Prezident İlham Əliyevin oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsi Azərbaycanla bu qurum arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlı əməkdaşlığın gələcək inkişafına verilən əhəmiyyəti nümayiş etdirir. Görüş həm də xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın 16-cı zirvə görüşünə evsahibliyi edəcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan ZAHİDOV qəzetimizə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, diplomatik imkanlarının genişlənməsinin və islam dünyasında qazandığı etimadın növbəti göstəricisidir: "İlk növbədə bildirək ki, Azərbaycan hələ müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə xüsusi əhəmiyyət verib. Ölkəmiz 1991-ci ildə təşkilata üzv qəbul olunub. Yeri gəlmişkən, bu, Azərbaycanın qoşulduğu ilk beynəlxalq təşkilat idi və bu günə kimi ölkəmiz İƏT-in fəaliyyətində yaxından iştirak edir. İƏT də öz növbəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən beynəlxalq təşkilatlardan biri olub. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mühüm qərarlar qəbul edilib. Bu baxımdan Azərbaycanla İƏT arasındakı əlaqələr qarşılıqlı dəstək və həmrəylik prinsipləri əsasında inkişaf edir".
Ekspert qeyd etdi ki, başqa bir mühüm məqam Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə ilə bağlıdır. Burada 2017-ci ili xatırlamaq lazımdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə həmin il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olundu və Bakı IV İslam Həmrəylik Oyunlarına evsahibliyi etdi. Bu tədbir, sadəcə, idman yarışı deyildi, müxtəlif müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanın, dostluğun və həmrəyliyin gücləndirilməsinə xidmət edən mühüm beynəlxalq platforma idi. Eyni zamanda Azərbaycan uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində fəal iştirak edir. Azərbaycan islam dünyası ilə sıx əlaqələrini inkişaf etdirməklə yanaşı, həm də fərqli dinlər və sivilizasiyalar arasında dialoqu da təşviq edir. "Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatına sədrliyini bir neçə istiqamət baxımından vacib hesab edirəm. Birincisi, müsəlman ölkələri arasında siyasi həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsi. Hazırda islam dünyası bir sıra ciddi geosiyasi çağırışlarla, regional münaqişələrlə və təhlükəsizlik problemləri ilə üzləşir. Belə bir şəraitdə təşkilat daxilində koordinasiyanın artırılmasına, münaqişələrin diplomatik vasitələrlə həllinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əməkdaşlığın inkişafına ehtiyac var. Azərbaycanın müstəqil, çoxvektorlu siyasəti, eləcə də siyasi və geosiyasi mərkəzlərlə konstruktiv münasibətləri də bu istiqamətdə mühüm imkanlar yaratmaqdadır. İkincisi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi vacibdir. Yəni islam həmrəyliyi yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret iqtisadi, elmi, texnoloji və humanitar layihələrlə də möhkəmləndirilməlidir. Müsəlman ölkələri arasında ticarətin, investisiya əlaqələrinin, nəqliyyat bağlantılarının və təhsil sahəsində əməkdaşlığın inkişafı təşkilatın beynəlxalq təsir imkanlarını daha da artıra bilər. Azərbaycan bu istiqamətdə öz imkanlarını bölüşə bilər, xüsusilə ölkəmizin beynəlxalq nəqliyyat və enerji layihələrində oynadığı rol, həmçinin COP29-a uğurla evsahibliyi etməsi, böyük təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm təcrübəsi var", - deyə o əlavə etdi.
Ekspert onu da dedi ki, təşkilatın institusional səmərəliliyinin artırılması və müasir çağırışlara daha çevik cavab verməsi də mühüm məsələlərdən biridir. Prezident İlham Əliyevin Baş katiblə görüşündə media sahəsində əməkdaşlıq və dezinformasiyaya qarşı birgə mübarizə məsələlərinin müzakirə olunması onu göstərir ki, Azərbaycan təşkilatın gündəliyinə müasir təhlükəsizlik və informasiya çağırışları kontekstində yanaşmaqdadır. Ümumilikdə Azərbaycanın 2027-ci ildə İƏT-də sədrliyi təşkilatın fəaliyyətinə yeni dinamika qazandırmaq üçün mühüm imkan olacaq. Azərbaycan artıq Qoşulmama Hərəkatına uğurlu sədrlik və COP29 kimi mötəbər tədbirlərə yüksək səviyyədə evsahibliyi edib. Bununla da çoxtərəfli platformalarda təşkilatçılıq və diplomatik liderlik bacarığını nümayiş etdirib. Bu təcrübə İƏT çərçivəsində mühüm rol oynaya bilər. Azərbaycanın sədrliyi islam dünyasında həmrəyliyin möhkəmlənməsinə, üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişlənməsinə və təşkilatın beynəlxalq nüfuzunun güclənməsinə töhfə verəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"