27 Sentyabr Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüznün, həm qürurun, həm də milli iradənin rəmzi kimi yaşayır. Bu tarix xalqımızın 200 ildən artıq bir dövr ərzində yaşadığı işğalların, deportasiyaların, soyqırımların, məcburi köçkünlüklərin və ədalətsizliklərin fonunda başlayan 44 günlük Qəhrəmanlıq dastanının ilk səhifəsidir. 27 Sentyabr 2020-ci il həm də Azərbaycan xalqının taleyinin dönüş nöqtələrindən biri oldu. Həmin gün xalqımız bir daha göstərdi ki, torpaqlarının işğalı ilə barışmayacaq, öz tarixi torpaqlarını və ərazi bütövlüyünü bərpa etmək əzmindən geri çəkilməyəcək.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında qeyd edib ki, Azərbaycan xalqının son iki əsrlik tarixi ağır sınaqlarla zəngindir. Bu dövrdə xalqımız torpaqlarının bir hissəsini itirib, deportasiyalara məruz qalıb, soyqırımları və kütləvi qırğınlarla üzləşib. 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızın qətlə yetirilməsi xalqımızın yaddaşında sağalmaz izlər buraxıb. 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər isə tariximizin ən faciəli səhifələrindən biri kimi yadda qalıb. “Çar Rusiyasının Cənubi Qafqazda apardığı siyasət regionda etnik qarşıdurmaların dərinləşməsinə və gələcək faciələr üçün zəmin yaranmasına səbəb oldu. Sonrakı dövrlərdə sovet hakimiyyətinin həyata keçirdiyi deportasiya siyasəti də xalqımızın faciələrini daha da ağırlaşdırdı. 1948-1953-cü illərdə Qərbi Azərbaycandan on minlərlə azərbaycanlının öz doğma yurdlarından deportasiya edilməsi xalqımıza qarşı həyata keçirilmiş növbəti böyük haqsızlıq idi. İnsanlar ata-baba torpaqlarından zorla çıxarılaraq Azərbaycanın müxtəlif bölgələrinə köçürüldülər. Uzun illər ərzində həmin torpaqlarda yaşamış insanlar bir gecədə öz ev-eşiklərindən, bağlarından, məzarlarından və doğma yurdlarından məhrum edildilər. 1980-ci illərin sonlarında isə növbəti deportasiya dalğası başladı. Ermənistandan yüz minlərlə azərbaycanlı didərgin salındı. Onlar illərlə qurduqları evlərini, təsərrüfatlarını, xatirələrini və doğma torpaqlarını geridə qoyaraq məcburi köç yoluna çıxdılar. Nəticədə Ermənistanın monoetnik dövlətə çevrilməsi prosesi başa çatdı”, - deyə deputat bildirib.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələyə keçdiyini diqqətə çatdıran deputat deyib ki, xarici qüvvələrin dəstəyi ilə separatizm və silahlı qarşıdurma genişləndi. Azərbaycan xalqı öz doğma torpaqlarında ağır faciələrlə üzləşdi. Başlıbel, Bağanıs Ayrım, Ağdaban, Xocavənd və digər yaşayış məntəqələrində törədilən cinayətlər, dinc əhalinin qətlə yetirilməsi, insanların öz doğma yurdlarından qovulması yaddaşımızdan heç vaxt silinməyəcək.
Bütün bu faciələrin içərisində Xocalı soyqırımının xüsusi yer tutduğunu vurğulayan A.Badamov əlavə edib ki, 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilən kütləvi qətliam Azərbaycan xalqının yaddaşında ən ağır faciələrdən biri kimi yaşayır: “Uşaqların, qadınların və yaşlıların da aralarında olduğu yüzlərlə dinc insanın qətlə yetirilməsi, insanların əsir götürülməsi və yaralanması insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb. Bütün bunlar baş verərkən dünya ictimaiyyətinin reaksiyası isə Azərbaycan xalqını qane etmirdi. İşğalın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün illərlə aparılan danışıqlar nəticəsiz qalırdı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar təxminən üç onillik ərzində münaqişənin həllinə gətirib çıxarmadı. Azərbaycan tərəfi dəfələrlə bəyan edirdi ki, status-kvonun saxlanılması qəbuledilməzdir və işğalın davam etdirilməsi ilə barışmayacaq. Amma Mink qrupu Azərbaycanı işğalla barışdırmaq siyasətindən əl çəkmədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin uzun illər icra olunmaması Azərbaycan cəmiyyətində haqlı narazılıq doğururdu. Dünya ictimaiyyətinin işğal faktına münasibətdə nümayiş etdirdiyi passivlik Azərbaycan xalqında beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğu barədə ciddi qənaət formalaşdırmışdı. Azərbaycan isə bütün bunlara baxmayaraq, müharibə arzusunda deyildi. Ölkəmiz uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin Ermənistan işğal etdiyi əraziləri azad etməkdən imtina etdikcə, münaqişənin sülh yolu ilə həlli perspektivi də getdikcə uzaqlaşırdı”.
