Bu gün Bakı bir az da rənglənib... Qədim İçərişəhərin daş küçələrindən boylanan milli naxışlar, ipək kəlağayıların zərif rəqsi, könüllərə istilik gətirən təbəssümlər paytaxtı böyük bir mədəniyyət səhnəsinə çevirib. Qız qalasından başlayan “Kəlağayı” adlı rəngarəng yürüş Bakının küçələrinə milli ruh, bayram ovqatı və keçmişdən gələn zərif bir gözəllik bəxş edib.
Milli geyimlərə bürünən yürüş iştirakçıları İçərişəhərdən Fəvvarələr meydanına, oradan da Bakı bulvarına doğru irəliləyirlər. Onların hər addımında bir ənənənin nəfəsi, hər rəngdə bir duyğunun izi var. Yoldan keçənlərlə çəkilən şəkillər, səslənən mahnılar, paylaşılan gülümsəmələr bu yürüşü sadəcə bir şəhər gəzintisi deyil, insanları birləşdirən canlı mədəniyyət bayramına çevirir.
Kəlağayı isə bu rənglər dünyasının ən zərif qəhrəmanıdır. İpəyin üzərində açılan naxışlar, bir-birinə qarışan rənglər, nəsildən-nəslə ötürülən incəliklər... O, qadın gözəlliyinin tamamlayıcısı olmaqla yanaşı, Azərbaycan yaddaşının, milli kimliyimizin və mənəvi varisliyimizin də rəmzidir. Bəzən bir kəlağayının naxışında bütöv bir elin zövqü, bir ananın sevgisi, bir nənənin xatirəsi yaşayır.
“Kəlağayı” yürüşünün gözəlliyi də elə bundadır: burada ənənə muzey vitrininin arxasında qalmır, küçələrə çıxır, insanlarla görüşür, gənclərin marağına, qonaqların heyrətinə çevrilir. Keçmiş bu günlə əl-ələ verir, milli irs yeni nəsillərin addımları ilə gələcəyə doğru irəliləyir. Bakının küçələrində yalnız rəngarəng ipəklər dalğalanmır. Burada bir xalqın yaddaşı, zövqü, qadın zərifliyi və öz köklərinə bağlılığı görünür. Kəlağayının hər rəngi sanki ayrı bir hekayə danışır, hər naxışı tarixdən bir iz gətirir.
Bakı bu gün ipək kimi zərif, kəlağayı kimi rəngarəngdir. Və bu rənglərin hər birində Azərbaycanın ruhu yaşayır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”