27 Sentyabr Anım Günü Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gün olmaqla, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi, həmçinin xalqımızın vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirən bir gündür. Prezident İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair verdiyi 2 dekabr 2020-ci il tarixli Sərəncam həmin tarixin əhəmiyyətliliyini bir daha özündə ehtiva edən olduqca vacib təşəbbüsdür.
Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müharibə dövründə Silahlı Qüvvələrin hərbi qulluqçuları ilə bərabər arxa cəbhədə çalışan mülki şəxslər bir yumruq və bir ideya altında birləşərək, ordumuzun ruhdan düşməməsi, əksinə, daha da şücayətlə döyüşərək düşmənə qalib gəlməsi və qətiyyətli zəfərin əldə edilməsi naminə hər cür çətinliklərə sinə gərmiş və uzun illər düşmən tərəfindən işğal olunan torpaqlarımızın adaz edilməsinə nail olublar. “Təxminən 30 ilə yaxın müddətdə qonşu Ermənistan dövləti öz işğalçı siyasətini davam etdirərək, Qarabağ torpaqlarında müxtəlif təxribatlar törətmiş, bu ərazilərdə yaşayan dinc sakinlərimizə qarşı tarixdə misli-bərabəri görünməyən təcavüzlər və soyqırımlar törədərək, insanların öz yurd-yuvalarında rahat yaşamasına imkan verməmişlər. Bütün bu əziyyətlərə sinə gərən və haqsızlıqlarla barışmayan xalqımızın mərd, şücaətli övladları 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin qətiyyətli fikrini dəstəkləyərək, bir olub ayağa qalxmış və uzun illər əsarətdə olan torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi naminə öz canlarından və qanlarından keçmişlər. Otuz ilə yaxın müddətdə Qarabağ torpaqlarının azadlığı ilə bağlı bir çox beynəlxalq təşkilatların ikili standartlar siyasəti, iki tərəf arasında mövcud olmuş münaqişənin dondurulmasına çalışması və bununla da illər ərzində aparılan siyasi danışıqların nəticəsiz qalması xalqımızın səbrinin tükənməsinə, məsələnin müharibə yolu ilə birdəfəlik həll edilməsinə gətirib çıxardıb. Bu illər ərzində BMT tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlədiyi üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadan qalıb. Buna baxmayaraq, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını, qəbul edilmiş beynəlxalq qətnamələrin icrasının ölkəmizin qüdrəti və xalqımızın gücü hesabına həyata keçirilməsini nümayiş etdirib. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı təxribatlarını davam etdirmişdir”, - deyə o əlavə edib.
Deputat xatırladıb ki, 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun cəbhə boyu mövqelərinə və bir çox yaşayış məntəqələrinə davamlı artilleriya zərbələri endirməklə xalqımıza qarşı növbəti təcavüzə başlamışlar. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr tarixinədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
P.Vəliyeva qqeyd edib ki, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə, xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək, müharibənin sonuna kimi döyüşmüş, düşməni son nəfərinə kimi torpaqlarımızdan qovub çıxartmışlar. Bütün bu uğurlu qalibiyyətimiz isə qəhrəman şəhidlərimizin, həmçinin qazilərimizin sayəsində baş verib. Bu səbəbdən də, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirən, Vətən uğrunda canını və qanını fəda edən şəhidlərimizin xatirəsinə Müzəffər Ali Baş Komandan İlham Əliyev daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Deputat bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar: “Bu gün ölkənin müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət edilir, onların ailələrinə diqqət və qayğı göstərilir, Vətən müharibəsində həyatını itirmiş insanların xatirəsi müxtəlif tədbirlərdə yad olunur. Dövlət və cəmiyyət səviyyəsində keçirilən anım mərasimləri şəhidlərin həyat yolunun və qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu səbəbdən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət cəmiyyətin mənəvi məsuliyyətinin mühüm istiqamətlərindən birinə çevrilib. Şəhid ailələrinin və övladlarının daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir. Beləliklə, şəhidlik Azərbaycan cəmiyyətində Vətən uğrunda ən böyük fədakarlıq kimi qəbul olunur. 27 Sentyabr Anım Günü bu fədakarlığın unudulmaması və şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”