Milli yaddaş xalqın keçmişlə bu gün arasında
qurduğu mənəvi bağdır. Biz tariximizi nə qədər yaxşı xatırlayırıqsa, gələcəyimizi
də bir o qədər möhkəm və sağlam təməllər üzərində qura bilərik.
2020-ci il sentyabrın 27-si Ermənistanın azərbaycanlılara
qarşı 200 ildən artıq davam edən etnik təmizləmə və soyqırımı siyasətinə son
qoyan prosesin başladığı, ədalətin, həqiqətin və milli ləyaqətin öz yerini
tapdığı gündür. Azərbaycan xalqı və dövləti, şanlı Ordumuz 44 gün davam edən bu
Zəfər yürüşündə böyük bir sınaqdan şərəflə və ləyaqətlə çıxdı. İllər boyu gözlədiyimiz,
həsrətində olduğumuz Qələbəyə nail olmaqla yanaşı “məğlub xalq” sindromunu da
geridə qoyduq; bu gün başımız dikdir, alnımız açıqdır. Bizə bu qüruru və fəxarəti
yaşadan şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə
Allahdan şəfa diləyirəm.
Azərbaycan xalqının tarixi yaddaşında doğma
torpaqlardan məcburi köçürülmə, deportasiya, qırğınlar və müharibələrlə bağlı
ağır səhifələr var. XX əsrin əvvəllərində
Azərbaycan xalqının üzləşdiyi faciələr, 1918-ci il hadisələri, Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması ərəfəsində və sonrakı dövrdə baş verən
qarşıdurmalar, yaşayış məntəqələrinin dağıdılması və dinc insanların qətlə
yetirilməsi xalqımızın yaddaşında silinməz izlər qoyub. Sonrakı onilliklərdə də
azərbaycanlıların öz tarixi torpaqlarından çıxarılması davam edib. 1948–1953-cü
illərdə Ermənistan SSR ərazisində yaşayan 150 mindən çox azərbaycanlının
deportasiya edilməsi bu siyasətin ən ağır mərhələlərindən biri olub. 1988-ci
ildən etibarən isə Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali kütləvi şəkildə
öz yaşayış yerlərindən qovulub. Bu çətin tarixi unutmamaqda əsas məqsəd
keçmişin ağrılarını gələcəyə daşımaq deyil. Əsas məqsəd baş verənləri
unutmayaraq onların təkrarlanmasına yol verməməkdir. 1980-ci illərin sonlarında
Sovet İttifaqında yaranmış siyasi böhran milli və ərazi məsələlərinin yenidən
gündəmə gəlməsinə səbəb oldu. Qarabağ ətrafında başlanan proses qısa müddətdə
silahlı qarşıdurmaya çevrildi. 1990-cı illərin əvvəllərində Azərbaycan
genişmiqyaslı müharibə ilə üzləşdi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun
ətrafındakı yeddi rayon işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin
düşdü. Şəhər və kəndlər dağıdıldı, Azərbaycanın tarixi və mədəni irsinə ciddi
ziyan dəydi. Xocalı faciəsi isə həmin müharibənin xalqımızın yaddaşında ən ağır
səhifələrindən biridir. 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı
törədilmiş qətliam nəticəsində yüzlərlə insan həlak oldu. Bu faciə Azərbaycan
xalqının yaddaşında mülki əhalinin müharibələr zamanı müdafiəsinin nə qədər
vacib olduğunu göstərən çətin tarixi hadisə kimi qalıb. Bu gün həmin illərə
qayıdarkən bir həqiqəti unutmamalıyıq: müharibə yalnız döyüş meydanında baş
vermir. Müharibənin ən ağır nəticələrini insanlar, ailələr, uşaqlar, yaşlılar
yaşayır. Doğma evini itirmək, ailə üzvünü itirmək, illərlə öz yurduna qayıda
bilməmək insan yaddaşında dərin iz buraxır.
