Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbələrin Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Müxtəlif ölkələrdən olan tələbələri bir araya gətirən festival xalqların milli-mədəni irsinin, adət-ənənələrinin və mədəni müxtəlifliyinin nümayişi baxımından əlamətdar olub.
Festivalda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirdi ki, universitet mühitində mədəniyyətlərarası ünsiyyətin, qarşılıqlı hörmətin və dostluq münasibətlərinin möhkəmləndirilməsi vacibdir.
Universitetdə təhsil alan əcnəbi tələbələr öz ölkələrini, milli mədəniyyətlərini və ənənələrini təqdim ediblər. Azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, Hindistan, Rusiya Federasiyası, Macarıstan və Cənubi Afrika Respublikasını təmsil edən tələbələrin iştirakı festivalın beynəlxalq ruhunu daha da gücləndirib.
Proqramda azərbaycanlı tələbələrin çıxışları, "Xalq Birliyi" rəqs qrupunun təqdimatları, eləcə də müxtəlif ölkələrin tələbələrinin musiqi və rəqs nömrələri yer alıb. Milli geyimlər, musiqi nümunələri və mədəni təqdimatlar iştirakçılara ayrı-ayrı xalqların mənəvi dünyası və zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.
Festival yalnız bədii təqdimatlarla məhdudlaşmayaraq, tələbələr arasında ünsiyyətin genişlənməsinə, müxtəlif mədəniyyətlərin qarşılıqlı tanınmasına və dostluq əlaqələrinin möhkəmlənməsinə də xidmət edib.
ADAU-da təşkil olunan Beynəlxalq Tələbə Mədəniyyət Festivalı bir daha göstərib ki, universitetlər yalnız bilik və peşə bacarıqlarının formalaşdığı məkan deyil, həm də xalqları, mədəniyyətləri və insanları birləşdirən mühüm platformadır. Tədbirdə Türkiyədən, Özbəkistandan,Tacikistandan və digər ölkələrdən gələn əcnəbi qonaqlar da iştirak ediblər.
Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 11 ölkədən 300-dən çox əcnəbi tələbə təhsil alır.
Maarif RZAYEV,
ADAU-nun "Aqrar mütəxəssis " qəzetinin redaktoru