20 Sentyabr 2026 13:15
150
Elm və texnika
A- A+
Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

Elə insanlar var ki, onların ömrünü yalnız yaşadıqları illərlə, elmi dərəcələri, fəxri adları və aldıqları mükafatlarla ölçmək mümkün deyil. Onların həyat yolu elm tarixinin, təhsil tarixinin və milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. Belə insanların həyatını bioqrafik məlumatlar çərçivəsində ifadə etmək mümkün deyil. Çünki hər bir tarix, hər bir elmi ad və hər bir nailiyyətin arxasında uzun illərin zəhməti, gecə-gündüz davam edən axtarışlar, elmi kəşflərin yaratdığı sevinc, tələbə və yetirmələrin taleyinə duyulan məsuliyyət və insan zəkasının qüdrətinə sonsuz inam dayanır.

Akademik Rəfiqə Əliyevanın ömür yolu məhz belə mənalı bir həyatın parlaq nümunəsidir. O, görkəmli alim, bir neçə nəsil kimyaçıların müəllimi və elmi rəhbəri, habelə cəmiyyət qarşısında məsuliyyət hissini daim uca tutan ziyalı kimi Azərbaycan elminin tarixində silinməz iz qoyub.

Onun həyatının təxminən 60 ili Bakı Dövlət Universiteti (BDU) ilə bağlı olub. Bu müddət ərzində dövrlər, elmi yanaşmalar, texnologiyalar və tələbə nəsilləri dəyişib, lakin dəyişməyən bir dəyər mövcud olub: onun elmə, universitetə və insanlara sədaqəti.

Bu fikirlər BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyevanın AZƏRTAC-a təqdim etdiyi “Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın” sərlövhəli məqaləsində yer alıb.


Elmə aparan yol


Məqalədə qeyd edilir ki, Rəfiqə Əliyevanın elmi fəaliyyətinin ilk mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutu ilə bağlı olub. Məhz burada onun gələcək elmi fəaliyyətinin möhkəm təməli formalaşıb, tədqiqatçı kimi dünyagörüşü və elmi düşüncə tərzi inkişaf edib.

1964-cü ildən etibarən Rəfiqə Əliyeva öz həyatını Bakı Dövlət Universitetinin Analitik kimya kafedrası ilə bağlayıb. O, burada assistent vəzifəsindən professorluğa qədər şərəfli və məsuliyyətli bir yol keçib. 1970-ci ildə germanium birləşmələrinin spektrofotometrik tədqiqinə həsr olunmuş namizədlik dissertasiyasını, 1999-cu ildə isə d-, f- və germanium elementlərinin qarışıq liqandlı komplekslərinin tədqiqinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə edib. Analitik kimya tədqiqatçıdan yalnız dərin nəzəri bilik deyil, həm də yüksək dəqiqlik, səbir, məsuliyyət və ilk baxışda bir-birindən fərqli görünən nəticələr arasında qanunauyğunluqları aşkar etmək bacarığı tələb edir. Rəfiqə Əliyeva məhz belə bir elmi təfəkkürə malik alim idi. Onun tədqiqatları metalların keyfiyyət və kəmiyyət analizinin metodlarının inkişafına, analitik kimyada üzvi reagentlərdən istifadənin imkanlarının genişləndirilməsinə və Azərbaycanda analitik kimya elmi məktəbinin möhkəmlənməsinə mühüm töhfə verib.

Rəfiqə Əliyevanın elmi irsində ekologiya və ətraf mühitin mühafizəsi xüsusi yer tutub. Hər bir kimyəvi formulun, reaksiyanın, birləşmənin və analitik nəticənin arxasında o, təbiəti — mürəkkəb, həssas və qorunmağa ehtiyacı olan canlı sistemi görürdü.

2001-ci ildə Rəfiqə Əliyevanın təşəbbüsü ilə BDU-da Ekoloji kimya və ətraf mühitin mühafizəsi üzrə elmi-tədqiqat laboratoriyası yaradılıb. Onun rəhbərliyi altında bu laboratoriya ölkənin mühüm elmi mərkəzlərindən birinə çevrilib və yeni tədqiqatçı nəslinin yetişdirildiyi bir məktəb funksiyasını yerinə yetirib. Laboratoriyada üzvi reagentlərdən istifadə etməklə müxtəlif metalların təyin edilməsinin yeni üsulları işlənib hazırlanıb. Xüsusilə mürəkkəb tərkibli nümunələrdə germaniumun fotometrik analizinə dair metodikaların hazırlanması elmi baxımdan mühüm əhəmiyyət kəsb edib.

