Müasir Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi güc və beynəlxalq nüfuzun əsas dayaqlarından biri uzunmüddətli və düşünülmüş enerji strategiyasıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1994-cü ildən sistemli şəkildə həyata keçirilməyə başlanan enerji siyasəti Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil edib. Bu strategiya yalnız ölkənin enerji resurslarının dünya bazarına çıxarılması ilə məhdudlaşmayıb, eyni zamanda dövlət quruculuğu, sosial rifahın yüksəldilməsi, iqtisadi şaxələndirmə və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətlərində mühüm nəticələr verib.
Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, türkiyəli siyasi ekspert Bilal Dündar bildirib.
Mərkəz sədri əlavə edib ki, Azərbaycanın enerji siyasəti XX əsrin sonlarında regionda formalaşan ən uğurlu inkişaf strategiyalarından biri hesab edilə bilər. Onun sözlərinə görə, həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifə yalnız təbii sərvətlərin istifadəsi deyil, bu sərvətlərin milli maraqlar çərçivəsində gələcək inkişafın əsasına çevrilməsi idi.
“1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətlə üzləşmişdi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkədə iqtisadi geriləmə, sənaye istehsalının azalması, maliyyə imkanlarının məhdudluğu və sosial problemlər mövcud idi. Belə bir şəraitdə strateji baxış tələb edən qərarların qəbul olunması dövlətin gələcək taleyi baxımından həlledici əhəmiyyət daşıyırdı. Məhz bu mərhələdə formalaşdırılan enerji siyasəti Azərbaycanın uzunmüddətli inkişaf kursunu müəyyənləşdirdi. Enerji sektoruna beynəlxalq investisiyaların cəlb olunması, iri layihələrin reallaşdırılması və enerji ixracı imkanlarının genişləndirilməsi ölkəyə əlavə maliyyə resursları qazandırdı və bunun nəticəsində iqtisadi transformasiya prosesi sürətləndi. Azərbaycanın uğuru yalnız enerji gəlirlərinin əldə edilməsində deyil, həmin vəsaitlərin səmərəli istiqamətlərə yönəldilməsində özünü göstərib. Enerji resurslarından əldə olunan gəlirlər hesabına ölkədə müasir infrastruktur yaradılıb, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilib, yeni təhsil və səhiyyə müəssisələri tikilib, yol və nəqliyyat sistemləri yenilənib, sənaye potensialı gücləndirilib.
1990-cı illərin əvvəllərinin Azərbaycanı ilə bugünkü Azərbaycan arasında fərq yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bu fərq dövlət idarəçiliyində, beynəlxalq mövqedə, cəmiyyətin rifah səviyyəsində və ölkənin qlobal proseslərdə iştirak imkanlarında da açıq şəkildə görünür. Bir vaxtlar daxili sabitliyin və iqtisadi imkanların məhdud olduğu Azərbaycan bu gün beynəlxalq layihələrə rəhbərlik edən, regional əməkdaşlıq proseslərində fəal iştirak edən və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi qəbul edilən dövlətə çevrilib. Bu transformasiya strateji yanaşmanın və ardıcıl siyasətin nəticəsidir”, – deyə Bilal Dündar bildirib.
Mərkəz sədri hesab edir ki, Azərbaycanın enerji strategiyasının mühüm xüsusiyyətlərindən biri enerji sektorundan kənarda da inkişaf imkanlarının yaradılmasıdır. Son illərdə qeyri-neft sektorunun genişləndirilməsi, sənaye zonalarının yaradılması, nəqliyyat və logistika imkanlarının artırılması ölkənin iqtisadi dayanıqlığını gücləndirən amillərdən olub.
Bilal Dündar əlavə edib ki, Azərbaycanın enerji siyasəti regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına da töhfə verib. Xüsusilə Azərbaycan–Türkiyə əməkdaşlığı iqtisadi və strateji tərəfdaşlıq modelinin uğurlu nümunələrindən biri kimi diqqət çəkir. Bu əməkdaşlıq təkcə enerji sahəsini deyil, nəqliyyat, ticarət və regional inteqrasiya istiqamətlərini də əhatə edir.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycan enerji resurslarını iqtisadi gücə, iqtisadi gücü isə dövlət inkişafına çevirən uğurlu model nümayiş etdirir. Bu təcrübə xüsusilə təbii resurslara malik, lakin onların idarə olunmasında çətinlik yaşayan ölkələr üçün öyrənilə biləcək nümunələrdən biri hesab edilə bilər: “Azərbaycanın son onilliklərdə əldə etdiyi nəticələr göstərir ki, enerji siyasəti düzgün strateji baxışla həyata keçirildikdə o, yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də dövlətin beynəlxalq mövqeyinin möhkəmlənməsi və uzunmüddətli rifahın təmin olunması üçün əsas mexanizmlərdən birinə çevrilir”.