“Ölsəm, qar örtüyümü kəfən edərsiz”
Tarix boyu xalqımız Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullarla fəxr etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda da qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdılar. Ölkəmizin qeyrətli, mübariz övladları “Təki Vətən sağ olsun” deyərək canlarını fəda etdilər.
Tarix boyu xalqımız Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullarla fəxr etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda da qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdılar. Ölkəmizin qeyrətli, mübariz övladları "Təki Vətən sağ olsun" deyərək canlarını fəda etdilər.
İstər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər oğullar işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərdilər. Onlar düşmənə qarşı son damla qanlarına qədər vuruşub ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucaldılar. Bu gün xalqımız haqlı olaraq belə igidlərlə öyünür, onların xatirələrini qəlbində yaşadır.
1997-ci il aprelin 7-də Azərbaycan Ordusunun 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu üzvlərinin işğal altında olan Xocavənd istiqamətində göstərdikləri qəhrəmanlıq bu gün də dillər əzbəridir. Kəşfiyyatçılarımız həmin gün düşmənin içərilərinə doğru 40 kilometr irəliləyərək Xocavənddə və Hadrutda olduqca mühüm kəşfiyyat tapşırıqlarını yerinə yetirdilər. Lakin geri qayıdarkən ermənilərlə üz-üzə gəldilər. Düşmən onlara təslim olacaqları halda sağ qalacaqlarına zəmanət versə də, kəşfiyyatçılarımız təslim olmayıb döyüşə atıldılar. Mühasirədə olmalarına baxmayaraq, müxtəlif manevrlər edərək düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdilər. Lakin qüvvələr bərabər deyildi. Qrupun 7 üzvü hərbi sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün bir yerə yığışaraq özlərini əl qumbarası ilə partlatdılar. Dəstənin 8-ci üzvü - çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşdü. Deyilənə görə, ermənilər şəhid olmuş 7 kəşfiyyatçımızın nəşinin üstünə gül ləçəkləri tökərək öz əsgərlərinə nümunə göstəriblərmiş, baxmayaraq ki, onlardan belə etiraf gözləmək çətindir.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində 6 aydan sonra geri alındı. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olundular və hər biri ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşən qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da əsirlikdən xilas etdi.
Bu günlər həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dinar Mustafayevin ailə üzvləri ilə görüşdük. Anası Firəngiz xanım oğlunun vətənpərvərliyindən danışdı, bacıları Əsli, Yazanə, Turac və Şəfəq qardaşları haqqında yaddaşlarında qalmış hadisələri xatırladılar. Öyrəndik ki, Dinar 1977-ci ildə Qərbi Azərbaycanın Kəmbərək rayonu Gölkənd kəndində anadan olmuşdu. 1988-ci ildə ermənilər Qarabağda torpaq iddiasına düşəndə onların da ailəsi yurdlarından qaçqın düşüb Azərbaycana köçdü. İlk məskunlaşdıqları yer Şəmkirin Ələsgərli kəndi oldu. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzündən hiddətlənən, 1992-ci ildə Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliyə dözə bilməyən Dinar hərbi komissarlığa gələrək cəbhəyə getmək istədiyini bildirdi. Lakin yaşı az olduğundan onu orduya götürmədilər. Anası deyir ki, məskunlaşdıqları kəndin qəbiristanlığı evlərinin yaxınlığında idi: "Dinar hər dəfə qəbiristanlığın yanından keçib evə gələndə deyirdi ki, gec-tez mən də şəhid olacam və məni də həmin qəbiristanlıqda dəfn edərsiniz".
Bu gün ailənin evində Dinarın adına otaq ayrılıb. Orada çoxlu sayda şəkillər və müxtəlif əşyalar saxlanılır. Bu əşyalardan biri ağ əsgər örtüyüdür. Bacısı Əsli bildirdi ki, Dinarın qarda geyindiyi örtükdür: "Bir dəfə evə gələndə bizə dedi ki, mən şəhid olanda bu örtüyü mənə kəfən kimi geyindirərsiniz".
Əşyalar arasında Dinarın xatirə dəftəri diqqətimizi özünə cəlb etdi. Açıb oxuduq. Hər səhifəsində vətənpərvərlikdən, doğma yurda məhəbbətdən bəhs olunurdu. Yazdığı xatirələrdən biri belə idi: "Mən döyüş bölgəsində dayanıb Ağdama baxıram. Ermənilərin Ağdamda olan evlərə necə girib-çıxmağına baxa bilmirəm. Qismət olsun, torpaqlarımızı alıb, yurdlarımıza sahib çıxacağıq".
Doğmaları ilə söhbətdən o da məlum oldu ki, Dinar yaxşı qarmon çalırmış. Hətta anasına bir dəfə deyib ki, düşmənə qalib gələndən sonra gəlib onun üçün həyətlərində istədiyi mahnını ifa edəcək.
Vətənin keşiyində öz sinələrini sipər edən bu məğrur Azərbaycan övladlarının əziz xatirəsi dövlətimiz tərəfindən daim uca tutulur. 2005-ci ildə Dinar və onun kəşfiyyat yoldaşları Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən naminə" ordeni ilə təltif olunmuşlar. Bundan başqa, onların xatirəsinə "8 oğul istərəm" və "Kəşfiyyatçılar" sənədli filmləri çəkilmişdir. Şəmkir şəhərində isə Dinar Mustafayevin adını daşıyan küçə var.
Sabir ƏLİYEV,
"Azərbaycan"