Azərbaycan bu gün öz davamlı inkişaf sürətinə görə dünyanın inkişaf etmiş ölkələri ilə eyni addımlayır. Həyata keçirilən hərtərəfli, şaxələndirilmiş, davamlı inkişaf strategiyası nəticəsində ölkəmiz iqtisadiyyatın ən müxtəlif sahələrində böyük yüksəlişə nail olub. Uğurla gerçəkləşdirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində digər iqtisadi sahələrlə yanaşı, energetika, xüsusən elektroenergetika sferası da genişlənir, inkişaf edir.
Qeyd edək ki, Azərbaycanın elektroenergetika sisteminin tarixi 1883-cü ildə Bakıda Nobel qardaşları tərəfindən hər birinin gücü 75 at gücündə
3 buxar turbinindən ibarət 220 volt gərginlikli generasiya güclərinin quraşdırılması ilə başlanıb. 1901-ci ildə 2000 at gücü olan "Bibiheybət" elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ şəhər) 2000 at gücündə olan elektrik stansiyası istismara verilib. XX əsrin 40-cı illərində dərin neft quyularının qazılması və istismarının planlaşdırılması elektrik enerjisinə olan tələbatın artması ilə müşayiət olunub. Kür çayı üzərində tikintisi nəzərdə tutulan elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə işə salınıb. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan "Varvara" SES istismara buraxılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il oktyabrın 20-də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası olan Azərbaycan DRES-in (indiki "Azərbaycan" İES-in) birinci blokunun istismara verilməsilə energetikanın inkişafında yeni bir mərhələnin və bugünkü müstəqil Azərbaycanın elektrik enerjisi təhlükəsizliyinin əsası qoyulub.
Əminliklə söyləmək olar ki, indi Azərbaycanın elektroenergetika sistemi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də enerji resurslarından səmərəli istifadə baxımından əldə olunan mühüm, əhəmiyyətli bir nəticədir. Enerji sektorunda, bilavasitə, energetika sferasında əldə olunan müsbət dəyişikliklər enerji istehsalı sahəsində qabarıq görünür. Son illər enerji hasilatı və ölkənin elektrik enerjisi ilə yüksək səviyyədə təchiz olunması ilə bağlı sistemli, planlı tədbirlər öz bəhrəsini verir. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan özünün elektrik enerjisinə olan tələbatını tamamilə yerli istehsal hesabına ödəyir. 2020-ci ilin avqustunda Prezident İlham Əliyevin təməlini qoyduğu 385 meqavatlıq "Qobu" Elektrik-Stansiyası və yükgötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyası rekord müddətdə - iki ilə tikilib.
Azərbaycan energetikasının tarixində ilk dəfə istilik-elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, "Azərenerji" ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır. Stansiyanın açılışında dövlət başçısı bildirib ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınıb: "O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünki həmin stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdıra bilməzdik. Yadımdadır, birinci regional inkişaf proqramı qəbul olunandan sonra 525 meqavat gücündə "Sumqayıt" Elektrik-Stansiyası tikildi. Ondan sonra digər stansiyalar - təxminən 800 meqavat gücündə "Cənub" stansiyası, 400 meqavata yaxın gücü olan "Şimal-2" stansiyası, generasiya gücü 300 meqavat olan "Səngəçal" Elektrik-Stansiyası. Ölkəmizin müxtəlif yerlərində modul tipli beş stansiya tikilmişdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır".
Prezidentin sözlərinə söykənərək deyə bilərik ki, Azərbaycanın enerji sektoru dayanmadan inkişaf edir, uğurlar qazanır. Halbuki 20-30 il əvvəl tam başqa mənzərə idi, enerji sistemi demək olar ki, çökmüşdü. 90-cı illərdə elektrik enerjisi ilə bağlı çətinliklər hamımızın yadındadır. İnsanlar evdə oturub elektrikin veriləcəyi vaxtı həsrətlə gözləyirdilər. Hətta rayonlarda mərasimlərin keçirilməsində benzinlə işləyən generatorun ehtiyatını görürdülər ki, qaranlıq düşəndə 1-2 lampanı işıqlandıra bilsinlər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yenidən bu sahədə problemlərin azalmasına qapı açdı, elektrikin verilişində fasilələr aradan qalxmağa başlandı. Bu gün ölkəmiz həm özünü dayanıqlı elektriklə təmin edir, həm də qonşu İran, Rusiya, Gürcüstan, Türkiyə və oradan da Avropa bazarına enerji ixrac edən ölkəyə çevrilib. Elektrik enerjisinə əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Təbii ki, bu, son illərin uğurudur. Bu da o deməkdir ki, son 20 il ərzində ölkəmizin elektrik enerji gücü 2 dəfə artıb.
Ən son faktlara müraciət edək. Energetika Nazirliyindən verilən məlumata görə, 2024-cü ilin birinci yarısında ölkə üzrə elektrik enerjisinin istehsalı 13557,4 milyon kVt.s olub. Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 11525 milyon kVt.s, SES-lərdə 1581,1 milyon kVt.s, digər mənbələr üzrə isə 451,3 milyon kVt.s təşkil edib. Bu dövrdə külək-elektrik stansiyalarında 29,7 milyon kVt.s, günəş-elektrik stansiyalarında 286,6 milyon kVt.s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 135 milyon kVt.s elektrik enerjisi istehsal edilib. Beləliklə, "yaşıl enerji" mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081,7 milyon kVt.s) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 milyon kVt.s olub. Bu müddətdə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 11918,9 milyon kVt.s (İES-lərdə
10 452,1 milyon kVt.s, SES-lərdə 1466,8 milyon kVt.s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 224 milyon kV.s (İES-lərdə 88 milyon kVt.s, SES-lərdə 105,5 milyon kVt.s, "Günəş" ES-də 30,5 milyon kVt.s), "Azərişıq" ASC üzrə külək-elektrik stansiyalarında 21,9 milyon kVt.s təşkil edib. 2024-cü ilin ilk 6 ayı üzrə elektrik enerjisinin ixracı və idxalı bu rəqəmlərdə ehtiva olunub: 444 milyon kVt.s və 96,4 milyon kVt.s.
Azərbaycan energetikasının son 20 illik inkişaf göstəriciləri, xüsusilə də qeyd etdiyimiz faktlar bu sektorda yüksək artım üçün böyük potensialın mövcudluğunu əyani şəkildə təsdiqləyir. Bu sahə investisiya tutumluluğuna görə neft-qaz sektorundan sonra ikinci yerdə dayanır. Elektrik enerjisi daha çox sosial məzmun və mahiyyət kəsb etməklə yanaşı, sivilizasiyanın inkişafını, iqtisadi tərəqqini şərtləndirən mühüm amillərdən sayılır. Müasir texnologiyaların dinamik inkişafını, energetik təminatını, sosial-iqtisadi həyata daha fəal, səmərəli tətbiqini şərtləndirir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"