Azərbaycanın 2020-ci ildə əldə etdiyi nəticəni
44 günlük müharibənin hərbi hadisələri ilə izah etmək düzgün olmaz. Bu nəticəyə
aparan yol uzun illər ərzində formalaşan dövlətçilik siyasəti, iqtisadi
imkanların yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, ordunun gücləndirilməsi
və Azərbaycanın öz mövqeyini beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə etməsi
ilə bağlı idi. Bu baxımdan 1990-cı illərin əvvəllərinə qayıtmaq, Azərbaycanın
hansı vəziyyətdən keçdiyini və həmin mürəkkəb dövrdə hansı dövlətçilik əsaslarının
yaradıldığını xatırlamaq vacibdir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin ən çətin mərhələlərindən
birinə təsadüf etdi. Ölkədə siyasi qarşıdurma, iqtisadi böhran, hərbi sahədə
nizamsızlıq və Qarabağ münaqişəsinin yaratdığı ağır vəziyyət dövlətçiliyin gələcəyi
ilə bağlı ciddi suallar doğururdu. Sonrakı dövrdə dövlət idarəçiliyinin möhkəmləndirilməsi,
sabitliyin təmin olunması, hüquqi dövlət institutlarının formalaşdırılması və
müstəqil Azərbaycanın siyasi sisteminin əsaslarının yaradılması istiqamətində
mühüm addımlar atıldı. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi də bu
prosesin mühüm mərhələlərindən biri oldu. Ulu öndər Heydər Əliyevin dövlətçilik
siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi imkanlarının
artırılması idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması
Azərbaycanın dünya iqtisadiyyatına daha fəal inteqrasiyası, xarici
investisiyaların cəlb edilməsi və ölkənin enerji imkanlarının genişləndirilməsi
baxımından əsas hadisəyə çevrildi. Bu gün geriyə baxanda aydın görünür ki,
iqtisadi güc ilə dövlətin siyasi və müdafiə imkanları arasında birbaşa əlaqə
var. Güclü ordu üçün güclü iqtisadiyyat, iqtisadiyyatın inkişafı üçün isə sabit
dövlət və uzunmüddətli strategiya lazımdır. Heydər Əliyevin müəyyən etdiyi
enerji strategiyası sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə
davam etdirildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, daha sonra isə
TANAP və TAP kimi layihələr Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini
artırdı. Enerji layihələri yalnız iqtisadi layihələr kimi deyil, Azərbaycanın
müstəqil xarici siyasətinin və regional əməkdaşlığının mühüm istiqamətlərindən
biri kimi də formalaşdı.
Azərbaycan Qarabağ məsələsinin həllində uzun
illər beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə
istinad edib.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822,
853, 874 və 884 saylı qətnamələri qəbul edildi. Bu sənədlərdə atəşkəsə
çağırışlarla yanaşı, işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin
çıxarılması məsələsi də əksini tapmışdı. ATƏT-in Minsk prosesi də münaqişənin
siyasi yolla həllinə xidmət edən beynəlxalq mexanizmlərdən biri idi. Lakin uzun
illər davam edən danışıqlar işğalın aradan qaldırılması ilə nəticələnmədi. Azərbaycan
Prezidentinin rəsmi saytında da bu prosesin tarixi və beynəlxalq sənədlər
ayrıca qeyd olunur. Burada mühüm bir nəticə ortaya çıxır. Beynəlxalq hüquq
mühüm prinsip və mexanizmlər müəyyən edir, lakin həmin prinsiplərin həyata
keçirilməsi üçün siyasi iradə və real icra mexanizmləri də lazımdır.
Azərbaycan diplomatik müstəvidə öz mövqeyini
qorudu, ərazi bütövlüyü məsələsini beynəlxalq gündəmdə saxladı və eyni zamanda
müdafiə imkanlarını gücləndirdi.
2003-cü ildən sonrakı dövrdə də bu siyasətin əsas
istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyü məsələsinin beynəlxalq
platformalarda ardıcıl şəkildə müdafiə edilməsi oldu. Prezident İlham Əliyevin
çıxışlarında BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn
prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə dəfələrlə istinad edildi.
Uzun illər ərzində Azərbaycanın iqtisadi
imkanlarının artması ordunun maddi-texniki bazasının yenilənməsinə, müasir
silah və texnologiyaların alınmasına, hərbi qulluqçuların hazırlığının gücləndirilməsinə
imkan verdi.
2016-cı ilin Aprel döyüşləri bu prosesin əsas
mərhələlərindən biri oldu. Həmin döyüşlər Azərbaycan Ordusunun hazırlıq səviyyəsini
və yeni imkanlarını göstərdi. Prezident İlham Əliyev də sonrakı çıxışlarında
Aprel döyüşlərinin 2020-ci il müharibəsinə gedən yolda əhəmiyyətini qeyd edib.
2017-ci ildə Cocuq Mərcanlıda yaşayışın bərpası
isə başqa bir məna daşıyırdı. İşğaldan azad edilmiş əraziyə insanların qayıdışı
Böyük Qayıdışın ilkin nümunələrindən birinə çevrildi. Həmin dövrdə Cocuq Mərcanlının
bərpası ilə bağlı Prezident İlham Əliyevin sərəncamları əsasında evlərin, məktəbin,
yolun və digər infrastrukturun yaradılması həyata keçirildi.
