27 Sentyabr 2026 14:16
261
SİYASƏT
A- A+
Azadlığın və bütövlüyün şərəf salnaməsi  

Azadlığın və bütövlüyün şərəf salnaməsi  


27 Sentyabr – xalqımızın şanlı tarixinin ən mühüm mərhələlərindən biri, qəhrəmanlıq dastanıdır


      27 Sentyabr - Anım Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və minnətdarlıqla yad edildiyi müqəddəs bir tarixdir. Bu əlamətdar gün, eyni zamanda, uzun illər ərzində pozulmuş hüquqlarımızın bərpası, ərazi bütövlüyümüzün təmin olunması və tarixi ədalətin bərqərar edilməsi yolunda mürəkkəb və şərəfli mübarizənin başlanğıcını simvolizə edir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Anım Günü 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, şəhidlərimizə dövlət və cəmiyyət səviyyəsində göstərilən sonsuz ehtiramın parlaq nümayişidir.

     Vətən müharibəsinin başlamasından ötən 6 illik zaman göstərir ki, 27 sentyabr təqvimlərdə sıradan bir tarix deyil, xalqımızın milli iradəsinin, dövlətimizin sarsılmaz gücünün və böyük Zəfər yolumuzun təməl daşıdır. Əlbəttə, tarixi Zəfərin və Anım Gününün mahiyyətini anlamaq üçün onilliklər ərzində davam edən mürəkkəb siyasi-hərbi proseslərə nəzər salmaq zəruridir. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın 20 faizinin işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması və dinc əhaliyə qarşı törədilən ağır cinayətlər yaddaşımızda dərin izlər buraxmışdı. 

     Beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər uzun illər kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan mənasız danışıqlar prosesi işğal faktını aradan qaldırmadı. Beynəlxalq birliyin ikili standartları və düşmən tərəfin “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları regionda vəziyyəti daha da kəskinləşdirdi. Lakin Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmadı. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Ordumuzun artan hərbi qüdrətini və xalqımızın öz torpaqlarını azad etmək əzmini aydın şəkildə nümayiş etdirdi. 

     2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum – “Dəmir yumruq” əməliyyatına başladı. Müharibənin ilk saatlarından etibarən düşmənin onilliklər boyu qurduğu keçilməz müdafiə xətləri yarıldı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və strateji yüksəkliklər bir-birinin ardınca azad olundu. 44 gün davam edən Vətən müharibəsinin zirvəsi isə noyabrın 8-də keçilməz sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlərlə Qarabağın tacı olan Şuşa şəhərinin düşmən tapdağından xilas edilməsi oldu. Dünya hərb tarixinə yazılan Şuşa əməliyyatından sonra müqavimət gücü tamamilə sarsılan Ermənistan tərəfi noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu və müharibə şərtlərinə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana təhvil verildi. 

     Bu möhtəşəm Zəfəri təmin edən ən mühüm amillərdən biri məhz sarsılmaz xalq-dövlət-ordu birliyi oldu. Əməliyyatlar dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız vahid ideya ətrafında sıx birləşdilər. Ön cəbhədə Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi, arxa cəbhədə milyonlarla insan ordumuza mənəvi və maddi dayaq oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi rəhbərliklə yanaşı, diplomatik və informasiya cəbhəsində də böyük məharət nümayiş etdirərək dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə ilə Ermənistanın işğalçı siyasətini ifşa etdi, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırdı. Bu sarsılmaz həmrəylik, ordumuzun peşəkarlığı və dövlətimizin siyasi iradəsi tarixi ədaləti bərpa etdi. 

    Şübhəsiz, böyük Qələbənin əsasını təşkil edən ən önəmli faktor şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaətidir. Vətən torpaqlarının azadlığı uğrunda gedən amansız döyüşlərdə üç minə yaxın insanımız şəhadət şərbətini içdi. Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarının xidmətlərini hər zaman uca tutur. Ölkə başçısının müvafiq sərəncamları ilə Vətən müharibəsinin on minlərlə iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların müalicəsi, reabilitasiyası və mənzil şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir. Bu sahədə “YAŞAT” Fondunun və Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı layihələr, göstərilən diqqət və қайğı dövlətin öz qəhrəmanlarına verdiyi yüksək dəyərin bariz göstəricisidir. 

    Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə ölkəmizdə mühüm yaddaş məkanları yaradılıb. Bakıda inşa olunan Zəfər parkı, Zəfər muzeyi və Hərbi Qənimətlər Parkı 44 günlük müharibənin tarixini, xalqımızın birliyini və Ordumuzun qəhrəmanlığını təcəssüm etdirir. Eyni zamanda, azad olunmuş Xankəndi şəhərində əsası qoyulan Zəfər parkı və 44 metrlik Zəfər Tağı milli qürurumuzun əbədi rəmzlərinə çevrilir. Hər il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində elan edilən bir dəqiqəlik sükut, məscid, kilsə və sinaqoqlarda oxunan dualar, dövlət binalarının üzərində dalğalanan üçrəngli bayraqlar şəhidlərimizin ruhuna olan sonsuz ehtiramın ifadəsidir. 

    2020-ci ilin 27 sentyabrında başlayan tarixi proses 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə öz məntiqi zirvəsinə çatdı. 23 saatlıq müddətdə Qarabağdakı separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna tamamilə son qoyuldu, respublikamızın suverenliyi və Konstitusiya quruluşu bütün ərazilərimizdə bərpa edildi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması şəhidlərimizin canları bahasına azad etdikləri torpaqlarda həyatın yenidən canlanmasının göstəricisidir. 

    27 Sentyabr - Anım Günü xalqımızın yaddaşında hüznlə yanaşı, həm də qürur, məğrurluq və Zəfər günü kimi yaşayır. Şəhidlərimizin bizə əmanət qoyduğu ən böyük miras azad olunmuş Vətən torpaqları, milli birlik, müstəqil dövlətçilik və ərazi bütövlüyüdür. Azad edilmiş torpaqlarımızda əbədi dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin ruhuna verilən ən böyük dəyərdir. Azərbaycan xalqı öz qəhrəman övladlarının göstərdiyi misilsiz şücaəti heç vaxt unutmayacaq, onların əziz xatirəsini qəlbində daim yaşadacaq və müstəqil dövlətimizi gələcəyə daha inamla aparacaq.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir 

14:23
27 Sentyabr

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir  

14:21
27 Sentyabr

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb  

14:19
27 Sentyabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı iki qitəni birləşdirən körpüdür  

14:18
27 Sentyabr

Azadlığın və bütövlüyün şərəf salnaməsi  

14:16
27 Sentyabr

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib  

13:16
27 Sentyabr

Əbədi ehtiram günü  

13:13
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

12:57
27 Sentyabr

Vətənlə qoşa anılan qəhrəmanlar  

12:48
27 Sentyabr

Azərbaycanın strateji məqsədinə nail olduğunu göstərən milli yaddaş günü  

12:09
27 Sentyabr

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

11:56
27 Sentyabr

“Dəmir yumruğ”un Zəfər yürüşünün başlandığı tarix  

11:33
27 Sentyabr

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

10:51
27 Sentyabr

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

10:47
27 Sentyabr

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

10:45
27 Sentyabr

Anım Günü həm də vətən uğrunda fədakarlığın rəmzidir

10:25
27 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

10:19
27 Sentyabr

27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün

10:14
27 Sentyabr

Zəfərə aparan yol: milli iradə, dövlət gücü və tarixi yaddaş

09:43
27 Sentyabr

Bir dəqiqəlik sükut, əbədi ehtiram..

09:40
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

09:00
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!