2025–2026-cı illər Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafında siyasi dialoqun intensivləşməsi, strateji tərəfdaşlığın dərinləşməsi və ikitərəfli əlaqələrin nəqliyyat, enerji, parlament diplomatiyası və regional əməkdaşlıqla tamamlanması baxımından diqqətəlayiq mərhələdir. Bu münasibətlər əsasən dostluq, qardaşlıq, mehriban qonşuluq və strateji tərəfdaşlıq xarakteri kəsb etmişdir. 2025-ci il iyulun 16-17-də Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri və Milli Lider Qurbanqulu Berdimuhamedovla onun Azərbaycana səfəri zamanı görüşləri qarşılıqlı münasibətlər tarixində mühüm bir mərhələnin başlanğıcı oldu. İyulun 16-da Prezident İlham Əliyev onunla təkbətək görüş keçirdi. Görüşdə siyasi, iqtisadi, humanitar, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi. Bu görüşün siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan–Türkmənistan münasibətlərində liderlərarası etimad mexanizmi daha da möhkəmləndi.
2025-ci ilin ikinci mühüm hadisəsi avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşlər oldu. İlham Əliyev həmin gün Qurbanqulu Berdimuhamedovla geniş tərkibli görüş keçirdi. Tərəflər siyasi münasibətlərin hazırkı vəziyyətini müsbət qiymətləndirdilər, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək məsələlərini və regional əməkdaşlığı müzakirə etdilər. Həmin gün Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli yüksək səviyyəli görüşün keçirilməsi ayrıca əhəmiyyət daşıyırdı. Üç ölkənin liderləri birgə bəyanat qəbul etdilər və nəqliyyat, hava əlaqələri və regional əməkdaşlıq üzrə sənədlər imzaladılar.
Bu format artıq Azərbaycan-Türkmənistan münasibətlərinin Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısı kontekstində inkişaf etdiyini göstərən mühüm siyasi proses idi. Azərbaycan artıq özünü yalnız Xəzərin qərb sahilində yerləşən ölkə kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat-logistika və enerji əlaqələrində fəal tərəf kimi təqdim edir. Türkmənistan isə öz növbəsində Azərbaycanı Xəzərin qərb sahili, Avropa istiqaməti və Transxəzər bağlantıları baxımından mühüm tərəfdaş kimi nəzərdən keçirir.
2025-ci il ərzində rəsmi diskursda diqqəti çəkən başqa məqam münasibətlərin yalnız “qardaşlıq” ritorikası ilə məhdudlaşmaması, onun strateji tərəfdaşlıq anlayışı ilə də əlaqələndirilməsidir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova 4 avqust 2025-ci ildə Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşündə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin ikitərəfli münasibətlərin hüquqi bazası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdi. Belə ki, tərəflər siyasi yaxınlığı konkret hüquqi sənədlər, hökumətlərarası mexanizmlər və parlament əlaqələri ilə institusional çərçivəyə salmağa çalışırlar.
Azərbaycan-Türkmənistan münasibətlərinin mühüm istiqamətlərindən biri parlament diplomatiyasıdır. 2025-ci il avqustun 3-4-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti Türkmənistanda, Avaza şəhərində keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forumda iştirak etdi. Azərbaycan nümayəndə heyəti forumda fəal iştirak etdi və S.Qafarova forumun ilk sessiyasına sədrlik etdi. Avqustun 4-də S.Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə ikitərəfli görüş keçirdi. Tərəflər parlamentlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdilər, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğuladılar və yüksək səviyyəli qarşılıqlı səfərlərin siyasi münasibətlərin inkişafına təsirini qeyd etdilər. Ötən ilin dekabrında Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Türkmənistanda keçirilən beynəlxalq tədbirdə iştirakı bu əlaqələrin davamlı xarakter daşıdığını göstərirdi.
7 oktyabr 2025-ci ildə Qəbələdə Prezident İlham Əliyev Qurbanqulu Berdimuhamedovla yenidən görüşdü. Görüş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü çərçivəsində baş tutdu. Tərəflər Azərbaycan–Türkmənistan münasibətlərinin siyasi, iqtisadi, nəqliyyat, enerji, parlament, humanitar və mədəni sahələrdə inkişaf etdiyini qeyd etdilər. Bu görüşün fərqli tərəfi ondan ibarət idi ki, ikitərəfli münasibətlər artıq Türk dünyasının çoxtərəfli siyasi platforması ilə də sıx əlaqələndirilirdi. Beləliklə, Azərbaycan-Türkmənistan münasibətləri ikitərəfli xəttdən əlavə, Türk Dövlətləri Təşkilatı, BMT və digər beynəlxalq qurumlar çərçivəsində də tamamlanır.