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş
verən hadisələr isə vəziyyətin nə qədər həssas olduğunu bir daha göstərdi.
Sentyabrın 27-də genişmiqyaslı hərbi əməliyyatların başlaması ilə Azərbaycan
tarixinin yeni mərhələsi başladı.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək
davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsinə
çevrildi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının əhəmiyyətli hissəsi və bir
sıra yaşayış məntəqələri azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması
müharibənin ən mühüm mərhələlərindən biri oldu. Şuşa Azərbaycanın mədəniyyət
tarixinin, musiqisinin, ədəbiyyatının, memarlığının ayrılmaz hissəsidir. Ona
görə də Şuşanın azad olunması hərbi nəticə ilə yanaşı, milli-mədəni baxımdan da
böyük əhəmiyyət daşıyırdı.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və
Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar
dayandırıldı. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana
qaytarılması təmin edildi. Ağdamın noyabrın 20-də, Kəlbəcərin noyabrın 25-də,
Laçının isə dekabrın 1-də Azərbaycana qaytarılması 44 günlük müharibədən
sonrakı mərhələnin mühüm hadisələri oldu.
2022-ci il avqustun 26-da Laçın şəhərinin,
Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bu proses davam etdi. 2023-cü
ilin sentyabrında isə Azərbaycan dövlət suverenliyini bütün ərazisində tam bərpa
etdi.
Beləliklə, 2020-ci il Zəfəri Azərbaycanın ərazi
bütövlüyünün bərpasından dövlət suverenliyinin tam təmin olunmasına qədər
uzanan yeni mərhələnin başlanğıcı oldu.
2020-ci ilin hadisələrini yalnız hərbi əməliyyatların
xronologiyası ilə izah etmək olmaz. Həmin dövr Azərbaycan cəmiyyətinin də böyük
mənəvi sınaqdan keçdiyi bir zaman idi. Tovuz hadisələrindən sonra Birinci
vitse-prezident Mehriban Əliyevanın 20 iyul 2020-ci il tarixli xalqa müraciəti
bu baxımdan diqqətəlayiqdir. O, şəhidlərimizin xatirəsini yad edir, yaralı hərbçilərimizə
şəfa diləyir, eyni zamanda cəmiyyəti emosional gərginlik şəraitində təmkinli
olmağa çağırırdı. Müraciətdə informasiya müharibəsinin əhəmiyyətinə və təxribatlara
uymamağın vacibliyinə də toxunulurdu. Sentyabrın 27-də müharibə başlayandan
sonra xalqın yaşadığı hisslər daha da ağırlaşdı. Cəbhədən gələn xəbərlər, şəhid
xəbərləri, yaralı hərbçilər haqqında məlumatlar hər bir ailəyə toxunurdu. Eyni
zamanda ordumuzun irəliləməsi xalqda böyük ümid və inam yaradırdı. Belə bir şəraitdə
dövlət rəhbərliyinin xalqa ünvanladığı mesajların xüsusi mənası vardı.
İnsanların narahatlığını, anaların keçirdiyi hissləri, şəhid ailələrinin
ağrısını nəzərə alan müraciətlər cəmiyyətin mənəvi bütövlüyünün qorunmasına
xidmət edirdi. Müharibə dövründə informasiya cəbhəsi də mühüm əhəmiyyət
daşıyırdı. Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta
məlumatların yayılmasının qarşısının alınması və xarici auditoriyaya doğru məlumatların
təqdim edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdi.
Gəncəyə raket hücumlarından sonra Mehriban
Əliyevanın 17 oktyabr 2020-ci il tarixli paylaşımında mülki əhalinin hədəfə
alınmasına diqqət çəkilməsi də bu baxımdan vacib idi.
Müharibənin ağır günlərində cəmiyyət üçün əsas
məsələlərdən biri də şəhidlərin ailələrinə mənəvi dayaq olmaq idi. Çünki
müharibənin statistik rəqəmlərinin arxasında hər birinin öz həyatı, ailəsi,
arzuları olan insanlar dayanırdı.
