29 Yanvar 2026 08:05
12172
SİYASƏT
A- A+
Müasir çağırışlara cavab verən uğurlu strategiya

Müasir çağırışlara cavab verən uğurlu strategiya


Azərbaycan bərpaolunan enerjiyə keçiddə də liderlik edir


XXI əsrin ikinci onilliyindən etibarən dünya miqyasında enerji siyasətində köklü dəyişikliklər müşahidə olunur. Qlobal iqlim dəyişikliklərinin sürətlənməsi, atmosferə atılan karbon emissiyalarının artması və bu proseslərin yaratdığı ekoloji və sosial risklər dövlətləri enerji istehsalı və istehlakı modellərinə yenidən baxmağa vadar edir. Bu mənada bərpaolunan enerji mənbələri, günəş, külək, hidroenerji və digər alternativ enerji növləri ekoloji seçim olmaqla yanaşı, strateji prioritet kimi də çıxış edir.

Azərbaycan bu qlobal çağırışlara cavab verən ölkələr sırasındadır. Uzun illər ərzində neft və qaz sektorunda formalaşmış iqtisadi potensialdan və institusional təcrübədən istifadə edən ölkəmiz son dövrdə enerji siyasətində şaxələndirmə xəttini gücləndirərək "yaşıl enerji"nin inkişafını milli strateji məqsəd səviyyəsinə yüksəldib. Bu, həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edir. 

Milli enerji strategiyasında bərpaolunan enerji mənbələrinin payının artırılması əsas hədəf kimi müəyyən edilib. Rəsmi planlara əsasən, 2030-cu ilədək elektrik enerjisi istehsalında "yaşıl enerji"nin payının 30-35 faiz səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu məqsədə nail olmaq üçün yaxın illərdə günəş və külək enerjisi üzrə 2250 meqavatdan artıq yeni gücün istismara verilməsi planlaşdırılır.

Son illərin statistik göstəriciləri Azərbaycanın enerji sektorunda baş verən transformasiyanın real nəticələr verdiyini nümayiş etdirir. Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsal gücü təxminən 10 min meqavat təşkil edir. Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimində bununla bağlı bildirib: "Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək".

Bu gücün 21 faizdən bir qədər çox hissəsi artıq bərpaolunan enerji mənbələrinin payına düşür. Bu göstərici bir neçə il əvvəlki vəziyyətlə müqayisədə əhəmiyyətli irəliləyiş deməkdir və "yaşıl enerji" sahəsində aparılan institusional islahatların, eləcə də investisiya siyasətinin effektivliyini təsdiqləyir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, son beş il ərzində günəş enerjisi istehsalı on dəfədən çox artıb, hidroenerji istehsalında isə təxminən üç dəfə genişlənmə qeydə alınıb. Bu dinamika ölkənin mövcud təbii resurslarından daha rasional və səmərəli şəkildə istifadə etməyə başladığını göstərir və enerji sektorunda struktur dəyişikliklərinin artıq praktiki mərhələyə keçdiyini sübut edir. 

Azərbaycanın "yaşıl enerji" strategiyası əsasən üç istiqamət üzərində qurulub: günəş, külək və hidroenerji. Bu seçim ölkəmizin coğrafi mövqeyi, iqlim xüsusiyyətləri və təbii resurs potensialı ilə birbaşa bağlıdır. Günəş enerjisi sahəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası xüsusi əhəmiyyət daşıyır. Yüksək günəş radiasiyası səviyyəsi bu ərazilərin "yaşıl enerji" zonaları kimi formalaşdırılmasına imkan verir. Bu, eyni zamanda postmünaqişə dövründə azad edilmiş ərazilərin dayanıqlı inkişaf modelinin qurulmasına xidmət edir. 

Külək enerjisi üzrə isə Abşeron yarımadası və Xızı bölgəsi əsas mərkəzlər kimi çıxış edir. Bu ərazilərdə külək potensialının yüksək olması iri güclü elektrik stansiyalarının tikintisini iqtisadi cəhətdən səmərəli edir. 

Bununla yanaşı, dağlıq və dağətəyi regionlarda mövcud çay resurslarından istifadə etməklə kiçik və orta güclü hidroelektrik stansiyaların qurulması da enerji siyasətinin mühüm komponentlərindən biridir. Bu isə regionların enerji təminatını gücləndirir və mərkəzləşdirilmiş enerji sisteminə düşən yükü azaldır. 

Hazırda ölkəmizdə bərpaolunan enerji stansiyaları fəaliyyət göstərir. 2027-ci ilədək ümumi gücü 2 min meqavatdan artıq olan "yaşıl enerji" layihələrinin icrası nəzərdə tutulur.

Bütün bunlar bir tərəfdən ölkənin daxili enerji tələbatının daha dayanıqlı və ekoloji cəhətdən təmiz mənbələr hesabına ödənilməsinə imkan yaradır, digər tərəfdən isə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına şərait formalaşdırır. Daha uzunmüddətli perspektivdə, yəni 2031-2037-ci illər üçün Azərbaycanın bərpaolunan enerji sahəsində əlavə 21 qiqavat güc yaratmaq niyyəti ölkənin regional enerji xəritəsində mövqeyini köklü şəkildə dəyişə biləcək ambisiyalı hədəf kimi qiymətləndirilir.