Qarşılıqlı siyasi dialoqun davamı olaraq 2026-cı ilin fevralında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistan xarici işlər nazirinin müavini Ahmet Gurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Müzakirə olunan sahələr arasında ticarət-iqtisadi əlaqələr, enerji, nəqliyyat-logistika, Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəni əlaqələr yer aldı. Güründüyü kimi, ötən il keçirilmiş liderlərarası görüşlər artıq bu il diplomatik aparat səviyyəsində icra və davamlı koordinasiya mərhələsinə keçmişdir.
Prezident Sərdar Berdimuhamedovun 2026-cı il 22–23 iyun tarixlərində Azərbaycana dövlət səfəri oldu. Bu səfər Azərbaycan-Türkmənistan münasibətlərində dövlət başçıları səviyyəsində yeni mərhələ kimi təqdim edildi. İyunun 22-də Prezident İlham Əliyev və Prezident Sərdar Berdimuhamedov həm təkbətək, həm də geniş tərkibdə danışıqlar apardılar. Danışıqlarda siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, logistika, humanitar və mədəni əlaqələr müzakirə edildi. Səfərin yekunu olaraq prezidentlər Birgə Bəyanat imzaladılar. Bundan əlavə - gömrük məlumatlarının ilkin mübadiləsi üzrə texniki spesifikasiyalar, qarşılıqlı ticarətin gömrük statistikası üzrə əməkdaşlıq protokolu, ərzaq təhlükəsizliyi üzrə hökumətlərarası sazişi, 2026–2028-ci illər üçün sənaye sahəsində əməkdaşlıq proqramı, enerji sahəsində əməkdaşlıq haqqında saziş, xarici işlər nazirlikləri arasında 2026–2029-cu illər üçün əməkdaşlıq proqramı kimi sənədlər imzalandı. Bu sənədlər siyasi münasibətlərin iqtisadi və inzibati mexanizmlərlə tamamlandığını göstərir. Başqa sözlə, siyasi dialoq konkret sektorlar üzrə dövlətlərarası əməkdaşlıq mexanizmlərinə çevrilir.
Azərbaycan-Türkmənistan münasibətlərini yalnız diplomatik və mədəni yaxınlıqla izah etmək kifayət deyil. İki ölkənin əməkdaşlığının mühüm geoiqtisadi dayaqları enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıqdır. 2026-cı il dövlət səfəri zamanı tərəflər məhz bu sahələri əməkdaşlığını prioritet sahələri kimi müəyyən etdilər. Prezident Sərdar Berdimuhamedov Şərq–Qərb istiqamətində hər iki ölkənin ərazilərindən keçən nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi.
Bu istiqamətdə siyasi münasibətlərlə iqtisadi maraqlar bir-birini tamamlayır. Azərbaycan üçün Türkmənistan Xəzərin şərq sahilinə çıxış üçün mühüm tərəfdaşdır. Türkmənistan üçün isə Azərbaycan Xəzərin qərb sahili, Cənubi Qafqaz və Avropa istiqamətində mühüm tranzit platformasıdır. Bu baxımdan Orta Dəhliz/Transxəzər nəqliyyat bağlantısı yalnız iqtisadi layihə deyil, həm də qarşılıqlı siyasi etimadı tələb edən regional geosiyasi mexanizmdir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də 2026-cı il danışıqlarında nəqliyyat-logistika əməkdaşlığını siyasi əməkdaşlıqla birbaşa əlaqələndirmişdir. 2026-cı il səfərinin mühüm simvolik elementi Sərdar Berdimuhamedovun Füzuli və Şuşaya səfəri oldu. Turkmənistan tərəfinin Füzulidə məscid tikintisinə verdiyi dəstək Azərbaycan tərəfindən xüsusi minnətdarlıqla qarşılandı. Prezident İlham Əliyev bu təşəbbüsü iki ölkə arasındakı münasibətlərin humanitar və mənəvi ölçüsünün nümunəsi kimi təqdim etdi. Bu səfər vasitəsilə Türkmənistanın Azərbaycanla həmrəyliyi yalnız diplomatik bəyanat səviyyəsində deyil, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası kontekstində konkret humanitar layihə səviyyəsində də ifadə edildi. 2025-ci ildə Qurbanqulu Berdimuhamedovun Azərbaycana səfəri, İlham Əliyevin Türkmənistana səfəri, Türkmənbaşı görüşü və Qəbələ təması, 2026-cı ildə isə Prezident Sərdar Berdimuhamedovun dövlət səfəri siyasi dialoqun intensivliyini göstərir.
