"Ana dilimizə hörmət və qayğı daim
olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz
sərvətimizdir”.
İlham ƏLİYEV
Dünyanı başına götürmüş COVID-19 pandemiyasının
yaratdığı çətinliklərə baxmayaraq, 1 Avqust
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
bu il də ictimaiyyət tərəfindən ölkəmizdə qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli
sərəncamı ilə avqustun 1-dən respublıkada kril qrafikasından latın qrafikasına keçilmişdir.
Milli varlığımızın əsas atributlarından olan ana dilimizlə bağlı bu tarixi gün yer
üzündə yaşayan hər bir azərbaycanlı və Azərbaycanı sevənlər üçün əziz və əlamətdardır.
Dil millətin milli birliyini təmin edən əsas amillərdəndir. Xalqlar işğala məruz
qalanda onların dili də yad təsirlər altına düşür. Hazırda istifadə etdiyimiz latın
əlifbasından ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra
istifadə edilib. Lakin sovet hakimiyyətinin işğalçılıq siyasəti nəticəsində milli
dövlətçiliyimiz kimi, bu əlifba da repressiyaya uğrayıb. Beləliklə, imperiyanın
məkrli siyasəti sayəsində 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə
edilib. Azərbaycan xalqı ikinci dəfə 1991-ci ildə öz tarixi müstəqilliyinə sahib
çıxandan sonra onun dili də azadlığa qovuşub.
XX əsrdə Azərbaycanda üç dəfə əlifba dəyişdirilib:
1929-cu ildə ərəbdən latına, 1939-cu ildə latından kirilə, 90-cı illərdə yenidən
kirildən latına. Azərbaycan xalqı kimi heç bir xalqın, heç bir millətin bir əsrdə
üç dəfə əlifbası dəyişdirilməyib. Qeyd etdiyimiz kimi, ərəb əlifbasından (1929)
latın qrafikasına və nəhayət, kiril əlifbasına (1939) keçid bir-birinin yazısını
oxuya bilməyən nəsillər arasında uçurumun yaranmasına səbəb olmuşdu. Sovet dönəmində
imperiya qüvvələri millətimizin bu yaddaş kodunu sındırmaqla, zəiflətməklə millətin
dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin, bir sözlə, milli-mənəvi xəzinələrinin
üstünə qara pərdə çəkmək istəyirdi. Bu zaman minlərlə Azərbaycan ziyalısının səsinə
səs verən xalq şairi Süleyman Rüstəm üzünü şimala tutub "Dilimə dəymə” şeirində
deyirdi:
Mən
sənin dilinə dəymirəm, cəllad,
Gəl
sən də bu ana dilimə dəymə,
Sənin
də bağın var, gülün var, çəkin,
Bağımda
əkdiyim gülümə dəymə!
Yenicə
sağalır vurduğun yara,
Mənim
bu yaralı könlümə dəymə!
Tarixdən məlumdur ki, Azərbaycan dili və
Azərbaycan əlifbası zaman-zaman müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını
qoruyub saxlaya bilmişdir. Hər dili və əlifbanı, ilk növbədə, onun daşıyıcısı olan
xalq yaşadır. Bu, təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil.
Tarix dönə-dönə sübut etmişdir ki, dilin inkişafı milli müstəqillik ideyalarına
sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı
və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə bağlıdır. Bu mənada,
nəinki adlı-sanlı dilçi mütəxəssislər, hətta ən sadə peşə adamları da məmnunluqla
etiraf edirlər ki, Azərbaycan dilinin hərtərəfli inkişafında Ümummilli Lider Heydər
Əliyevin xidmətləri böyükdür. Milli Məclisin deputatı, tanınmış dilçi alim, AMEA-nın
həqiqi üzvü Nizami Cəfərov Heydər Əliyev və Azərbaycan dili məsələlərini şərh edərək
bildirir ki, Ulu Öndərin bu sahədə rolu əvəzsizdir. Akademik Ümummilli Lider Heydər
Əliyevin "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri
onun dilidir. XX əsrdə xalqımızın əldə etdiyi uğurlar yüksək təqdirə layiqdir. Biz
fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan
dili son bir əsrlik dövr ərzində lüğət tərkibini xeyli zənginləşdirmiş, qrammatik
quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” fikrini
xatırladaraq bildirir ki, onun hazırlayıb həyata keçirdiyi dil siyasəti dövlət quruculuğu
siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik
etməyə başladığı ilk illərdə ana dilinə böyük əhəmiyyət vermiş, bu dilin Azərbaycan
SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.
Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili” dərsliklərinin respublika dövlət
mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin
yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi
yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi,
ideoloji nüfuz qazandırmışdı.
Zəngin dövlətçilik təcrübəsinə malik, dünya
şöhrətli siyasətçi Heydər Əliyev ötən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycana
rəhbərlik etməyə başladığı vaxtlardan ana dilimizə və əlifbamıza böyük qayğı göstərmişdir.
Rəhbərin şəxsi təşəbbüsü, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində 1978-ci ildə
Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət
dili olması haqqında ayrıca maddənin daxil edilməsi bunun ən bariz nümunəsidir.
Ulu Öndərin ölkəyə ikinci dəfə rəhbərliyə
qayıdışı zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum
yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi
təsbit edilmiş və dövlət statusu almışdır. Dil siyasətinin əsaslarını yaradan Heydər
Əliyev hakimiyyətdə olduğu dövrdə istər siyasi-ictimai, istərsə də mədəni aspektdə
Azərbaycan dilinin inkişafı üçün bir sıra islahatlar həyata keçirmişdir. Ümummilli
Liderin bu sıradan imzaladığı sənədlər arasında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il tarixıli fərmanı da xüsusi yer tutur. Bu tarixi fərmanda
Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi
və inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi
və cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə həyata
keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsinə dövlət qayğısı genişliyi ilə
öz əksini tapmışdır.
Ümummilli Lider Azərbaycan dilinin yaddaş
kodunun - Azərbaycan əlifbasının əbədiyaşarlığını tarixiləşdirmək və dünya dilçilərinə bəyan etmək üçün 9 avqust 2001-ci
il tarixli məlum fərmanına əsasən ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili
günü böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin Azərbaycan dilinin inkişafı
ilə əlaqədar apardığı islahatlar və imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin
qorunub saxlanmasında, azərbaycançılıq ideyasının formalaşması yolunda müstəsna
əhəmiyyətə malikdir.
Ulu Öndərin müdrik siyasəti bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizə, mədəniyyətimizə daim
böyük diqqət və qayğı göstərən dövlət başçısı bu sahənin inkişafı ilə bağlı mühüm
sənədlər imzalamışdır. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə
yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün ana dilimizin inkişafının
əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi
neçə il bundan öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Ölkə rəhbərinin
2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri
tamamilə həll etmişdir. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik
"Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”,
100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika
kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi
mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 12 yanvar tarixində imzaladığı
"Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” məlum sərəncamıdır. Bu sərəncamın
nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol
oynamışdır. Proses bu gün də davam etdirilməkdədir. Dövlət başçısının 2013-cü il
9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dilimizin
qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə
diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız,
tariximiz, ənənələrimizdir”. Dövlət başçısı elm adamlarının, şair və yazıçıların
təmsil olunduqları yığıncaqlarda, paytaxtda və bölgələrdə ictimaiyyət nümayəndələri
ilə görüşlərində həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına,
mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşılmasını,
xüsusi dəyər verilməsini diqqətə çatdırmışdır. Ana dilimizə qayğıdan söz açarkən
Prezident demişdir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi
xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan
xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan
dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.
Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Bu gün Azərbaycan dilinin inkişafı və qorunması
dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan əlifbasına diqqət və qayğı Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun ifadəsinə, azərbaycançılıq
məfkurəsi əsasında hərtərəfli inkişafına, gənc nəslin ana dilinə qayğı və hörmət
ruhunda tərbiyə olunmasına, ədəbi dilin normalarına ciddi əməl edilməsinə, o cümlədən
dilçilik elmi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına münbit şərait yaratmışdır.
Rəhman SALMANLI,
"Azərbaycan”