Deputat 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul hadisələrini xatırladaraq, Azərbaycan Ordusunun bu döyüşlərdə gücünü nümayiş etdirdiyini bildirdi. Buna baxmayaraq, Ermənistan bu mesajlardan nəticə çıxarmadı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumları 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Həmin gün Azərbaycan xalqının qarşısında tarixi bir sınaq dayanmışdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Xalq isə ordunun arxasında dayandı. “Azərbaycanın hər yerində səfərbərlik ruhu hökm sürürdü. Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlıqların qarşısında növbəyə düzülürdü. Arxa cəbhədə qalan insanlar da öz imkanları daxilində əsgərə, orduya və dövlətə dəstək verirdilər. Azərbaycan xalqı siyasi baxışından, sosial statusundan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bir yumruq kimi birləşdi. Dəmir yumruq məhz həmin milli birlik və iradənin simvoluna çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilər bir-birinin ardınca işğaldan azad edildi. Lakin xalqın gözündə bütün qələbələrin zirvəsi Şuşa idi. 8 noyabr 2020-ci ildə Azərbaycan Bayrağının Şuşada dalğalanması 30 ilə yaxın davam edən işğala vurulan ən böyük zərbələrdən biri oldu. Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi və siyasi müqaviməti faktiki olaraq qırıldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, 44 gün ərzində Azərbaycan xalqı öz tarixinin ən parlaq səhifələrindən birini yazdı. Bu qələbənin qazanılması uğrunda şəhidlər də verdik, hərbçilərimiz arasında itkin düşənlər oldu, minlərlə insan yaralandı və qaziyə çevrildi. Hər bir şəhid ailəsinin, hər bir qazinin taleyi Azərbaycanın taleyinin ayrılmaz hissəsinə çevrildi. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən sosial dəstək genişləndirildi. Qazilərin müalicəsi və reabilitasiyası həyata keçirildi, yüksək texnologiyalı protezlər təmin edildi. YAŞAT Fondu vasitəsilə şəhid ailələrinin və yaralı hərbçilərin müxtəlif ehtiyaclarının qarşılanması istiqamətində mühüm işlər görüldü. Çünki şəhidlərin haqqı yalnız onların adını xatırlamaqla bitmir. Onların ailəsinə sahib çıxmaq, qazilərimizin yanında olmaq və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur”, - deyə o bildirib.
A.Badamov vurğuladı ki, 27 sentyabrın Anım Günü elan edilməsi də məhz bu yaddaşın qorunmasına xidmət edir: “Hər il sentyabrın 27-də Azərbaycan xalqı şəhidlərini ehtiramla yad edir. İnsanlar şəhidlərin xatirəsi qarşısında baş əyirlər.Çünki 44 günlük müharibədə qazanılan Zəfər yalnız hərbi qələbə deyildi. Bu, həm də Azərbaycan xalqının milli iradəsinin, birlik və həmrəyliyinin nümayişi idi. Bu gün Qarabağda dalğalanan Azərbaycan Bayrağı həmin mübarizənin, həmin qələbənin və minlərlə şəhidimizin qanı bahasına əldə edilən Zəfərin rəmzidir.
Biz şəhidlərimizi unutmayacağıq. Onların adı Azərbaycanın tarixində əbədi yaşayacaq. Onların yazdığı qəhrəmanlıq dastanı gələcək nəsillərə ötürüləcək. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların doğmalarına səbir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. 27 Sentyabr – Anım Günü müqəddəs xatirə günümüzdür. Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq.Azərbaycan xalqı qalib xalqdır! Qarabağ Azərbaycandır!”
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”