Həmçnin 2026-cı ildə parlament diplomatiyasının davamlı xarakteri daha aydın görünür. Cari il mayın 14-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərində keçirilən II Asiya Qadınlar Forumunda Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşdü. Görüşdə hər iki tərəf dövlət başçıları arasındakı yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əlaqələrin möhkəmlənməsində rolunu vurğuladı. Eyni zamanda parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlərin əhəmiyyəti müzakirə edildi. Beləliklə, 2025–2026-cı illərdə parlamentlərarası münasibətlər spikerlərarası birbaşa dialoq, parlamentlərdə dostluq qrupları, beynəlxalq parlament təşkilatları və çoxtərəfli forumlarda koordinasiya səviyyəsində inkişaf etmişdir. Bu mexanizm dövlətlərarası diplomatiyanı tamamlayan mühüm amildir.
Xəzərin iki ölkə arasındakı münasibətlər sistemində xüsusi yeri vardır. Xəzər həm iki ölkəni ayıran coğrafi məkan, həm də onları birləşdirən nəqliyyat, enerji və iqtisadi platformadır. Eyni zamanda Azərbaycan-Türkmənistan münasibətlərinin regional xarakterinin güclənməsini xüsusi olaraq vurğulammaq lazımdır. 2025-ci ilin Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli görüşü, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya-Azərbaycan formatları münasibətlərin daha geniş regional çərçivəyə daxil olduğunu göstərir. 2025-ci ildə Avaza parlamentlərarası forumu və spikerlər görüşü, 2026-cı ildə Buxarada keçirilən görüş yuxarıda qeyd olunan fikri açıq şəkildə təsdiq edir.
2025-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208,39 milyon dollar olub. Bunun 144,54 milyon dolları idxal, 63,85 milyon dolları isə ixrac təşkil edib. Beləliklə, Azərbaycanın Türkmənistanla ticarətində 80,69 milyon dollarlıq mənfi saldo yaranıb. 2026-cı ildə əlaqələrin diqqətçəkən xüsusiyyəti təkcə mal mübadiləsinin artırılması deyil, ticarətin institusional və hüquqi bazasının gücləndirilməsi olub. 2026-cı ildə Azərbaycan və Türkmənistan arasında mübadilə edilmiş bir sıra sənədlər gələcəkdə ticarət prosedurlarının sadələşdirilməsi, gömrük məlumatlarının daha operativ mübadiləsi və yeni məhsul və xidmət sahələrinin ticarət dövriyyəsinə daxil edilməsi üçün baza yaradır.
Türkmənistanın Azərbaycana ixrac etdiyi əsas məhsullar enerji, kimya, tekstil və kənd təsərrüfatı sektorlarının payına düşür. Onların arasında xam neft, dizel yanacağı, benzin və müxtəlif sürtkü yağları, təbii qaz və maye qaz, müəyyən dövrlərdə svop (əvəzlənmə) sazişləri çərçivəsində təbii qaz və propan/butan qazları, polipropilen və polietilen, sənayedə istifadə olunan kükürd xammalı, müxtəlif növ pambıq parçalar və ipliklər, bəzi kənd təsərrüfatı və qida sənayesi məhsullarını sadalamaq olar. Ümumilikdə iki ölkə arasında ticarət dövriyyəsinin böyük hissəsini isə neft-qaz və neft-kimya sənayesi xammalları təşkil edir.
Azərbaycan–Türkmənistan iqtisadi münasibətlərində adi əmtəə ticarətindən əlavə enerji və tranzit əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə energetika sahəsində ayrıca sazişin imzalanması bu istiqamətin ikitərəfli iqtisadi münasibətlərdə prioritet olduğunu göstərir. Coğrafi baxımdan isə Xəzər dənizi Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin mühüm komponentidir. Azərbaycan və Türkmənistanın Xəzər üzərindən nəqliyyat əlaqələri və daha geniş Orta Dəhliz marşrutu ilə bağlı imkanları iki ölkə arasında yalnız ikitərəfli deyil, Avropa–Mərkəzi Asiya ticarətinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
2026-cı ildə imzalanan sənədlər isə əməkdaşlığın daha çox sahəni əhatə etdiyini göstərir. Xüsusilə sənaye, energetika, kənd təsərrüfatı, gömrük, qida təhlükəsizliyi və maliyyə sahələrində əməkdaşlıq mexanizmlərinin yaradılması ticarət əlaqələrinin şaxələndirilməsi üçün institusional zəmin formalaşdırır. Ümumiyyətlə, 2025–2026-cı illərdə Azərbaycan–Türkmənistan ticarət əlaqələrində əsas meyl sadəcə ticarət həcminin artırılması deyil, ticarətin strukturunun genişləndirilməsi və onun üçün hüquqi, gömrük, logistika və enerji infrastrukturunun möhkəmləndirilməsi olub.
