İtaliyanın dünyaşöhrətli "Eni" şirkəti Azərbaycana "Əsrin müqaviləsi"nin həyata keçirildiyi ilk vaxtlardan gəlib. Şirkətin SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşlığı və tərəfdaşlığı bu gün də davam edir və bir sıra istiqamətləri əhatə edir.
Əməkdaşlığın istiqamətlərindən biri karbohidrogenlərin kəşfiyyatı və hasilatıdır. Belə ki, tərəflər Azərbaycanda və "Eni"nin fəaliyyət göstərdiyi digər ölkələrdə mövcud və yeni neft-qaz layihələrində sərmayə imkanlarını və sinerjini qiymətləndirirlər.
Onilliklərdir Azərbaycanın etibarlı tərəfdaşı kimi sınaqdan keçən "Eni" Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 10 səhmdarından biridir və layihədə 5 faiz iştirak payına malikdir. 2024-cü ildə SOCAR-la "Eni" arasında Anlaşma Memorandumu imzalanıb. Prezident İlham Əliyev dəfələrlə bu şirkətin rəhbərlərini qəbul edib, həmin görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu iki şirkət üçüncü ölkələrdə birgə layihələrdə də tərəfdaşlıq edirlər. Məsələn, SOCAR "Eni"nin operatoru olduğu Kot-d'İvuardakı nəhəng "Baleine" neft-qaz yatağında 10 faiz paya sahib olub.
"Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri sayılır. Dənizdə yerləşən nəhəng yataq 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilata başlayıb. Bu yataq dəniz səviyyəsindən təqribən 1200 metr dərinlikdə "məskunlaşıb". "Baleine" Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir.
SOCAR "Baleine" yatağının işlənməsi layihəsində iştirak payının alınması ilə bağlı sazişi "Eni S.p.A." şirkəti ilə bu ilin yanvarında imzalayıb. Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Sənədə Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi imza atıblar.
Qeyd edək ki, hazırda "Baleine" yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz çıxarılır. 4 milyard dollar investisiya ilə təsdiqlənən və inşası davam edən 3-cü mərhələnin işə düşməsi ilə hasilatın gündəlik 150 min barel neftə və 5,7 milyon kubmetr qaza çatdırılması gözlənilir. Yataqdakı neftin potensial həcminin təxminən 2,5 milyard barel, təbii qaz ehtiyatlarının isə 3,3 trilyon kubfut (93,4 milyard kubmetr) olduğu təxmin edilir.
Şirkətlər üçüncü ölkələrdə yeni təşəbbüslərdə və birgə layihələrdə əməkdaşlığın genişləndirilməsini düşünürlər.
SOCAR-la "Eni"nin əməkdaşlığının digər bir istiqaməti isə bioyanacaq və "yaşıl enerji" keçididir. Belə ki, Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihələr, dekarbonizasiya, istixana qazı emissiyalarının azaldılması üzrə potensial əməkdaşlıq nəzərdən keçirilir. Eləcə də kənd təsərrüfatı tullantılarından (və ya təkrar emal olunan bitki yağlarından) istifadə etməklə ənənəvi neft emalı zavodlarının biorefineriyalara çevrilməsi imkanları araşdırılır.
Perspektivdə qaz infrastrukturu və texnologiya mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də durur. Hazırda milli və beynəlxalq qaz nəqli infrastrukturu sahəsində əməkdaşlıq, eləcə də texnologiya transferi və süni intellekt-rəqəmsal infrastruktur kimi sahələrdə tərəfdaşlıq potensialına diqqət yönəldilib.
Bir qədər də dünyanın öndəgedən inteqrasiya olunmuş enerji və neft-qaz şirkətlərindən biri olan "Eni S.p.A."nın özü haqqında. Bu, qlobal miqyasda fəaliyyət göstərən nəhəng İtaliya transmilli enerji şirkətidir. Dünyanın ən böyük neft-qaz korporasiyalarından biri olmaqla, bərpaolunan enerji və dekarbonizasiya sahəsində də həllər təqdim edir. Fəaliyyət sahəsi neft-qaz hasilatı və emalı, elektrik enerjisi istehsalı, innovativ enerjiyə keçiddən ibarətdir. "Eni" 1953-cü ildə təsis edilib, 71 500-ə yaxın əməkdaşı olan beynəlxalq bir qurumdur.
Fəaliyyətinin coğrafiyası da olduqca genişdir. Belə ki, dünyanın təxminən 62-79 ölkəsində neft və təbii qazın kəşfiyyatı, hasilatı, emalı və satışı sahələrində çalışır.
İstehsal gücünü isə gündəlik təxminən 1,73 milyon barel neft ekvivalenti hidrokarbonu hasilatı təşkil edir.
Qeyd etdiyimiz kimi, "Eni" şirkəti "yaşıl enerji" və texnologiya sahəsində də fəaliyyət göstərir. Özünün "Plenitude" törəmə şirkəti vasitəsilə 5,8 giqavat bərpaolunan enerji gücünə malikdir və biorefineriya fəaliyyətləri həyata keçirir.
"Eni"nin səhmdar strukturu da maraq doğurur. İtaliya hökuməti müxtəlif qurumlar (İqtisadiyyat və Maliyyə Nazirliyi və Cassa Depositi e Prestiti) vasitəsilə şirkətdə əhəmiyyətli paya (qızıl səhm daxil olmaqla təxminən 33 faiz ) malikdir.
Deyilənlərə əlavə edək ki, bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində "Eni" şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə də görüşüb. Görüşdə SOCAR-la şirkət arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SOCAR-ın "Eni" ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Flora SADIQLI,
"Azərbaycan"