Mütəxəssislər ölkəmizin bu təhlükədən hələ ki uzaq olduğunu deyirlər
Biz təbii fəlakətlərin daim hökm sürdüyü bir planetdə yaşayırıq. Bu fəlakətlər tarixboyu insan yaşamı üçün təhdid olsa da, onlara qarşı hələ də gücsüzük.
Yer qabığını meydana gətirən lövhələr bir-birinin üzərində yerləşir. Bu plitələrin təbii proseslərin təsiri ilə aralanması və sıxılması zəlzələləri meydana gətirən əsas səbəblərdəndir. Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq Yer üzünə əks olunması prosesidir. Bu dalğalar yayılarkən keçdiyi və çatdığı hər yeri təsiri altına salaraq, dağıntılara səbəb olur. Başqa sözlə, əslində, bu, hərəkətsiz qəbul etdiyimiz, üzərinə inamla basıb, evlərimizi tikdiyimiz torpağın hərəkət edərək üzərində olan hər şeyə zərər verməsi hadisəsidir.
Zəlzələ zamanı evlər və binalar dağılır, insan tələfatları və yaralanmalar olur. Onlar bəzən dağıdıcı gücə malik olsa da, faiz nisbətinə görə bir çoxu insan həyatı üçün təhlükəsiz olur. Buna baxmayaraq, ekspertlər zəlzələyə meyilli ölkələrdə yaşamaq riskinin digər ölkələrlə müqayisədə beş dəfə yüksək olduğunu qeyd edirlər. Hər il minlərlə insan təbii fəlakətlərin qurbanı olur.
Ötən il ölkəmizdə 12762 yeraltı təkan qeydə alınıb
Azərbaycanda yerli, regional və uzaq zəlzələlər, eləcə də yeraltı partlayışlar Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları tərəfindən qeydə alınır. Mərkəzin məlumatına görə, ötən il ümumi olaraq 12762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələlərdir. Bundan başqa, 1391 yeraltı partlayış da müşahidə olunub. Ölkədə baş verən zəlzələlərdən 17-si hiss olunan olub. Maqnitudası 3-dən yuxarı olan zəlzələ sayı isə 56-dır.
Son dövrlərdə Azərbaycanda ən çox zəlzələ 2019-cu ildə müşahidə edilib. Həmin il ölkədə 5442 zəlzələ hadisəsi qeydə alınıb. Burada söhbət 3 baldan yuxarı olan təkanlardan gedir. Daha aşağı bal gücündə olan təkanlar hesabata daxil edilmir. Hesabat dövründə ən az seysmik təkan isə 2010-cu ildə müşahidə edilib.
RSXM-in məlumatına görə, beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilmiş 22 ədəd yeni seysmik stansiyaların quraşdırılması işləri başa çatdırılıb. Həmin stansiyalardan 12 ədədi dünyada ilk dəfə Abşeron yarımadasında olan palçıq vulkanları ətrafında quraşdırılıb ki, bu stansiyalar vasitəsilə palçıq vulkanlarının dinamikasını və orada gedən prosesləri də izləmək mümkündür.
Azərbaycanda güclü zəlzələ ehtimalı yoxdur
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz: "Qardaş ölkədəki zəlzələ sərhəddən təxminən 700-800 kilometr aralıda baş verib. Bu uzaqlıqda baş verən zəlzələnin ölkəmizə təsiri yoxdur. Yaxın günlərdə Azərbaycanda güclü təkanların olması gözlənilmir".
Qısamüddətli zəlzələnin proqnozunu verməyin qeyri-mümkünlüyünü söyləyən Q.Yetirmişli bildirib ki, RSXM-in praktikasında iki ortamüddətli zəlzələ proqnozu var: "Birinci zəlzələ ilə bağlı proqnoz 2000-ci ilin noyabrın 25-də olub. Həmin xəbərdarlıqda Xəzərdə seysmoloji aktivlik müşahidə olunduğu qeyd edilmişdi. Zəlzələnin proqnozunu vermək nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq da bir o qədər çətindir. İkinci zəlzələnin proqnozunu isə 2012-ci ildə mən vermişəm. Balakən zonasında aktivləşmə olmuşdu və mayda zəlzələ oldu".
Ölkəmizdə hər gün yeraltı təkanların qeydə alındığını söyləyən mütəxəssis bildirib ki, onların çoxu hiss olunmur: "Bakıda zəlzələ ilə bağlı təhlükə, əsasən, Xəzər dənizindəndir. Ən dərin zəlzələ ocaqları burada yerləşir. Xəzərdə zəlzələlər 50-60, hətta 70 km dərinliyində olur".
Tikinti zamanı seysmoloji tədqiqatlar aparılmalıdır
Q.Yetirmişli qeyd edib ki, binalar tikiləndə mütləq şəkildə seysmoloji tədqiqatlar aparılmalıdır: "Riski minimuma endirmək üçün hər bir binanın quruluşu araşdırılmalıdır. 2019-cu ilə qədər aparılan inşaat işlərində bizə müraciət olunurdu, lakin indi müraciət yoxdur. Müraciətlər olanda əməkdaşlarımız tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər".
Direktorun sözlərinə görə, mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir.
"8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır. Bu zaman dəmir-beton kalonların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər", - deyən baş direktor, həmçinin binaların bir-birinə yaxın tikilməsinin təbii fəlakətlər zamanı yarada biləcəyi çətinliklərə də toxunub. Onun sözlərinə görə, birmərtəbəli binanı söküb, yerində çoxmərtəbəli bina tikirlər, amma yanğınsöndürənlərin, xilasedicilərin gəlməsi üçün yol saxlamırlar".
Zəlzələ zamanı nə etməli?
Təbii fəlakətlərin qarşısını almaq çox çətin, hətta bir çox halda mümkünsüz olur. Bu halda hər kəs bununla bağlı məlumatlandırılmalıdır. Mütəxəssislər təbii fəlakətlər zamanı mümkün olduğu qədər sakit davranmağı və düşünərək hərəkət etməyi tövsiyə edirlər. Təcrübələr göstərir ki, əsas təhlükə zəlzələnin özü yox, onun fəsadlarıdır: torpaq süxurlarının ani dəyişikliyi, bina və tikililərin dağılması, mebel və digər ev avadanlıqlarının aşması, şüşə qırıntıları, sel və qaz sızıntısı və s.
Zəlzələ zamanı mühüm məqamlardan biri özümüzü itirmədən nə edəcəyimizi bilmək, düzgün qərarlar qəbul etməkdir. Bu zaman mümkün olduğu təqdirdə binaları tərk etmək lazımdır. Həmçinin liftdən yox, pilləkənlərdən istifadə edilməlidir. Çölə çıxan kimi boş ərazilərə getmək, tikili və naqillərdən uzaqlaşmaq məsləhətdir.
Yaşayış yerini tərk edə bilməyənlər daxili divarın yanı, otaq künclərində durmalı, stol və ya yataq altı kimi təhlükəsiz yerlərdə yumaq formasında uzanaraq əlləri ilə başlarını örtməlidirlər. Qaz sızıntısı ehtimalını nəzərə alaraq kibrit yandırılmamalıdır. Təhlükəli miqdarda toz udmamaq üçün yalnız əlacsız qaldıqda qışqırmalı, ağız nahiyəsi əl dəsmalı və ya geyimlə bağlanmalıdır. Xilasedicilərin zərərçəkənlərin olduğu yeri müəyyən etmələri üçün boru və ya divara nəsə vurub işarə vermək vacibdir.
Zəlzələ zamanı nəqliyyatda olan təqdirdə təkanlar qurtarmayınca onu tərk etmək məsləhət görülmür. Nəqliyyat vasitələri binaların, ağacların, estakadaların və elektrik naqillərinin yanında saxlanılmamalı, zədəli olan yollardan, körpülərdən və maili enişlərdən istifadə edilməməlidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"