2025–2026-cı illərdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar sahədə əlaqələr həm qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, həm də işğaldan azad olunmuş ərazilərdə birgə layihələrin icrası ilə yüksək dinamika qazanmışdır. Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri (13–15 Oktyabr 2025-ci il) busahədə mühüm tədbir oldu. Bu zaman Bakı və Gəncə şəhərlərində genişmiqyaslı mədəniyyət günləri təşkil olunmuşdu. Azərbaycan Milli Kitabxanasında türkmən ədəbiyyatını, tarixini və mədəniyyətini əks etdirən xüsusi guşə açılmışdı. Bakı Dənizkənarı Milli Parkında türkmən milli mətbəx pavilyonu fəaliyyət göstərmiş, yekun konsert proqramı isə Gəncə Dövlət Filarmoniyasında hər iki ölkənin incəsənət ustalarının birgə çıxışı ilə baş tutmuşdur.
2026-cı ilin iyun ayında Türkmənistanda keçirilmiş Azərbaycan Mədəniyyəti Günləri uğur qazanmışdır. İyunun 5-dən etibarən Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri minlərlə sakinin zövqünü oxşamışdır. Tədbirlər çərçivəsində Azərbaycanın musiqi, xalçaçılıq, təsviri sənət və kino nümunələri türkmən tamaşaçılarına təqdim olunmuş, iki qardaş xalqın ortaq türk köklərinə söykənən mədəni dəyərləri nümayiş etdirilmişdir. Həmçinin 2026-cı ilin iyununda iki ölkə dövlət başçıları Şuşa şəhərində Bülbülün öy-muzeyini ziyaret etmiş, Şuşa məscidində aparılan bərpa və gurluşıq işləri ilə tanış olmuşdular. Səfər çərçivəsində Türkmənistan Prezidentinə Azərbaycan tərəfindən Qarabağ atı hədiyyə olunmuş, həmçinin Xəzərdə dostluq simvolu olaraq "Dostluq" tankeri onlayn formatda istifadəyə verilmişdir. Türkmənistanın Füzuli şəhərində inşa etdirdiyi modern məscid kompleksi layihəsi iki ölkə arasında mənəvi həmrəyliyin və ortaq mədəni kimliyin ən mühüm rəmzlərindən birinə çevrilmişdir. Ümumilikdə, 2025–2026-cı illər Azərbaycan-Türkmənistan mədəni münasibətlərində ortaq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdiyi və mədəniyyətin dipomatiyanın əsas sütununa çevrildiyi dövr kimi xarakterizə olunur.
Nəhayət, son il yarım ərzində iki ölkə arasındakı ümumi münasibətlərə yekun vurarkən gözlərimiz önündə belə bir mənzərə canlanır: 2025-ci il münasibətlərin intensivləşdiyi, 2026-cı ilin ilk yarısı isə həmin siyasi impulsun konkret dövlətlərarası sazişlər və proqramlarla şərtləndiyi, təsbit olunduğu mərhələ kimi xarakterizə oluna bilər. 2026-cı ilin iyun ayında reallaşmış dövlət səfəri bu prosesin ən mühüm diplomatik hadisəsi olmuşdur. Azərbaycan Prezidenti 2026-cı ilin sentyabrında da həmin səfər zamanı əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, heç bir xarici qüvvə və təbii-coğrafi maneə iki qardaş türk dövləti arasında əməkdaşlığın inkişaf edərək strateji səviyyəyə yüksəlməsinin qarşısını ala bilməz. Çünki, Avrasiyanın mühüm geoiqtisadi əhəmiyyətə malik bu tərəfdaşlıq körpüsündən həm Şərq, həm də Qərb ölkələri bəhrələnəcək, fayda götürəcək.
.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti