neçə ailə doğmalarını, yaxınlarını, isti yuvalarını, ata-baba məzarlarını itirdilər. Xocalı faciəsi yaddaşımıza sağalmaz yara kimi yazıldı.
Azərbaycan bütün bu müsibətlərlə yanaşı, həm də daxili parçalanma təhlükəsi ilə üz-üzə qaldı. Xalqın səbrsizliklə gözlədiyi Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə dövlət müstəqilliyimizin qorunmasını, ölkədə sabitliyin bərqərar edilməsini qarşıya əsas vəzifə kimi qoydu. Ulu Öndərin həyata keçirdiyi genişmiqyaslı siyasət Azərbaycan dövlətçiliyinin gücləndirilməsinə mühüm zəmin yaratdı. Ümummilli Liderin müdrik rəhbərliyi ilə müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin iqtisadiyyatının, beynəlxalq nüfuzunun, peşəkar diplomatiyasının, müasir ordusunun sarsılmaz təməli qoyuldu.
Azərbaycan həm dövlətçiliyini möhkəmləndirir, həm də pozulmuş ərazi bütövlüyünün bərpası üçün beynəlxalq müstəvidə mübarizəsini davam etdirirdi. Buna baxmayaraq, beynəlxalq təşkilatların uzun illər davam edən susqunluğu, qəbul olunmuş qərarların icra edilməməsi, ikili standartlar və qərəzli yanaşmalar Azərbaycan xalqının yaşadığı ədalətsizliyi daha da dərinləşdirirdi.
Bu 30 ildə bir çox Qarabağ sakinləri öz ata-baba yurdlarına qayıdacağı günü gözləyərək ömürlərini başa vurdu. O günü ümidlə, həsrətlə gözlədi, amma görmədi..
Bu tarixi missiyanın həyata keçirilməsi üçün Azərbaycan qarşıdakı illərdə daha da güclənməli, öz imkanlarını səfərbər etməli idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində Azərbaycan öz iqtisadi və hərbi potensialını, beynəlxalq mövqelərini inkişaf etdirdi və tarixi torpaqlarımızın azad olunması üçün zəruri şəraiti formalaşdırdı.
Tarixi 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Azərbaycan Ordusu Ermənistanın işğalına qarşı 44 Günlük Vətən müharibəsinə başladı. Qarabağı görməmiş nəsil Qarabağa qayıdışı təmin etmək üçün ordu sıralarına girdi. Azərbaycanın şanlı tarixi Qələbəsi ilə torpaqlarımız işğaldan azad edildi.
II Qarabağ müharibəsində Azərbaycanın Qələbə qazanmasından sonra dövlət suverenliyimizin ölkəmizin bütün ərazilərində tam təmin edilməsi əsas məsələ olaraq qalırdı. Azərbaycan dövləti bu məqsədə doğru siyasi, diplomatik və hərbi istiqamətlərdə ardıcıl addımlar atdı.
3 il əvvəl dövlətimizin apardığı antiterror əməliyyatı bu tarixi prosesin son və həlledici mərhələsi oldu.
O 23 saatın hər anında Azərbaycan Prezidentinin qətiyyəti və ölkəmizin igid oğullarının cəsarəti Vətən sevgisinin böyük gücünü bir daha nümayiş etdirdi.
İndi o dönəmi xatırlayarkən, həmin ağrılı, çətin 30 il gözlərimizin önündə canlanır.
Amma eyni zamanda bu gün Qarabağa baxanda gözlərimizin önündə üçrəngli Azərbaycan bayrağı qürurla ucalır.
Bu gün Qarabağa baxanda gözlərimizin önündə insanların öz doğma torpaqlarına qayıdışı, yenidən qurulan şəhər və kəndlərimiz, yaşayış məntəqələri, təhsil müəssisələri, mədəniyyət ocaqları, yollar, hava limanları, bərpa edilmiş, bizə əcdadlarımızın mirası olan tarixi abidələrimiz əks olunur.
Bu gün Qarabağa baxanda gözlərimizin önündə milli həmrəylimiz canlanır.
Bu gün Qarabağa baxanda gözlərimizin önündə Türk Dünyasının birlik və bərabərliyi canlanır.
Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır.
Və bu mənzərə eyni zamanda bizə qarşımızda dayanan mühüm məsuliyyəti də göstərir: Suverenliyimizi, müstəqilliyimizi qorumaq və möhkəmləndirmək bizim əbədi amalımız və hər birimizin, hər gün davam edən vətəndaşlıq vəzifəsi olmalıdır.
20 sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günündə Vətən uğrunda həyatlarını qurban vermiş bütün Şəhidlərimizin əziz ruhunu dərin etiramla yad edirik.
Günay Əfəndiyeva,
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini