20 Sentyabr 2026 08:37
194
SİYASƏT
A- A+
Qarabağın qürur günü – 20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr


Azərbaycanın müasir tarixinin hər səhifəsi böyük mübarizənin, sarsılmaz iradənin və Vətən sevgisinin izlərini daşıyır. Bu salnamədə 20 Sentyabrın xüsusi yeri var. Otuz ildən artıq davam edən həsrətin və ərazi bütövlüyümüz uğrunda aparılan mübarizənin qürur doğuran nəticələrindən biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlətimizin suverenliyinin tam təmin olunmasıdır. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilib. Bu əlamətdar tarix artıq xalqımızın yaddaşında doğma torpaqlara qayıdışın, milli iradənin və suverenliyin rəmzlərindən biri kimi yaşayır.

20 Sentyabrın şəhər günü kimi seçilməsi təsadüfi deyil. Bu tarix 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində baş verən və ölkənin suverenliyinin tam bərpası ilə nəticələnən hadisələrlə birbaşa bağlıdır. Sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də əldə edilmiş razılaşmaya əsasən tədbirlər dayandırıldı, qanunsuz silahlı birləşmələrin silahı yerə qoyması və tərk-silah edilməsi prosesi başladı. Beləliklə, uzun illər ərzində Azərbaycan ərazisində mövcud olmuş separatçı qurumun fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin edildi.

Bu tarixi nəticəyə gedən yol isə uzun və ağır olub. Azərbaycan xalqı üç onillik ərzində torpaqlarının işğalının yaratdığı ağrıları yaşayıb. Yüz minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb, tarixi və mədəni irsə ciddi ziyan vurulub. Minlərlə Azərbaycan vətəndaşı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda həyatını itirib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabr hadisələri isə dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması prosesini tamamladı.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın Qarabağ bölgəsinin tarixində xüsusi yeri olan yaşayış məntəqələridir. Uzun illər ərzində bu şəhərlərin adları işğal, məcburi köçkünlük və münaqişə ilə yanaşı çəkilirdi. 2023-cü ilin payızından etibarən isə onların tarixində tamamilə yeni mərhələ başlandı. Azərbaycan dövlətinin suverenliyinin bərpasından sonra həmin ərazilərdə Dövlət Bayrağımızın ucaldılması ölkə tarixinin ən yaddaqalan hadisələrindən birinə çevrildi.

2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı və Xocavənd şəhərlərində bayrağımızı ucaltdı. Xankəndinin mərkəzi meydanında çıxış edən Prezident İlham Əliyev bu hadisənin tarixi əhəmiyyətini vurğulayaraq bildirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Dövlət başçısı həmin çıxışında Azərbaycanın bu günü 30 ildən artıq gözlədiyini xüsusi qeyd etdi. Prezident xatırlatdı ki, 20 il əvvəl dövlət başçısı kimi fəaliyyətə başlayarkən qarşısına əsas vəzifələrdən biri kimi Azərbaycanın Dövlət Bayrağının o vaxt işğal altında olan bütün torpaqlarda qaldırılmasını qoymuşdu. “Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq”, – deyən Prezident İlham Əliyevin bu sözləri Azərbaycanın ötən illər ərzində həyata keçirdiyi ardıcıl dövlət siyasətinin mahiyyətini ifadə edirdi.

Xankəndidə Azərbaycan Bayrağının ucaldılması xüsusi rəmzi məna daşıyırdı. Çünki uzun illər separatçı rejimin mərkəzi kimi istifadə olunan şəhərdə artıq Azərbaycanın dövlət rəmzləri dalğalanırdı. Dövlət başçısı həmin çıxışında 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda söylədiyi fikirləri də xatırlatdı: “... gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”.

Xocalıda Dövlət Bayrağının ucaldılması isə tariximizin ən ağrılı səhifələrindən biri ilə bağlı xüsusi mənəvi məna daşıyırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal edilmiş, şəhərin dinc sakinlərinə qarşı kütləvi qətliam törədilmişdi. Rəsmi məlumatlara əsasən, həmin hadisələr zamanı 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və ahıllar öldürülmüşdü. 2023-cü il oktyabrın 15-də - faciədən 31 ildən artıq müddət sonra Xocalıda Azərbaycan Dövlət Bayrağının ucaldılması şəhərin tarixində yeni mərhələnin başlanmasının rəmzi oldu.

Xocavənd də uzun illər işğal altında qalmış Azərbaycan şəhərlərindən biri idi. Şəhər 1992-ci il oktyabrın 2-də işğal edilmişdi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra burada da Azərbaycanın dövlət suverenliyi təmin edildi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xocavənddə bayrağımızı ucaltması bu şəhərin yeni tarixinin başlanğıcını simvolizə etdi.

Eyni gündə Ağdərədə də üçrəngli bayrağımız ucaldıldı. Beləliklə, 2023-cü il oktyabrın 15-i Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üçün tarixi günə çevrildi. Bu hadisələr təkcə həmin şəhərlərin deyil, bütövlükdə Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ idi. 2023-cü il noyabrın 8-də - Zəfər Günündə isə Xankəndidə Vətən müharibəsində qazanılmış Qələbənin üçüncü ildönümünə həsr edilən hərbi parad keçirildi. Prezident İlham Əliyev həmin paraddakı çıxışında sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyinin tam bərpa edildiyini bildirdi.

Xankəndinin azadlığına qovuşandan sonrakı taleyi də yeni reallığın göstəricisinə çevrildi. Burada dövlət və ictimai həyat bərpa olunmağa başladı. 2023-cü ilin dekabrında Xankəndi stadionunda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin futbol oyunu keçirildi. 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri zamanı müstəqil Azərbaycan tarixində ilk dəfə Xankəndidə səsvermə təşkil olundu. Şəhərdə təhsil və sosial infrastrukturun yenilənməsi istiqamətində də işlər həyata keçirildi. Bu proses bir vaxtlar münaqişənin simvollarından biri kimi təqdim edilən Xankəndinin Azərbaycanın ümumi ictimai, iqtisadi və mədəni həyatına inteqrasiyasının göstəricisidir.

Eyni zamanda Xocalı, Xocavənd və Ağdərə ərazilərində də həyatın bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və insanların doğma yurdlarına qayıdışı istiqamətində işlər davam etdirilir. Böyük Qayıdış yalnız keçmiş məcburi köçkünlərin əzəli torpaqlara dönüşü deyil. Bu proses dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasını, yolların, məktəblərin, yaşayış evlərinin və digər sosial infrastrukturun yaradılmasını, iqtisadi həyatın canlandırılmasını əhatə edir. Qarabağ və Şərqi Zəngəzurun ayrı-ayrı yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin qayıdışı illərlə davam etmiş həsrətin sona çatmasının ifadəsidir.

20 Sentyabrın əhəmiyyəti yalnız dörd şəhərin günü ilə məhdudlaşmır. O, Azərbaycan tarixində həm yaddaş, həm suverenlik, həm də qayıdış günüdür. Bir vaxtlar həsrətlə çəkilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə adları bu gün yenidən qurulan, sakinlərinə qovuşan və Azərbaycanın gələcəyinin bir hissəsi kimi inkişaf edən şəhərlərin adlarıdır. Üçrəngli Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması isə həmin tarixi yolun ən aydın və ən güclü rəmzidir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

20:04
19 Sentyabr

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək

20:03
19 Sentyabr

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir

20:01
19 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!