Rəfiqə Əliyevanın yaratdığı laboratoriya, eyni zamanda, bir insan və alim yetişdirmə məktəbi idi. Bu məktəbin yetirmələrindən biri olmaq mənim üçün qürur mənbəyidir.

Burada biz yalnız kimyəvi təcrübələrin aparılmasını, müasir cihazlarla işləməyi, analitik üsulları, kimyəvi reaksiyaların qanunauyğunluqlarını və elmi ədəbiyyatla işləməyi öyrənmirdik. Rəfiqə xanım bizi ilk növbədə alim olmağa deyil, əsl alim kimi düşünməyə hazırlayırdı. Biz ondan elmi nəticəyə kor-koranə inanmağı deyil, hər bir nəticəni şübhə və məsuliyyət hissi ilə yoxlamağı öyrənirdik. O, bizə göstərirdi ki, elm hazır cavabları qəbul etməkdən daha çox, doğru suallar vermək sənətidir. Bir nəticənin doğru olduğuna əmin olmaq üçün onu təkrar-təkrar yoxlamaq, səhvdən qorxmamaq, uğursuzluq qarşısında ruhdan düşməmək və həqiqətə gedən yolda səbirli olmaq lazımdır. Rəfiqə xanım bizə əməyə hörmət etməyi, vaxtın və biliyin qədrini bilməyi, elmi dürüstlüyü hər şeydən üstün tutmağı öyrədirdi. Onun üçün elmdə kiçik və böyük iş anlayışı yox idi; hər bir araşdırmaya vicdanla, məsuliyyətlə və səmimiyyətlə yanaşmaq əsas idi. Onun ən böyük tələbi isə bundan ibarət idi: alim yalnız bu günün sualına cavab verməməli, sabahın suallarını da görməyi bacarmalıdır.

Biz onun rəhbərliyi altında anlayırdıq ki, elmin əsl mahiyyəti yalnız yeni nəticə əldə etməkdən ibarət deyil. Əsl alim öz tədqiqatının insan və cəmiyyət üçün nəticələrini düşünməli, təbiətin qorunmasına, gələcək nəsillərin rifahına və elmi tərəqqiyə xidmət etməlidir.

Bu gün elmi fəaliyyətimə, əldə etdiyim hər bir uğura, keçdiyim hər bir mərhələyə nəzər salanda Rəfiqə xanımın mənə verdiyi biliklərin, öyrətdiyi prinsiplərin və aşıladığı elmi düşüncə tərzinin izlərini görürəm. Onun mənə öyrətdiyi hər bir elmi prinsip, hər bir məsləhət, hər bir irad və hətta bəzən bir baxışı belə bu gün mənim üçün böyük bir məktəbdir. Bu gün qazandığım hər bir uğurun arxasında yalnız mənim əməyim deyil, məni elm yoluna istiqamətləndirən, mənə inanan və elmi düşüncənin məsuliyyətini öyrədən böyük bir müəllimin zəhməti dayanır.

Mənim üçün Rəfiqə xanımın ən böyük dərsi budur: əldə etdiyin biliyi özündə saxlama, onu gələcək nəsillərə ötür; qazandığın uğuru özünə deyil, səni bu yola gətirənlərə də borclu olduğunu unutma. Bu mənəvi borcu ömrüm boyu qəlbimdə daşıyacağam.

Rəfiqə Əliyeva üçün elm və pedaqogika heç zaman bir-birindən ayrı anlayışlar olmayıb. Onun iyirmidən artıq aspirantının elmlər namizədi və elmlər doktoru alimlik dərəcələrini alması bu baxımdan olduqca əlamətdardır. Lakin “iyirmidən artıq aspirant” ifadəsinin arxasında yalnız statistik göstərici dayanmır. Əsl müəllimlik dissertasiyanın müdafiəsi ilə başa çatmır. Əsl müəllim gənc tədqiqatçı ilk dəfə elmi uğursuzluqla qarşılaşanda onun yanında olur. Təcrübənin irəli sürülmüş fərziyyəni təsdiq etmədiyi, məqalənin iradlarla geri qaytarıldığı, elmi problemin həlli üçün yeni yanaşmanın tələb olunduğu və gənc alimin öz əməyinin nəticəsinə şübhə etdiyi məqamlarda müəllimin mənəvi dəstəyi xüsusi əhəmiyyət daşıyır. Rəfiqə xanım məhz belə bir müəllim və elmi rəhbər idi.

