İyunun 12-də Mərkəzi Aran iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Ağdaşda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarından olan fermerlər iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqətdən və bu məqsədlə keçirilən müşavirədə verilən tapşırıqlardan danışıb, habelə yeni Dövlət Proqramının məqsədi və əhəmiyyəti barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, kənd təsərrüfatı məhsullarının istehsalına dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, aqroparklar yaradılıb, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, torpaq və su resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində mühüm layihələr icra olunub. Yeni Dövlət Proqramı bu islahatların məntiqi davamı olmaqla aqrar sektorun inkişafında yeni mərhələnin əsasını təşkil edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxışında Mərkəzi Aran iqtisadi rayonunda su təminatı, mövcud meliorasiya və su təsərrüfatı infrastrukturu, həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Çıxış zamanı su ehtiyatlarından səmərəli və qənaətli istifadənin vacibliyi xüsusi qeyd edilib. Bildirilib ki, Dövlət Proqramı çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su uçotunun təkmilləşdirilməsi, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf prioritetləri və nəzərdə tutulan dəstək mexanizmləri barədə təqdimatla çıxış edib. Təqdimatda regionun ixtisaslaşma istiqamətləri nəzərə alınmaqla taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlıq sahələrinin inkişafı, məhsuldarlığın yüksəldilməsi, müasir aqrotexniki yanaşmaların və innovativ texnologiyaların tətbiqi, su və torpaq resurslarından səmərəli istifadə, aqrar sığorta və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fermerlərin aqrar məsləhət və təlim xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Sonra Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda kənd təsərrüfatı sahəsində görülən işlər barədə məlumat verib. O, Dövlət Proqramının rayon üçün əhəmiyyətindən danışaraq bildirib ki, 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin operativ icrasını təmin etmək məqsədilə rayonda hazırlıq işlərinə artıq başlanılıb. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Tədbirlər Planının hazırlanması həyata keçirilir, prioritet istiqamətlər üzrə konkret fəaliyyətlər müəyyənləşdirilir və aidiyyəti qurumlar arasında koordinasiya mexanizmləri formalaşdırılır. Qeyd edib ki, Dövlət Proqramının qarşıya qoyduğu hədəflərə nail olunması üçün rayon səviyyəsində zəruri təşkilati və institusional tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Daha sonra fermer və sahibkarlar çıxış edərək Azərbaycan Respublikası Prezidentinin və dövlətin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək, proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Eyni zamanda, regionun fermerləri adından Dövlət Proqramında nəzərdə tutulan məsələlərin icrası istiqamətində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün daha səylə çalışacaqlarını, məhsuldarlığın artırılması və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.
Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Dövlət Proqramının Mərkəzi Aran iqtisadi rayonunda səmərəli icrasının təmin olunması məqsədilə bütün əlaqəli qurumlara konkret tapşırıqlar verib. Tapşırıqlarda suvarma və meliorasiya tədbirlərinin gücləndirilməsi, əkin sahələrində aqrotexniki qulluq işlərinin vaxtında aparılması, fermerlərlə maarifləndirmə işinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanları, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, Dövlət Proqramının icrası Mərkəzi Aran iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.
10:56
Ağdaş rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə regional müşavirə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən müşavirələrdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edirlər.
Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.