Şuşanın azad olunması isə xalqın uzun illər
gözlədiyi tarixi hadisəyə çevrildi. Bu xəbər Azərbaycanın hər yerində böyük
sevinc yaratdı. Eyni zamanda həmin günlərdə şəhidlərimizin xatirəsi bir daha
ehtiramla yad edildi. Bu mənada 2020-ci ilin hadisələri bizə göstərdi ki,
müharibədə dövlətin gücü hərbi imkanlarla ölçülmür. Cəmiyyətin birliyi,
insanların bir-birinə mənəvi dəstəyi, dövlətə və orduya inamı da həmin ağır
günlərin dayaqlarından idi.
Cənab prezident İlham Əliyevin 2 dekabr
2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycan Respublikasında
Anım Günü kimi təsis edildi. Sərəncamda Vətən müharibəsində döyüşən əsgər və
zabitlərimizin, arxa cəbhədə çalışan insanların və bütövlükdə Azərbaycan
xalqının göstərdiyi birlik və həmrəylik qeyd olunur, şəhidlərin xatirəsinə
ehtiram ifadə edilir.
Daha sonra Əmək Məcəlləsinə edilmiş dəyişikliklə
sentyabrın 27-si Anım Günü kimi qanunvericilikdə də təsbit edildi.
Müharibədən sonra qarşıda duran vəzifələrdən
biri də dağıdılmış şəhər və kəndlərin, tarixi və mədəni irsin bərpası idi.
Qarabağda Ermənistanın işğalı dövründə yaşayış məntəqələri ilə yanaşı, tarixi,
dini və mədəni abidələr də ciddi dağıntılara məruz qalıb. İşğaldan azad edilmiş
ərazilərdə aparılan bərpa işləri tarixi yaddaşın bərpasıdır.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti
ayrıca qeyd olunmalıdır. Fond 2020-ci il dekabrın 8-dən etibarən işğaldan azad
olunmuş ərazilərdə mədəni-dini abidələrin və məscidlərin bərpası layihələrinin
icrasına başlayıb. Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində,
Ağdam Cümə məscidində, Zəngilan məscidində və digər tarixi-mədəni obyektlərdə bərpa
işləri həyata keçirilib. Bu fəaliyyətə daha geniş prizmadan baxmaq lazımdır.
Çünki Qarabağın bərpası binaların, yolların və infrastrukturların yaradılması
demək deyil. Burada tarixi məkanların, dini abidələrin, muzeylərin, məqbərələrin
və mədəni irs nümunələrinin yenidən həyata qaytarılması da vacib yer tutur.
Mədəni irs bir xalqın yaddaşıdır. Ona görə də
tarixi abidələrin bərpası keçmişə münasibətin göstəricisi olmaqla yanaşı, gələcək
nəsillərə ötürülən mənəvi məsuliyyətdir.
Şəhidlərin adlarının memoriallarda
yaşadılması, onların həyat yolunun muzeylərdə təqdim edilməsi və müharibənin
canlı şahidlərinin xatirələrinin qorunması milli yaddaşın formalaşmasının bir
hissəsidir.
Bakıda Zəfər parkının yaradılması da bu
baxımdan əhəmiyyətlidir. Parkın açılışı 8 noyabr 2024-cü ildə keçirilib. Zəfər
muzeyi də Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırılması
baxımından vacib yaddaş məkanıdır. Belə məkanların əsas vəzifəsi müharibənin səbəblərini,
insanların yaşadığı ağrıları, şəhidlərin həyat yolunu, hərbi əməliyyatların
gedişini və Zəfərdən sonra başlayan quruculuq mərhələsini bütöv şəkildə təqdim
etməlidir. 2025-ci ildə Gəncədə açılan Memorial Kompleks də müharibənin ağır nəticələrinin
gələcək nəsillərə çatdırılması baxımından vacib nümunədir. Kompleksdə XX əsrin əvvəllərindən
başlayaraq deportasiya, kütləvi qırğınlar, Qarabağ münaqişəsi, Vətən müharibəsi,
itkinlər və mina terroru kimi mövzuların təqdim edilməsi tarixi yaddaşın
ardıcıllıqla qorunmasına xidmət edir.
Vətən müharibəsindən sonra şəhid ailələrinin və
qazilərin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə
çevrildi. Onların mənzil, məşğulluq, müalicə, reabilitasiya və sosial təminat məsələlərinin
həlli istiqamətində müxtəlif proqramlar həyata keçirildi. “YAŞAT” Fondu da şəhid
ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə dəstək göstərilməsi
baxımından əsas mexanizmlərdən biridir. Mənim üçün burada əsas məsələ yalnız
sosial yardımın göstərilməsi deyil. Şəhid ailəsi bilməlidir ki, onun övladının,
həyat yoldaşının, atasının və ya qardaşının dövlət qarşısında göstərdiyi xidmət
unudulmur. Qazi bilməlidir ki, keçdiyi mübarizə və yaşadığı çətinlik dövlətin və
cəmiyyətin yaddaşındadır. Dövlətçilik yalnız institutların fəaliyyəti ilə
ölçülmür. Dövlətçilik həm də ən ağır günündə vətəndaşının yanında olmaq məsuliyyətidir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin yeni mərhələsini formalaşdırır.
İşğaldan azad edilmiş ərazilərdə yollar, hava
limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, elektrik və su
infrastrukturu yaradılır. İnsanların öz doğma yurdlarına qayıdışı təmin olunur.
Bu mənzərəni tikinti və infrastruktur layihələri kimi qiymətləndirmək düzgün
olmaz. Burada söhbət insanların öz doğma torpaqlarına qayıtmasından gedir. Bir
vaxtlar məcburi köçkün kimi yaşayan ailələrin illər sonra doğulduqları şəhərlərə,
kəndlərə qayıtması tarixin ən ağrılı səhifələrindən birinin bağlanması deməkdir.
Məhz buna görə Zəfər uzun illər davam edən mübarizənin və dövlətçilik siyasətinin
nəticəsi kimi dərk edilməlidir.
Tarixi yaddaş ilə sülh bir-birinə zidd
anlayışlar deyil. Əksinə, həqiqi və dayanıqlı sülh üçün keçmişin doğru öyrənilməsi
vacibdir. Müharibələrdən dərs çıxarmaq, insanların yaşadığı faciələri
unutmaqmamaq və gələcək nəsillərə daha təhlükəsiz bir region qoymaq hər bir
dövlətin məsuliyyətidir. Azərbaycanın yaşadığı Qarabağ münaqişəsi göstərdi ki,
uzun müddət davam edən və həll edilməyən münaqişələr cəmiyyətlərin həyatında dərin
yaralar yaradır. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də
əldə edilmiş nəticələri möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasını
təmin etmək və regionda uzunmüddətli sülhün formalaşmasına töhfə verməkdir. Dünən döyüş meydanında həll olunan məsələlərin
bu gün quruculuq meydanında davam etdirilməsi də məhz bunun ifadəsidir.
Bu gün Vətən müharibəsinin başladığı günü
xatırlayırıq. Birinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizi, 44
günlük Vətən müharibəsində canından keçən qəhrəmanlarımızı və Azərbaycan
torpaqlarının müdafiəsi uğrunda şəhid olan bütün övladlarımızı ehtiramla yad
edirik.
Anım Gününün mənası həm kədər, həm qürur, həm
də məsuliyyətdir.
Kədərdir, çünki hər bir şəhidin arxasında
yarımçıq qalmış bir ömür, övladını gözləyən bir ana, atasının yolunu gözləyən
bir uşaq, həyat yoldaşını itirmiş bir qadın var.
Qürurdur, çünki bu insanların həyatlarını fəda
etdikləri Vətən bu gün öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edib.
Məsuliyyətdir, çünki şəhidlərimizin bizə əmanət
etdiyi Azərbaycanı daha da gücləndirmək, inkişaf etdirmək, onun tarixini və mədəniyyətini
qorumaq bizim üzərimizə düşən vəzifədir.
27 Sentyabr həm də bizə bir həqiqəti
xatırladır: heç bir Zəfər bir günün hadisəsi deyil. Zəfərin arxasında illərlə
görülən iş, dövlətçilik iradəsi, diplomatik mübarizə, iqtisadi inkişaf, ordu
quruculuğu, xalqın həmrəyliyi və ən əsası, Vətən sevgisi dayanır.
Bu gün azad Qarabağda dalğalanan Azərbaycan
Bayrağı uzun illər bu torpaqların həsrəti ilə yaşayan insanların arzularının
gerçəkləşməsinin ifadəsidir. Qarabağda yenidən qurulan şəhərlər, kəndlər, məktəblər,
məscidlər, mədəniyyət ocaqları isə Zəfərin keçmişə aid olmadığını göstərir. Bu,
gələcəyə doğru atılan addımdır.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə
möhkəm cansağlığı, şəhid ailələrinə səbir və güc arzulayıram.
Azərbaycan xalqı Vətən uğrunda canından keçən
övladlarını heç vaxt unutmayacaq. Onların adı xalqımızın yaddaşında, Azərbaycan
tarixində və azad Qarabağın torpağında əbədi yaşayacaq.
Hicran
HÜSEYNOVA,
Milli
Məclisin komitə sədri