Ötən il Azərbaycanın hüquqi və fiziki şəxsləri 185 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. 120 ölkəyə məhsullar ixrac, 173 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə xarici ticarət dövriyyəsinin dəyəri 56 milyard 212,1 milyon, o cümlədən ixracın dəyəri 41 milyard 672,2 milyon, idxalın dəyəri isə 14 milyard 539,9 milyon dollar təşkil edib. Nəticədə 27 milyard 132,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
DSK-dən verilən məlumatda həmçinin bildirilir ki, 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7, real ifadədə 6,4, o cümlədən ixrac 8,7, idxal 1,7 faiz artıb. Ötən il xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının hesabına formalaşıb. İdxalda əsas partnyorlarımız Rusiya, Türkiyə, Çin, Almaniya, Türkmənistan, Qazaxıstan, ABŞ, İran, İtaliya, Yaponiya, Koreya, Belarus, Ukrayna, Birləşmiş Krallıq, Fransa, Hindistan, Braziliya, Özbəkistan, Gürcüstan, Finlandiya və Polşa olub. Ölkəyə gətirilən mallarda maşınlar, mexanizmlər, elektrotexniki avadanlıq və aparatlar, nəqliyyat vasitələri, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanan məmulatlar, mineral məhsullar, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatları, bitki mənşəli məhsullar, plastik kütlə və ondan hazırlanan məmulatlar, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
Daxili istehsalın artması sayəsində bir çox məhsulların idxalı azalıb. Məsələn, ötən il mühüm məhsul növlərindən buğda, bitki yağları, xam şəkər, təzə meyvə, kərə yağı, digər süd yağları və pastaları, unlu qənnadı məmulatları, çay, quş əti və onun əlavə məhsulları, dərman vasitələri, polad prokatı, sintetik yuyucu vasitələr, mebellər, polietilen, məişət kondisionerləri, qara metallardan çubuqlar, avtobuslar, polipropilen, sement, şokolad və şokolad məhsulları, həmçinin kartof, mal əti, təzə tərəvəz, siqaretlər, minik avtomobilləri, qara metallardan borular, hesablama maşınları, blok və qurğuları, yük avtomobilləri, rezin şinlər, mineral gübrələr, paltaryuyan maşınlar, qara metallardan künclüklər, məişət soyuducuları 2021-ci illə müqayisədə az idxal edilib.
İxracda isə İtaliya, Türkiyə, İsrail, Hindistan, Yunanıstan, İspaniya, Rusiya, Xorvatiya, Çexiya, Birləşmiş Krallıq, Portuqaliya, Gürcüstan, İndoneziya, Almaniya, Tunis, Vyetnam, Rumıniya, İsveçrə, İrlandiya, Ukrayna və Bolqarıstan əsas ticarət partnyorlarımız olub. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsulları, meyvə və tərəvəz, kimya sənayesi məhsulları, plastik kütlə, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, şəkər, alkoqollu və alkoqolsuz içkilər, bitki yağları üstünlük təşkil edib.
Rüstəm KAMAL,
"Azərbaycan"