Akademik Rəfiqə Əliyeva Azərbaycan tarixində özünəməxsus iz qoymuş nəslin layiqli nümayəndələrindən biri olub. Bu nəslin nümayəndələri ölkənin dövlətçilik tarixinin formalaşmasına, onun ictimai-siyasi, elmi və mədəni həyatının inkişafına mühüm töhfələr veriblər.


Azərbaycan elminin dünyaya açılan pəncərəsi


Rəfiqə Əliyeva Azərbaycan elmini beynəlxalq elmi arenada layiqincə təmsil edib, ABŞ, Türkiyə, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda iştirak edib. Beynəlxalq elmi tribunalar onun üçün yalnız öz tədqiqatlarının nəticələrini təqdim etmək imkanı deyildi. Bu görüşlər yeni elmi əlaqələrin qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, fikir mübadiləsinin aparılması və əldə olunan yeni biliklərin Azərbaycana gətirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

O, yaxşı anlayırdı ki, elm sərhəd tanımır. Kimyəvi qanunauyğunluqların coğrafiyası yoxdur. Elmi həqiqətin milliyyəti yoxdur. Əsl tədqiqatçı isə eyni zamanda həm öz ölkəsinin elminə, həm də dünya elmi məkanına mənsubdur. Bununla yanaşı, Rəfiqə Əliyevanın fəaliyyəti yalnız şəxsi elmi araşdırmaları ilə məhdudlaşmırdı. O, dissertasiya şuralarında, universitetin və fakültənin elmi şuralarında məsul vəzifələr daşımış, elmi və tədris prosesinin təşkilində fəal iştirak etmişdir. Lakin yüksək elmi statusuna, nüfuzuna və çoxsaylı xidmətlərinə baxmayaraq, o, sadəliyini və insanlarla ünsiyyətdə səmimiliyini qoruyub saxlamışdır.


Elmi titulların arxasındakı insan


Hər böyük alimin elmi portreti var. Lakin insan yaddaşında çox zaman başqa bir portret — onun mənəvi və insani portreti daha uzun müddət yaşayır. Rəfiqə xanım məhz belə bir şəxsiyyət idi. O, təvazökarlığı, daxili harmoniyası və yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi. İnsanlar ona yalnız elmi nüfuzuna və peşəkarlığına görə deyil, insanlara münasibətinə görə də böyük hörmət bəsləyirdilər. O, dinləməyi və dəstək göstərməyi bacarırdı. Universitet kimi yüzlərlə, minlərlə insanın hər gün bir araya gəldiyi bir məkanda bu keyfiyyətlər xüsusi dəyər daşıyır.

Rəfiqə Əliyevanın elm və təhsil qarşısındakı xidmətləri dövlət və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

2000-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilib, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Onun elmi fəaliyyətinin nəticələri Yusif Məmmədəliyev adına mükafat və digər təltiflərlə də qiymətləndirilib. 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutunun versiyasına görə “İlin insanı” adına layiq görülməsi onun beynəlxalq səviyyədə elmi fəaliyyətinə verilən qiymətlərdən biri olub.

Rəfiqə xanım 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, Azərbaycan elmində analitik kimya ixtisası üzrə ilk və yeganə qadın akademik adına layiq görülüb. Onun elmi əsərləri, tədqiqatları, metodikaları, dərslik və dərs vəsaitləri gələcək nəsillər üçün qiymətli mənbə olaraq qalır.

Bu gün akademik Rəfiqə Əliyevanı xatırlayarkən biz yalnız görkəmli analitik kimya mütəxəssisini yad etmirik. Biz Azərbaycan elminə, universitetə, gənclərə və cəmiyyətə xidmət etmiş böyük bir ziyalını xatırlayırıq. Onun həyatı bir insan taleyində bir neçə ali missiyanın necə vəhdət təşkil edə biləcəyinin nümunəsidir: elmə xidmət, təhsilə xidmət, gənc nəslə xidmət və cəmiyyətə xidmət.

Onun əziz xatirəsi qəlbimizdə və bütövlükdə Azərbaycan elminin tarixində daim ehtiramla yad ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

10:48
20 Sentyabr

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür  

10:14
20 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

09:54
20 Sentyabr

Antiterror əməliyyatı həlledici mərhələ kimi tarixə düşdü

09:54
20 Sentyabr

Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin liderlik və inkişaf strategiyası  

09:27
20 Sentyabr

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

Sürücülərin nəzərinə

21:21
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

20:04
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!