Son illər Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində atılan addımlar real nəticələrlə müşayiət olunur. Dövlət biznesə yanaşmasını dəyişib: artıq yalnız nəzarət etmir, eyni zamanda sahibkarlara dəstək olur və onların inkişafını təşviq edir. Xüsusən kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlar iqtisadi fəallığın güclənməsinə xidmət edir.
Azərbaycanda bu biznes subyektləri həm də məşğulluğun artırılmasında və innovasiyaların tətbiqində, eləcə də rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılmasında vacib rol oynayır. Həmçinin iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə sahibkarlara dövlət dəstəyi mexanizmləri ardıcıl şəkildə genişləndirilir. Bu baxımdan, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Maliyyə resurslarına çıxışın sadələşdirilməsi, vergi və gömrük güzəştləri, idarəetmə və struktur islahatları, eləcə də təlim və məsləhət xidmətləri sahibkarların fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Dövlət və özəl sektor arasındakı əməkdaşlıq prinsipləri biznes mühitinin sağlam inkişafını təmin edir və yeni iqtisadi perspektivlər açır.
Sahibkarlara dövlət dəstəyi çərçivəsində güzəştli kreditlər, zəmanətlər və subsidiyalar bir çox biznes ideyasının həyata keçməsini mümkün edir. Əvvəllər maliyyə çatışmazlığı səbəbindən fəaliyyətə başlaya bilməyən və ya genişlənməkdə çətinlik çəkən sahibkarlar üçün indi bu dəstək mühüm stimul rolunu oynayır. Onun miqyası və real təsiri rəqəmlərdə də aydın şəkildə öz əksini tapır: bu il yanvarın 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 684 milyon manat kredit verilib ki, bunun da 147 milyon manatı 2025-ci ilin payına düşüb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci il noyabrın 29-da imzaladığı fərmanla ilk dəfə olaraq Azərbaycanda sahibkarların müvəkkil banklardan milli valyutada aldıqları kreditlərə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiya edilməsi mexanizmi tətbiq olunmağa başlanılıb. Bu mühüm qərar bankların kredit risklərinin azalmasına da şərait yaradıb. Qeyd edək ki, sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və kreditlər üzrə ödəniş yükünü yüngülləşdirmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına fond tərəfindən 2018-2024-cü illər ərzində sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərə görə, ümumilikdə 47,4 milyon manat subsidiya ayrılıb. Bu dəstək minlərlə sahibkarın fəaliyyətini davam etdirməsinə və biznesini genişləndirməsinə real imkan yaradıb.
Mexanizm çərçivəsində indiyədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay olub. Faiz subsidiyası hesabına sahibkarların ödəyəcəyi kreditlərin faktiki illik faiz dərəcəsi 6,8 faizə qədər endirilib. Hər bir sahibkara ayrılan kreditin həcmi isə biznesin ehtiyacına uyğun olaraq 30 min manatdan 5 milyon manata qədər dəyişib ki, bu da həm kiçik, həm də iri sahibkarlığın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırır. Kreditlər, əsasən, sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastruktur layihələrinə, həmçinin maşın və avadanlıq istehsalına, ticarət və xidmət sahələrinə yönəldilib. Fondun zəmanət və faiz subsidiyası mexanizmi ilə sahibkarlara ayrılan bu kreditlər vasitəsilə həyata keçiriləcək layihələr nəticəsində 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu da təbii ki, iqtisadi fəallığın artmasını və regionlarda məşğulluğun genişlənməsini təmin edəcək.
Dövlətin sahibkarlara göstərdiyi dəstək yalnız maliyyə resursları ilə məhdudlaşmır. Paralel olaraq həyata keçirilən təlim proqramları, maarifləndirmə tədbirləri və məsləhət xidmətləri biznes subyektlərinin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Xüsusilə gənc sahibkarlar və startaplar üçün yaradılan bu imkanlar yeni və innovativ ideyaların real iqtisadi nəticələrə çevrilməsinə şərait yaradır. Regionlarda sahibkarlığın sistemli şəkildə təşviqi isə yerli məşğulluğun genişlənməsinə, iqtisadi fəallığın artmasına və əhalinin sosial rifahının yüksəlməsinə imkan verir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə biznes mühitinin əlverişli şəraitlə təmin edilməsi, sahibkarlara maliyyə və hərtərəfli dəstəyin göstərilməsi, həmçinin biznesin fəaliyyətini asanlaşdıran qanunvericilik təşəbbüsləri iqtisadiyyatın dayanıqlı inkişafı üçün yol açır. Prezident İlham Əliyev sahibkarlarla müntəzəm görüşlər keçirir, yeni müəssisələrin açılışlarında iştirak edərək, onların fəaliyyətinə dövlət tərəfindən verilən dəstəyin əhəmiyyətini bir daha vurğulayır. Bu addımlar sahibkarların sosial məsuliyyətini artırır, biznes mühitində pozitiv dinamikanı gücləndirir.
Bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu (BİF), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə sahibkarlarının maliyyə, təlim və məsləhət dəstəyi ilə bağlı fəaliyyətini uğurla davam etdirir. Dövlətin sahibkarlığa göstərdiyi hərtərəfli diqqət və dəstək milli iqtisadiyyatın inkişafına təkan verir, neftdənkənar sahənin güclənməsinə xidmət edir. Nəticə etibarilə sahibkarlara göstərilən dövlət dəstəyi ölkə iqtisadiyyatının güclənməsində, rəqabət qabiliyyətinin artmasında və sosial sabitliyin qorunmasında mühüm rol oynayır. Bu siyasətin davamlı və sistemli şəkildə həyata keçirilməsi gələcəkdə daha güclü biznes mühitinin formalaşacağına inam yaradır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"