Ölkəmizin "yaşıl enerji" strategiyasında beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Aparıcı maliyyə institutları və qlobal enerji şirkətləri ilə qurulan tərəfdaşlıqlar yeni texnologiyaların, müasir idarəetmə modellərinin və maliyyə resurslarının cəlb edilməsinə imkan verir. Avropa Bərpa və İnkişaf Bankının artıq 1,2 qiqavat gücündə bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməsi bu sahədə beynəlxalq etimadın göstəricisidir. Həmçinin Qarabağ bölgəsində iri günəş-elektrik stansiyasının tikintisi üzrə xarici enerji şirkətləri ilə imzalanan sazişlər Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 

Bununla yanaşı, planlaşdırılan "yaşıl enerji" dəhlizləri vasitəsilə elektrik enerjisinin Avropa və Mərkəzi Asiya bazarlarına ixracı ölkəni tədricən "yaşıl enerji" ixracatçısına çevirməyi hədəfləyir. Azərbaycan 2050-ci ilədək emissiyaların 40 faizədək azaldılması üzrə könüllü öhdəlik götürüb, COP29 çərçivəsində isə enerji saxlanması, "yaşıl enerji" zonaları və hidrogen üzrə qlobal təşəbbüslərlə çıxış edərək beynəlxalq iqlim gündəliyində fəal mövqeyini ortaya qoyub. Bütün bu təşəbbüslər Avropa İttifaqı üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi dayanıqlılığını da gücləndirir. 

Onu da qeyd edək ki, Azərbaycanın "yaşıl enerji" siyasəti möhkəm normativ-hüquqi əsaslar üzərində qurulub. 2019-cu il 29 may tarixli "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" sərəncam enerji bazarının liberallaşdırılması, rəqabətli mühitin formalaşdırılması və bərpaolunan enerjiyə keçidin etibarlı idarəetmə bazasının əsasını yaradıb. 2021-ci il 31 may tarixli "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun isə "yaşıl enerji" layihələrinin hüquqi, iqtisadi və təşkilati mexanizmlərini müəyyənləşdirərək dövlət dəstək alətlərini tənzimləyən əsas normativ sənəd kimi çıxış edir. Bu, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında aşağı karbonlu iqtisadiyyatın qurulması hədəfləri ilə tamamlanır.

"Yaşıl enerji" siyasətində innovativ texnologiyaların tətbiqi də prioritet istiqamətlərdəndir. Böyükşor gölündə istifadəyə verilmiş üzən günəş panelləri ölkəmizdə bu sahədə ilk pilot nümunədir və gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin icrasına zəmin yaradır. 

Azərbaycan "yaşıl enerji" sahəsində regional inteqrasiyanı da fəal şəkildə genişləndirir. "Xəzər-Qaradəniz-Avropa", "Mərkəzi Asiya-Azərbaycan" və "Azərbaycan-Türkiyə-Avropa" "yaşıl enerji" dəhlizləri üzrə imzalanmış çoxtərəfli sazişlər ölkəmizi qitələrarası "yaşıl enerji" ötürülməsində mühüm tranzit mərkəzinə çevirir. 

Aparılan təhlillər göstərir ki, Azərbaycanın "yaşıl enerji" siyasəti artıq konseptual mərhələni geridə qoyaraq praktik icra mərhələsinə keçib. Enerji balansında bərpaolunan mənbələrin payının artması, irimiqyaslı layihələrin reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişlənməsi ölkəmizi regionda "yaşıl enerji" liderlərindən birinə çevirir. "Yaşıl enerji" bu gün Azərbaycan üçün enerji təhlükəsizliyinin ekoloji məqsədlərə xidmət edən fəaliyyətin və geosiyasi mövqelərin möhkəmləndirilməsinin mühüm alətidir. Bu sahədə 2030-cu il və sonrakı dövr üçün müəyyən edilən strateji hədəflər isə ölkəmizin davamlı enerji inkişafı yolunda güclü idarəetmə əsaslarına və texniki zəminə malik olduğunu göstərir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada etiraz aksiyaları yenidən şiddətlənib

18:51
23 Noyabr

Marian çökəkliyinin ən dərin hissəsində vulkanizm izləri aşkarlanıb  

18:49
23 Noyabr

İnsanların ən sürətlə qocaldığı yaş dövrləri açıqlanıb

18:31
23 Noyabr

Ukraynanın Zaporojye şəhərinə hava zərbəsi endirib, 3 nəfər həlak edib

18:20
23 Noyabr

Azərbaycan və Rumıniya “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasını dəyərləndirib  

18:19
23 Noyabr

Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:17
23 Noyabr

Buxarestdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib  

18:16
23 Noyabr

Özbəkistanda qədim mağara məskənləri və qayaüstü rəsmlər aşkarlanıb  

18:13
23 Noyabr

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

 Kənd təsərrüfatının inkişafında elmin rolu

17:44
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:24
23 Noyabr

Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı  

16:59
23 Noyabr

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

16:49
23 Noyabr

NATO Parlament Assambleyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb  

16:43
23 Noyabr

“AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

16:32
23 Noyabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

16:26
23 Noyabr

Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

16:19
23 Noyabr

Rusiyanın Novoşaxtinsk neft emalı zavodu fəaliyyətini dayandırıb  

16:08
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!