17 İyun 2026 08:05
182
SİYASƏT
A- A+
Azərbaycanın orta güc konsepsiyası

Azərbaycanın orta güc konsepsiyası


Bölgədə yeni reallıqlar yaradan ölkəmiz fərqli coğrafiyaları birləşdirən etibarlı mərkəzə və regional gündəliyi formalaşdıran nüfuzlu aktora çevrilib


Cənubi Qafqazda otuzillik status-kvonun dəyişməsi fonunda Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin qlobal güc mərkəzləri ilə münasibətlərini və strategiyasını da yenidən formalaşdırıb. Postmünaqişə dövrünün reallıqları Azərbaycanı fərqli iqtisadi qütblər arasında coğrafi və siyasi kəsişmə mərkəzinə çevirib. Ölkəmizin xarici siyasət fəlsəfəsi təkcə mövcud reallıqlara uyğunlaşmaq yox, eyni zamanda regional gündəliyi formalaşdıran aparıcı aktora çevrilmək üzərində qurulub. 

Beynəlxalq logistik marşrutların yenidən cızıldığı bir vaxtda Azərbaycanın təqdim etdiyi geostrateji imkanlar regionun və qitələrarası inteqrasiyanın gələcək vizyonunu müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Trans-Xəzər Forumunda çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın unikal geosiyasi mövqeyini, çoxşaxəli kimliyini və gələcək vizyonunu ortaya qoyur. 

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra ölkəmizin xarici siyasətində yeni ölçülər, yeni imkanlar yaranıb və bu yeni coğrafiyalara doğru genişlənib: "Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Biz, eyni zamanda Mərkəzi Asiya ailəsinə və Xəzər dənizi bölgəsinə mənsubuq. Azərbaycanın Avropa və Yaxın Şərqə dair kimlikləri var. Bütün bu dəyərlər bir-birinə ziddiyyət təşkil etmir, bir-biri ilə uyğun gəlir. Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib. Bizim üçün orta güc konsepsiyası yalnız ölçü, iqtisadiyyat və əhali ilə ölçülmür. Bu, ölkələrin tərəfdaşlıq şəbəkəsidir". Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan müstəqillik qazandıqdan bəri Orta dəhliz üzərində işləyir. 

Münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanların yaranması regional təhlükəsizlik arxitekturasının tamamilə dəyişməsindən xəbər verir. Uzun illər boyu dövlətimizin xarici siyasət və diplomatiya resurslarının böyük bir hissəsi Ermənistanın işğalçılıq siyasətinin fəsadlarının aradan qaldırılmasına, torpaqlarımızın azad edilməsinə və münaqişənin beynəlxalq hüquq müstəvisində həllinə yönəlmişdi. Problemin tamamilə və qətiyyətlə həll olunması, suverenliyimizin bərpası Azərbaycanın xarici siyasətini məhdudlaşdırıcı yükdən azad etdi. İndi ölkəmiz beynəlxalq arenada tamamilə yeni coğrafi istiqamətlərə, qlobal layihələrə və strateji tərəfdaşlıqlara fokuslanan, gündəliyi özü müəyyənləşdirən aktiv oyunçuya çevrilib. Məhz Azərbaycanın sülh gündəmi və regionda formalaşdırdığı mühit diplomatiyada şaxələndirmə mərhələsini başladıb və ölkəmizin qlobal nüfuzunu artırıb. 

Azərbaycanın müstəqillik qazandıqdan bəri Orta dəhliz layihəsi üzərində işləməsi rəsmi Bakının uzaqgörən strategiyasının ən bariz göstəricisidir. 2000-ci illərdən etibarən əsası qoyulan enerji və nəqliyyat strategiyası da əslində böyük Orta dəhlizin fundamenti idi. Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanını, dəmir yolları şəbəkəsini və logistik infrastrukturu qurmaqla bu layihənin əsas memarı oldu.

Xüsusən, qlobal geosiyasi qarşıdurmalar fonunda "Şimal" və "Cənub" marşrutlarının riskli ticarət yollarına çevrilməsi Çindən Avropaya gedən ən təhlükəsiz, qısa və iqtisadi baxımdan səmərəli xətt kimi Orta dəhlizə və onun mərkəzində dayanan Azərbaycana qlobal təchizat zəncirinin əvəzolunmaz mərkəzi statusunu qazandırıb. 

Azərbaycanın çoxşaxəli əlaqələri də xarici siyasətimizdə unikal balans və sintez yaradır. Ölkəmiz özünü dar coğrafi çərçivəyə və ya təktərəfli siyasi bloka sığışdırmır. Bir tərəfdən Mərkəzi Asiyanın türk dövlətləri ilə qardaşlıq və strateji müttəfiqlik əlaqələri quran Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Mərkəzi Asiyanın zəngin resurslarının Qərb bazarlarına çıxışında yeganə və etibarlı qapı məhz Azərbaycandır. Həmçinin ölkəmiz İslam dünyası və Yaxın Şərqlə olan tarixi-mədəni bağlılıqla regional əməkdaşlıq formatlarını da gücləndirir.

Önəmli məqam odur ki, bütün bunlar Azərbaycanın xarici siyasətində bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayır. Məhz bu yanaşma, rəsmi Bakıya Şərqlə Qərb, Şimalla Cənub arasında təbii və etibarlı bir körpü rolu oynamaq imkanı verir. 

Beynəlxalq münasibətlər nəzəriyyəsində orta güc qlobal və regional proseslərə birbaşa təsir imkanına sahib, diplomatik nüfuzu yüksək olan dövlətlərə deyilir. Azərbaycan bu statusu ərazi böyüklüyü, iqtisadiyyatın həcmi və ya əhali sayı kimi fiziki parametrlərlə qazanmır. Ölkəmizin gücü onun qurduğu tərəfdaşlıq və əməkdaşlıq şəbəkəsində, Qoşulmama Hərəkatına uğurlu sədrliyində, COP29 və WUF13 kimi qlobal tədbirlərə evsahibliyi etməsində, beynəlxalq hüququn aliliyini müdafiə etməsində və qlobal problemlərin həllində vasitəçilik qabiliyyətindədir. Bu strateji keçid Azərbaycanın regionun hüdudlarını aşaraq, qonşu coğrafiyalarda söz sahibi olan güc mərkəzinə çevrildiyini təsdiq edir. 

Nəticə olaraq Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi xarici siyasət strategiyası regional sabitliyi qorumaqla yanaşı, qlobal miqyasda yeni əməkdaşlıq formatlarının yaradılmasına xidmət edir. İşğal faktorunun aradan qaldırılması ölkəmizin öz potensialını tam gücü ilə ortaya qoymasına şərait yaradıb. Bu gün Bakı fərqli coğrafiyaları birləşdirən Orta dəhlizin logistik mərkəzi, Şərqlə Qərbin önəmli kəsişmə nöqtəsi və beynəlxalq arenada prinsipial mövqeyi olan orta gücdür. 

Azərbaycanın yeni xarici siyasət fəlsəfəsi sübut edir ki, müasir dünyada dövlətlərin nüfuzu yalnız onların fiziki sərhədləri və ya iqtisadi rəqəmlərlə deyil, qurduqları etibarlı tərəfdaşlıq şəbəkəsi və qlobal sülhə verdikləri real töhfələrlə ölçülür. Regionda formalaşan yeni reallıq Cənubi Qafqazı münaqişə zonasından qlobal inkişafın təhlükəsiz qovşağına çevirməkdədir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

09:27
17 İyun

Salyanda taxıl biçini ilə əlaqədar məsələlər müzakirə edilib

09:25
17 İyun

Qusarda "Oxu bayramı"

09:20
17 İyun

Havalar qeyri-sabit keçsə də...

09:15
17 İyun

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

09:12
17 İyun

Yeni proqram, yeni vəzifələr 

09:10
17 İyun

Qlobal səhralaşmanın təhlükələri

09:05
17 İyun

Fransa dünya çempionatında Seneqalı məğlub edib

09:01
17 İyun

Aqrar sektorda elmi nailiyyətlərdən geniş istifadə edilməlidir

09:00
17 İyun

Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində tibbi müayinələr keçirilib

08:55
17 İyun

Sağlam gələcək müasir səhiyyə sistemindən başlayır

08:50
17 İyun

İnnovasiya, maliyyə inteqrasiyası, Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası və davam edən aqrar müşavirələr

08:45
17 İyun

Daha funksional, daha çevik, daha səmərəli

08:40
17 İyun

Azərbaycan dünyanın əhəmiyyətli logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir

08:35
17 İyun

Rəqəmsal təhsil transformasiyası: gələcəyin strateji istiqaməti

08:30
17 İyun

"Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır"

08:25
17 İyun

Azərbaycanın inkişafını hədəfləyən siyasət - Prezident İlham Əliyevin yüksəliş modeli 

08:20
17 İyun

Yaxın Şərqdə tarixi dönüş

08:15
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!