22 May 2024 08:50
1922
Mədəniyyət
A- A+
Azərbaycanın tanınmış etnoqrafı

Azərbaycanın tanınmış etnoqrafı

 

Xalqının keçmişinə sonsuz hörmət və rəğbətlə, gələcəyinə məsuliyyətlə yanaşmağı, fəaliyyət göstərməyi, yazıb-yaratmağı özünün ən müqəddəs vəzifəsi hesab edənlərdən biri Rəxşəndə Babayeva idi. O, bu düşüncəni, bu amalı həyatının qayəsinə çevirən bir ailənin qızı olub. Babası Mirzə Heybət Axundzadə şair idi. "Fəda" təxəllüsü ilə şeirlər yazırdı.
Rəxşəndə xanımın anası Fatma xanım məşhur Hacınskilər nəslindəndir. Rəxşəndə Babayevanın bibisi Səkinə xanım Axundzadə Azərbaycanın ilk qadın dramaturqu, yazıçısı, maarif xadimi idi. Bacısı  Reyhan xanım da Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına böyük xidmətlər göstərmişdi. Məşhur cərrah, ictimai və dövlət xadimi Mustafa bəy Topçubaşovla ailə quran Reyhan xanım onun soyadını qəbul etmişdi.
Rəxşəndə Babayevanın doğum yeri haqqında məlumatlar mənbələrdə fərqlidir. Belə ki, tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayeva alimin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi arxivində mühafizə edilən şəxsi işinə əsaslanaraq, qeyd edib ki, Rəxşəndə Babayeva 1904-cü ildə Bakı şəhərində, əslən qubalı olan, quberniya idarəsində kargüzar işləmiş İbrahim Axundovun ailəsində dünyaya gəlib. 
1910-cu ildə atası dünyadan köçəndə Rəxşəndə xanımın altı yaşı vardı. Bundan sonra himayədarı Bakıda sülh məhkəməsinin katibi vəzifəsini icra edən babası oldu. Fatma xanım qızının təhsil almaq arzusuna qol-qanad vermək ümidi ilə Rəxşəndə xanımı bir molla qadının yanına apardı. Balaca Rəxşəndə xanım ondan ərəb əlifbasını öyrəndi. Həvəsi və iradəsi sayəsində sonralar alman, fars, rus dillərini mükəmməl öyrənə bildi.
Dərin zəkası, iti hafizəsi öyrənməkdə, biliklər əxz etməkdə Rəxşəndə Babayevaya kömək edirdi. Bacısı Reyhan xanımla birgə Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı Aleksandr rus-tatar qızlar məktəbində təhsil almağa başlaması isə onun təhsil yoluna işıq saldı. Sonra ikinci qızlar gimnaziyasına daxil oldu. İki il həmin gimnaziyada oxudu. Maddi imkansızlıq ucbatından təhsilini davam etdirə bilməyən Rəxşəndə xanım gimnaziyadan çıxmaq məcburiyyətində qaldı. Yenə də həvəsdən düşməyən yeniyetmə qız babasının köməyi ilə sərbəst hazırlaşdı. Çətinliklərə sinə gərərək 1918-ci ildə tam siniflər üzrə imtahan verib orta tədris müəssisəsini bitirdi. "Müqəddəs Nina" qız məktəbində dərs deməyə başladı. 1932-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix üzrə pedaqoji fakültəsinə daxil oldu. 1936-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurdu.
1937-ci il fevralın 10-da SSRİ EA Azərbaycan filialının Tarix Arxeologiya və Etnoqrafiya İnstitutunda Maddi-mədəniyyət tarixi şöbəsində kiçik elmi işçi vəzifəsində işə başladı. Bir müddət sonra böyük elmi işçi vəzifəsinə keçirildi.
1940-cı ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 20 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın etnoqrafiyasına dair materialların tərtibi, sistemləşdirilməsi, nəşrə hazırlanması işlərinin uğurla yerinə yetirilməsinə görə, o, SSRİ EA Azərbaycan filialının Rəyasət Heyətinin qərarı ilə mükafatlandırıldı.
O zamanlar Rəxşəndə Babayeva artıq ailə qurmuşdu. 1933-cü ildə oğlu Altay, 1938-ci ildə isə qızı Leylüfər dünyaya gəlmişdi. Rəxşəndə xanımın həyat yoldaşı Əliheydər Babayev ixtisasca texnoloq-mühəndis idi. O, Bakı Politexnik Məktəbində dərs demiş, "Azneft" birliyində məsul vəzifələrdə çalışmışdı. 1943-cü ildə Əliheydər Babayev Almaniya ilə əlaqədə şübhəli bilinərək həbs edildi. 1946-cı ildə azadlığa çıxdı. Ancaq ona Bakıda yaşamağa icazə verilmədi. Mingəçevir SES-də çalışdı. 1956-cı ildə Əliheydər Babayevə bəraət verildi. Lakin Qubada insultdan vəfat etdi.
1943-1944-cü illərdə sağlamlığını itirdiyinə görə yarımştat vahidi ilə işləmək məcburiyyətində qalan Rəxşəndə Babayeva "Abşeronda qədim toy adətləri" mövzusunda namizədlik dissertasiyası üzərində işini başa çatdıra bilmədi. 1949-cu ildə o, SSRİ Etnoqrafiya İnstitutuna ezam edildi. Moskvada ikən alim E.M.Şillinqin rəhbərliyi ilə tədqiqat işini tamamladı.
1949-cu ilin oktyabrında Moskvada SSRİ Etnoqrafiya İnstitutu Qafqaz sektorunun iclasında "Abşeronda toy sikli" mövzusunda məruzə ilə çıxış etdi. İrihəcmli "Abşeronda qədim toy adətləri" əsəri rus dilinə tərcümə olundu. Rəxşəndə Babayevanın ilk monoqrafik əsəri - "Quba şəhərinin toy adətləri" 1946-cı ildə çapdan çıxdı. 
Artıq Böyük Vətən müharibəsi başa çatmışdı. Lakin müharibədən sonrakı illərdə də Azərbaycanın bir sıra görkəmli alimləri haqsız ittihamlara, təqiblərə, təzyiqlərə məruz qalırdılar. Onların əsərləri "təhlil" edilir, "siyasi səhvlər" axtarılırdı. Belə bir vaxtda - 1951-ci ildə AK(b)P XVIII qurultayında Mir Cəfər Bağırov akademiyada çalışan alimlərin apardıqları tədqiqatlardan danışdı. O, Rəxşəndə Babayevanın "Bakının və Abşeronun qədim toy adətləri" adlı monoqrafiyasını istehza ilə "mühüm elmi iş" adlandırdı. Qurultay iştirakçıları da rəhbərə xoş gəlmək üçün gülüşdülər. Bundan sonra Rəxşəndə Babayeva Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarına müvafiq olaraq ixtisar adı ilə işdən çıxarıldı. Daha heç bir müəssisədə işləmədi. Təqaüdə çıxmaq məcburiyyətində qaldı. Həyatı mürəkkəb, ziddiyyətlərlə dolu dövrün keşməkeşlərində keçən alim uzun sürən ağır xəstəlikdən sonra, 1969-cu il martın 30-da altmış beş yaşında vəfat etdi.
Rəxşəndə Babayevanın AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində saxlanılan tədqiqat işləri bir çox tədqiqatçı alim üçün əvəzsiz mənbədir. Təqdirəlayiqdir ki, 2022-ci ildə alimin "Quba şəhərinin toy adətləri" adlı kitabı işıq üzü gördü. Lakin təəssüf ki, Rəxşəndə Babayevanın ömrünün son illərində üzərində işlədiyi "Bakının və Abşeronun qədim toy adətləri" monoqrafiyası və bir sıra əsərləri indiyədək nəşr edilməyib. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!