Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi müzakirə aparılmadan təsdiqlənib
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin səfirləri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Dünən yekun sənəd yazılı prosedurla, yəni əlavə müzakirələr aparılmadan təsdiqlənib.
Qərb KİV-in xəbərinə görə, bu qadağalar dronların və onlar üçün hissələrin idxalına, bank sektoruna və Rusiyada dağ-mədən sənayesinə investisiya qoyuluşuna şamil olunur.
Daha əvvəl bildirilmişdi ki, Aİ-yə üzv ölkələr arasında yeni anti-Rusiya sanksiyalar paketinin bəndləri ilə bağlı fikir ayrılıqları yaranıb, xüsusən də qeyd edildiyi kimi, Macarıstanın Baş naziri Viktor Orban üç fiziki şəxsin ilkin sanksiyalar siyahısından çıxarılmasının tərəfdarı olub.
Aİ diplomatlarından birinin sözlərinə görə, Almaniya da öz növbəsində qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün Rusiya gübrələrinin idxalına qoyulan qadağaya istisnalarla bağlı danışıqlar aparmağa çalışıb. O əlavə edib ki, Aİ-nin bir sıra digər dövlətləri də müəyyən ölkələr üçün Rusiya mədən sənayesi ilə biznes fəaliyyətinə görə tətbiq olunan qadağalardan istisnalar axtarırlar.
Bu, Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində razılaşdırılmış üçüncü sanksiyalar paketidir.
Uzun sürən danışıqlardan sonra Aİ ölkələri hələ də blokun limanları vasitəsilə Rusiya gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra biliblər.
Bundan əlavə, Avropa İttifaqının liderləri nəhayət, Kiyevə 18 milyard avro məbləğində yardımın ayrılması barədə razılığa gələ biliblər.
Çexiyanın Baş naziri Petr Fiala bununla əlaqədar deyib: "Mən məmnunam ki, biz Ukraynaya dəstəyimizə vahid yanaşmanı davam etdirə bildik və bu gün Ukraynaya makromaliyyə yardımı və yeni sanksiyalar paketini təsdiqlədik".
Buna baxmayaraq, qazın qiymətinin yuxarı həddinin müəyyən edilməsi məsələsi həll olunmamış qalır.
Petr Fiala bildirib: "Biz energetika nazirlərinin bazar ertəsi keciriləcək fövqəladə iclasında məsələnin bağlanması ilə bağlı razılığa gəlmişik. Düşünürəm ki, hər kəs bu son tarix haqqında bilir və güzəştə getməyə hazırdır".
Brüsseldə keçirilən görüşdə Aİ liderləri, həmçinin Bosniya və Herseqovinaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı razılığa gəlib, İranda insan haqları pozuntularını pisləyib və Xorvatiyanın Şengen zonasına daxil olmasını alqışlayıblar.
Bundan əvvəl KİV Polşa və Baltikyanı ölkələrin mövqeyinə görə blokun Aİ-nin 27 ölkəsinin hamısının paketlə bağlı razılığını ala bilmədiyi barədə məlumat vermişdi. Onlar Rusiyadan gələn gübrələrə qarşı sanksiyaların yumşaldılmasına qarşı çıxırdı.
Polşa və bir sıra digər Baltikyanı ölkələr Rusiya gübrələrinin Avropa limanları vasitəsilə, o cümlədən sanksiyaya məruz qalmış milyarderlərə məxsus şirkətlər üçün ixracının asanlaşdırılmasına etiraz ediblər. Digər ölkələr gübrələrin ixracına BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icazə verilməsinə çağırıblar, çünki gübrələrə qarşı sanksiyalar inkişaf etməkdə olan və yoxsul ölkələrin ərzaq təhlükəsizliyini təhdid edir.
Polşa və Baltikyanı ölkələr opponentlərini özlərini aldatmamağa çağırırdı - onların fikrincə, sanksiyaların yumşaldılması "rus oliqarxları" üçün boşluq yaradacaq.
Xatırladaq ki, Avropa İttifaqı formal olaraq sentyabr ayında Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan bütün məhdudiyyətləri rəsmi olaraq ləğv edib, ABŞ isə bunu mart ayında gerçəkləşdirib.
Brüssel ötən ayın sonlarında doqquzuncu paket üçün siyahılar hazırlamağa başlayıb. Keçən həftə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sanksiyaların doqquzuncu paketi çərçivəsində Aİ-nin təxminən 200 nəfərə, üç banka, dörd telekanala və hərbi sənaye kompleksinin bir sıra şirkətlərinə məhdudiyyətlər qoymağı planlaşdırdığını bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Rusiyanın dağ-mədən və enerji sektorlarına qarşı əlavə iqtisadi tədbirlər də tətbiq olunacaq.
Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatı"nın başlamasından bəri Avropa İttifaqı səkkiz dəfə sanksiyalar tətbiq edib. Qəbul edilmiş paketlərə Rusiya banklarına və iş adamlarına qarşı məhdudiyyətlər, kömür və neftin idxalına qadağalar və digər tədbirlər daxildir.
Aİ oktyabr ayında səkkizinci sanksiya paketini təsdiqləyib və orada Rusiya neftinin maksimal qiyməti mexanizmi yer alıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"